Dünya

Moskvada azərbaycanlıların çalışdıqları bazar bağlandı, mindən çox miqrantı polis tutdu - YENİLƏNİB - VİDEO - FOTO

14 Oktyabr 2013 20:40
58 Şərh     Baxış: 13 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az APA-nın Moskvadan hazırladığı reportajı təqdim edir.

20:40

Tacikistanlı əmək miqrantı: "Ölkədə pis nə baş verirsə, bizdən bilirlər"

Rusiya paytaxtının Cənub dairəsi, Qərbi Biryulevo rayonu... Oktyabrın 13-də kütləvi iğtişaşın baş verdiyi ərazidəyik. Ətrafda polislərə, yerli sakinlərə və əmək miqrantlarına rast gəlmək mümkündür. "Skinhed"lərin hücumuna baxmayaraq, miqrantlar öz işlərinə davam edirlər. Bura Moskvanın ən çox əmək miqrantının çalışdığı və məskunlaşdığı rayonlarından biri, bəlkə də birincisidir.


Olayların baş verdiyi məkan

"Biryuza" ticarət mərkəzi hadisələrdən dərhal sonra bağlanıb. Mərkəzin qapılarına kilid vurulub. Qapıda duran təhlükəsizlik xidmətinin əməkdaşları heç bir suala cavab vermirlər. Şahidlər deyir ki, bir gün öncə bir qrup "skinhed" ticarət mərkəzinə daxil olaraq irqçi şüarlar səsləndirib, daha sonra isə qarşılarına çıxan qeyri-slavyanlara hücum ediblər. Biryulevo sakini Sergey Maykov olayları dəhşət içində xatırlayır: "Biz qorxu içərisində yaşayırıq. Bu rayonda o qədər miqrant yaşayır ki, baş verənlərdə kimin günahkar olduğunu müəyyənləşdirmək çox çətindir. Oktyabrın 10-da bizim rayonun sakinini bir miqrant vəhşicəsində öldürüb. Sakinlər də həmin qatilin cəzalandırılmasını tələb ediblər. Gördüyünüz bu ticarət mərkəzinin qarşısında hər gün qarma-qarışıqlıq olur. Miqrantlar daha çox bura yığışırlar. Demək olar ki, hər gün burdan səs-küy və dava səsləri eşitmək olur".

Hazırda rayon ərazisində və konkret olaraq iğtişaşın baş verdiyi ərazidə sakitlik hökm sürür. Dağıdılan dükanlar, küçələrdəki zibillər və aşırdılmış avtomobillər yığışdırılıb.
 

Qərbi Biryulevo sakini: "Bizim rayon kriminal içində boğulur"

Rayon sakini Yelena Vasilyevna hadisə baş verən vaxt ticarət mərkəzində olub: "Gənclərdən ibarət bir qrup şəxs miqrantlara hücum etdi və onları vəhşicəsinə döyməyə başladılar. Cəld hadisə yerindən uzaqlaşdım. Daha sonra baş verənləri televiziyada izlədim. Dəhşətdir. Bizim rayon kriminal içində boğulur. Axşam işdən evə qayıdanda buradan keçmək mümkün deyil. Küçəyə çıxmağa qorxuruq".


İğtişaşa səbəb olan qətl

25 yaşlı İqor Şerbakov da bu rayonun sakini olub. Oktyabrın 10-da evinin qarşısında, nişanlısının yanında bir miqrant tərəfindən bıçaqla qətlə yetirilib. Moskva polisi artıq qatilin Rusiya vətəndaşı olmadığını təsdiqləyib. Qətl hadisəsindən sonra yüzlərlə rus millətçisi - "skinhed"lər qatilin tapılmamasına etiraz edərək Qərbi Biryulevoda kütləvi iğtişaş törədib. İ. Şerbakovla bir binada yaşayan Andrey bildirir ki, artıq cinayətin üstündən 4 gün keçib, qatil isə hələ tapılmayıb: "Biz qonşumuzu qətlə yetirənin tez bir zamanda tapılmasını və layiqli cəzasını almasını tələb edirik. Dünən etiraza qalxanlar arasında əksəriyyət Qərbi Biryulevonun sakinləri və İqor Şerbakovu tanıyanlar idi. Orada millətçilərin sayı az idi. Biz dinc etiraz aksiyası keçirmək istəyirdik. Kimlərsə bundan istifadə edib, aləmi qatdı bir-birinə... Biz artıq bezmişik. İqorun qətli rayon əhalisinin səbr kasasını daşırdı".
 

Yerli sakin iğtişaş törədənlərə haqq qazandırdı


"Miqrantları döyənlər, avtomobilləri aşıranlar, ətrafa zərər verənlər bunu diqqət çəkmək üçün ediblər. Bizim başqa yolumuz yoxdur. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Lakin bir tədbir görülmür. Ona görə də diqqəti cəlb etmək üçün baş verənlərin olması qanunauyğun idi".

