Dünya

Ukraynada ZTR-lər ələ keçirildi, yeni "respublika" yaradıldı - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

16 Aprel 2014 18:02
7 Şərh     Baxış: 6 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:02

Aprelin 16-da Piyadaların Döyüş maşınlarının üzərində Rusiya bayrağı qaldıran, Donetsk vilayətinin Slavyans və Kramotorsk şəhərlərində etirazçıların tərəfinə keçən Ukrayna hərbçiləri bu hərəkətin səbəbini açıqlayıblar. Milli.Az-ın Vesti.ru-ya istinadən məlumatına görə, hərbçilər deyirlər ki, Ukraynanın yeni hakimiyyəti artıq 4 gündür ki, onlara yemək vermir.

"Biz xalqa qarşı mübarizə aparmamaq və belə hökuməti müdafiə etməmək qərarına gəlmişik", - heyət üzvlərindən biri deyib.

Bundan əvvəl bir sıra mətbuat orqanlarında rus tanklarının Ukrayna ərazisinə daxil olduğunu yazıblar. Sonradan Rusiya mətbuatında yazılan xəbərlərə görə isə üzərində Rusiya bayraqları olan zirehli texnikalar Ukraynaya məxsusdur. Ukraynalı hərbçilər rus bayrağı qaldırıblar. RİA Novosti xəbər verir ki, həmin hərbçilər öz silahlarını etirazçılara veriblər.

РСН radiosunun hadisə yerində olan müxbiri bildirir ki, Slavyansk şəhərində sakinlərin tərəfinə keçənlər 25-ci aeromobil briqadanın hərbçiləridir. Şəhərə 5 piyadaların döyüş maşını və bir yük avtomobili daxil olub. Əsgərlərin qollarına Georgievsk lentləri bağlanılıb. Onların formasında başqa nişan olmayıb. Müxbirin məlumatına görə, yerli əhali gələn hərbçiləri alqışla qarşılayıb.

Ukrayna hökumətindən verilən məlumata görə isə hərbçilər bilərəkdən Rusiya bayraqları ilə şəhərə daxil olublar. İnterfaks "Batkivşina" fraksiyasının rəhbəri Sergey Sobolevə istinadən xəbər verir ki, hərbçilər federallaşma tərəfdarları olan əraziyə girmək üçün bu addımı atıblar.

---------
17:39

Ukraynanın Donetsk vilayətindəki Kramators şəhərindəki "könüllülər" şəhərdəki zirehli texnika ilə bağlı açıqlama yayıblar.

Milli.Az "Ukrainskaya Pravda"ya istinadən bildirir ki, Rusiya bayrağı ilə hərəkət edən 6 ZTR Slavyansk şəhərində peyda olublar. Onlar şəhər sovetinin binasının qarşısında durublar.

"Antimaydan" bildirir ki, bu ZTR-ləri "könüllülər" Ukrayna hərbçilərinin əlindən alıblar.


Ukrayna müdafiə naziri səlahiyyətlərini icra edən Mixail Koval isə baş verənləri aydınlaşdırmaq üçün bölgənin şərq vilayətlərinə yollanıb.

Jurnalist İlya Azar Twitter-də bildirib ki, yerli sakinlər ukraynalı hərbçilərlə danışıqlar aparandan sonra ZTR-lər etiraz aksiyasına qatılanların tərəfinə keçib.

"Ostrov"un məlumatına görə, danışıqlarda tanınma nişanları olmayan və kimliyi bilinməyən hərbçilər iştirak ediblər.

----------
16:52


Ukrayna Ali Radası ölkənin şərqində keçirilən antiterror əməliyyatlarının dəstəklənməsi haqqında qərar qəbul edib. Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Baş nazirin birinci müavini Vitali Yarema parlamentin güc nazirlikləri rəhbərlərinin iştirakı ilə keçirilən qapalı iclasından sonra bəyan edib.
 

V.Yarema deyib ki, bu gün Ukraynanın şərqində asayişin və ölkəmizin bütövlüyünün təmin olunması məqsədi ilə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və bütün güc strukturları tərəfindən keçirilən əməliyyatların dəstəklənməsi haqqında qərar qəbul edib".

Xatırladaq ki, son günlər Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqanskda federallaşma tərəfdarlarının mitinqləri keçirilir.


---------
15:12

Ukraynanın Odessa vilayətindəki Rusiyaya meylli separatçılar "Odessa Xalq Respublikası"nın yaradıldığını bəyan ediblər.

Odessadakı "Antimaydan"ın yaydığı bəyanatda deyilir: "Bu gündən etibarən Odessa vilayəti Odessa Xalq Respublikasıdır. Hakimiyyət yalnız bu ərazidə yaşayan xalqa məxsusdur".

Bundan başqa, şəhər sakinləri küçələrədə mümkün qədər çox tıxac yaratmağa və avtomobillərin hərəkətinə mane olmağa çağırılıb.

---------
13:57


Bu səhər Donetsk şəhərinin meri Aleksandr Lukyançenkonun ATƏT missiyasının nümayəndələri ilə görüşü zamanı Şəhər şurasının binasına silahlı şəxslər daxil olublar.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, hazırda binada 50-yə yaxın avtomat, dəyənək və tüfənglə silahlanmış adam var. Onlar arasında snayperlər də görünür.