İ. Şerbakovun öldürüldüyü yerə gül çələngləri düzülmüşdü və mərhumun fotosu qoyulmuşdu. Onu tanıyanlar, qonşuları və reportaj hazırlamağa gələn Rusiya jurnalistləri həmin yeri ziyarət edirdilər.


Tacik miqrant: "Qorxu içərisində yaşayırıq"

Tacikistandan olan miqrant Şaxnoz hər gün öz ölkələrinə deportasiya olunmalarını gözləməkdən bezdiklərini deyir: "Biz də qorxu içərisində yaşayırıq. Ölkədə nə baş verirsə, bizdən bilirlər. Cinayəti kimi törədib, onu tutsunlar və cəzalandırsınlar. Bizim nə günahımız var? Bir nəfərin badına hamını güdaza verirlər. Artıq bezmişik. Lakin neyləyəsən, çörək pulumuzu burdan qazanırıq".
 

"OMON" "Pokrov" meyvə-tərəvəz bazasında reyd keçirir

Moskva xüsusi təyinatlı polisinin - "OMON"un reyd keçirdiyi "Pokrov" meyvə-tərəvəz bazasına yollandıq. Baza bağlanmışdı. Bütün piştaxtalar boş idi. "OMON" dəstələri bazada çalışan və ətrafda gözə dəyən bütün miqrantları yoxlayırdılar. Sənədləri yoxlanılan miqrantlar avtobuslara mindirilərək yaxınlıqdakı polis bölmələrinə aparılırdı.
 

Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var

Moskva Cənub dairəsi Polis İdarəsinin əməkdaşı Marat Buqulov APA-ya açıqlamasında oktyabrın 10-da İ. Şerbakovu qətlə yetirən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri keçirdiklərini bildirib: "Bazarda müxtəlif millətlərin nümayəndələri olur. Bura cinayətkarın gizlənməsi üçün əlverişli məkandır. Bugünkü reyd zamanı saxlanılan şəxslərin barmaq izləri götürülərək onların məlum cinayət hadisəsində iştirak edib-etməməsi yoxlanılacaq. Sənədləri qaydasında olan miqrantlar sərbəst buraxılacaq, qaydasında olmayanlar barəsində isə müvafiq tədbirlər görüləcək".

M. Buqulov saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.
 

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru: "Ümid edirik ki, bazar tezliklə açılacaq"

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də "Pokrov" bazasında çalışan həmyerlilərimizin taleyi ilə maraqlanmağa gəlmişdi. O, APA-ya açıqlamasında saxlanılanlar arasında azərbaycanlıların olduğunu təsdiqləyib: "Gördüyünüz kimi, bazar bağlanıb. Həm meyvə-tərəvəz bazası, həm də bazar qapalı elan olunub. Rusiya hüquq-mühafizə orqanları oktyabrın 10-da baş verən qətl hadisəsini törədən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri keçirirlər. Hər şey Rusiya qanunlarına uyğun aparılır. Bazarda çalışan həmyerlilərimizin sənədləri qaydasındadır. Saxlanılan şəxslər arasında həmyerlilərimiz də var. Lakin onların sayı çox azdır. Barmaq izləri götürüldükdən və onların məlum qətl hadisəsində iştirak edib-etmədikləri araşdırıldıqdan sonra bu şəxslər dərhal buraxılacaqlar. Sənədləri qaydasında olmayan həmyerlilərimiz barəsində isə tədbir görüləcək".
 

İ.Hacıyev bildirib ki, "Pokrov" bazarının rəhbərliyi azərbaycanlıdır: "Bazar rəhbərliyi burada çalışan azərbaycanlıların sənədlərini qaydasına salmaq üçün əlindən gələni edib. Ümid edirik ki, həm meyvə-tərəvəz bazası, həm də bazar tezliklə açılacaq. Azərbaycanlı sahibkarlar tərəvəz məhsullarının tez xarab olmasından narahatdırlar".
 

Qeyd edək ki, Rusiya rəhbərliyi paytaxtın Qərbi Biryulevo rayonunda baş verənləri nəzarətə götürüb. Prezident Vladimir Putin müvafiq göstərişlər verib. Cinayətkarın tapılması istiqamətində Rusiya hüquq-mühafizə orqanları geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirir.


----------
14:41

Minlərlə azərbaycanlının yaşadığı Birlyulyovo rayonunda qeyri-slavyan görkəmi olan şəxslərin küçəyə çıxması təhlükəli hesab olunur

Rusiya polisi Moskvanın Qərbi Biryulyovo rayonunda yerləşən "Pokrov" meyvə-tərəvəz bazasında əməliyyat tədbiri keçirib.