Silahlı şəxslər Ali Radadan yerli referendumların keçirilməsi barədə qərar qəbul etməyi tələb edirlər.

Hazırda Kramatorsk şəhərinin Orconikidze küçəsində 5 ədəd üzərində Rusiya bayrağı olan tank var. Onlar Slavyansk şəhəri istiqamətində hərəkət edirlər. Tanklar hərbçilərin müşayiəti ilə hərəkət edirlər.

Jurnalist Artyom Şevçenko özünün Facebook səhifəsində yazıb ki, Kramotorsk şəhərində də Rusiya bayrağı ilə zirehli texnikalar hərəkət edir. Texnikaların sayı 10 ədəddir.

"Texnikanın üstündə "yaşıl adamcıqlar" dayanıblar", - o qeyd edib.

-----------
13:36

Donetskdə 7 nəfər silahlı Şəhər şurasının binasını ələ keçirib.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bina ələ keçirilərkən atəş açılmayıb.

Naməlum silahlılar Donetsk Şəhər şurasında olan şəxslərdən binanı tərk etməyi xahiş ediblər. Hazırda onlar binadan sənədləri çıxarırlar.

---------
09:53

"Yaşıl adamcıqlar" artıq Donetçina şəhərində də peyda olub.


Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə jurnalistlərə separatçılardan azad edilmiş Kramatorsk aerodromunda Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini, Antiterror mərkəzinin rəhbəri Vasili Krutov bildirib.

"Mən Ukrayna xüsusi xidmət bölmələrinə daxil olan iki rəqəm deyəcən. İki gün öncə "yaşıl adamcıqlar" adlandırılan 150 nəfər var idi. Ötən gün isə daha 300 nəfər gəlib. Sabah nə qədər olacaq, həyat göstərəcək", - o qeyd edib.

"Yaşıl adamcıqlar" Rusiya silahlı qüvvələrinə mənsub olduğu deyilən əsgərləri adlandırırlar. Onların heç birində xüsusi nişan yoxdur.

"Həmin adamlar Ukrayna ərazisinə necə gəlir?"  sualına isə Krutov belə cavab verib: "Peşəkarlar üçün sərhədi keçmək bizim uşaq vaxtı kinoya getməyimiz kimi bir şeydir. Burada müzakirə olunası nə var ki?"

O həmçinin bildirib ki, Ukraynada peşəkarcasına hazırlanmış, qaynar nöqtələrdə iş təcrübəsi olan xüsusi təyinatlılar var.

"Biz kifayət qədər peşəkar opponentlə üz-üzəyik. Onlar kifayət qədər peşəkar davranırlar. Hazırlıq səviyyələri, taktiki bilikləri və təcrübələri yüksək səviyyədədir. Bu adamlar artıq bir neçə qaynar nöqtələrdə olublar", - Krutov əlavə edib.

Hakimiyyətin desentralizasiyası vacibdir


Bu arada, Avropadan Ukraynaya hakimiyyətin desentralizasiyası ilə bağlı təklif gəlib. Ukraynanın xarici işlər naziri vəzifələrinin müvəqqəti icraçısı Andrey Deşitse ilə görüş zamanı Venesiya komissiyasının nümayəndə heyətinin  üzvləri ölkədə hakimiyyətin desentralizasiyasının vacibliyini qeyd ediblər. O cümlədən, yerli regional idarəetmə orqanlarında islahatlar aparılmasının vacibliyi qeyd olunub.

Deşitse isə öz növbəsində Ukrayna konstitusiyasına dəyişikliklər edilməsində Venesiya komissiyasının iştirakının vacib olduğunu deyib.

BMT yardım edə bilmir


Ukraynaya sülhməramlıların göndərilməsi hazırda mümkünsüzdür. Bu barədə isə BMT-nin baş katibi Pan Gi Mun bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının vəzifələrini müvəqqəti icra edən Aleksandr Turçinov Pan Gi Munla telefon danışığında ölkənin şərqinə BMT-nin sülhməramlılarının yeridilməsini xahiş etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirmişdi ki, "Ukraynanın bu təklifi heç bir məntiqə sığmır".

"Hazırda qoşun göndərilməsi, mənim fikrimcə, yolverilməzdir", - Pan Gi Mun Meksikanın "Reforma" qəzetinə müsahibəsində bildirib.

O xatırladıb ki, "Mavi dəbilqəliləri" regiona göndərmək üçün BMT Təhlükəsizlik Şurasının mandatı lazımdır.

"Təhlükəsizlik Şurasının dəqiq mandatı olmadan bu cür tədbirlər görə bilmərəm", - baş katib vurğulayıb.

Qeyd edək ki, Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqansk şəhərlərində federallaşma tərəfdarları mart ayından etibarən aksiyalar keçirirlər. Sonradan aksiyalar Donetsk vilayətinin digər şəhərlərinə də yayılıb.

Ukrayna hökuməti ordunun da cəlb olunması ilə etirazçılara qarşı xüsusi əməliyyat keçirib. Ən çox müqavimət isə Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərində olub.

Milli.Az


----------
14:33

Videonu izləmək üçün şəklə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.


----------
09:53

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.