APA-nın xəbər verir ki, əməliyyat zamanı xüsusi təyinatlı polis dəstələri 1000 nəfərdən çox miqrantı saxlayıb.
 
Polisin keçirdiyi reyd nəticəsində içərisində milyonlarla rubl pul və müxtəlif tipli odlu və soyuq silah - 3 ədəd travmatik tapança, iki bıçaq və beysbol zopası olan avtomobil aşkar olunub.
 
-----------
13:33

Rusiya paytaxtında iğtişaşların baş verdiyi meyvə-tərəvəz bazası bağlanıb.

APA-nın verdiyi məlumata görə, "Rospotrebnadzor" yerli sakinlərin şikayəti əsasında ötən bazar günü iğtişaşların baş verdiyi Biryulyovo rayonunda yerləşən "Pokrov" meyvə-tərəvəz bazasının bağlanmasına qərar verib.
 
Bu gün səhər saatlarında meyvə-tərəvəz bazasının sanitariya günü ilə əlaqədar bağlandığı barədə məlumat yayılıb.
 
Qeyd edək ki, "Pokrov" meyvə-tərəvəz bazasında çoxlu sayda azərbaycanlı çalışır. 

---------
11:30

Rusiya polisi Moskvanın cənubunda baş verən hadisəni nəzarət altına alıb.

APA-nın məlumatına görə, bu barədə Moskvanın Cənub dairəsinin polis rəisi Aleksanr Polovinko bildirib. Onun sözlərinə görə, saat 23:00-a olan məlumatda deyilir ki, Cənub dairəsinin bütün rayonları polis nəzarətinə götürülüb.
 
--------
09:07

Rusiya paytaxtında yüzlərlə rus milliyətçisi olan "skinhed" Qafqaz və Orta Asiyadan gələn miqrantlara hücum edib. APA xəbər verir ki, hadisə dünən paytaxtın Biryulyovo rayonunda baş verib.
 
Rus milliyətçiləri oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatilinin tapılmamasına etiraz edərək, Qafqaz və Orta Asyadan olanların çalışdığı  "Biryuza" ticarət mərkəzinə hücum ediblər. Nəticədə 5 nəfər Orta Asya ölkələrindən olan şəxs ölümcül döyülüb. Onlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilib.
 
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus milliyətçiləri polislərə də müqavimət göstəriblər. Daş-kəsək və dəmir alətlərlə onlara xəsarət yetirilib.
 
Ticarət Mərkəzinə daxil olan milliyətçiləri sakitləşdirmək mümkün omayıb. Onlar mağazalara, ətrafda yerləşən obyektlərə və avtomobillərə  ciddi zərər yetiriblər. Vəziyyətin getdikcə gərginləşdiyini görən Moskva Baş Polis İdarəsi hadisə yerinə çoxlu sayda OMON dəstələri yeridib.
 
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Biryulyovo rayonunda baş verən hadisə ilə bağlı təcili göstərişlər verib. Rayonda yerləşən meydana yığışanları dağıtmaq üçün "Vulkan" kod adı altında əməliyyat keçirilib. Nəticədə 200 nəfər saxlanılıb.
 
Qeyd edək ki, oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatili hələ də tapılmayıb. Çoxlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı görkəmli şəxsin törətdiyi bildirilib. Qatilin hələ də tapılmamasına etiraz edən yüzlərlə rus milliyətçisi paytaxtda yaşayan qeyri-slavyanlara qarşı hədə-qorxu və milli zəmində sərt irqçi şüarlar səsləndiriblər. Hazırda Biryulyovo rayonunda küçələrdə qeyri-slavyan görkəmli şəxslərin gəzməsi təhlükəli hesab olunur.
 
Bu dəqiqələrdə də Biryulyovo küçələrində qruplar şəklində "skinhed"lərə rast gəlmək mümkündür. Polis dəstələri milliyətçiləri ərazidən uzaqlaşdırmaqda çətinlik çəkir.
 
Onu da qeyd edək ki, Biryulyovo rayonunda çoxlu sayda azərbaycanlı yaşayır. Paytaxtın ən böyük meyvə-tərəvəz bazası olan "Pokrov" bazarı da bu rayonda yerləşir. Həmin bazarda çoxlu sayda həmyerlimiz çalışır.
 
Ekspertlər İqor Şerbakovun qətli ilə bağlı yaranan bu hadisəni 2010-cu ildə "Manej" meydanında baş verən hadisə ilə müqayisə edirlər. Belə ki, "Spartak" klubunun azarkeşi Yeqor Sviridovun qafqazlılarla dava zamanı öldürülməsi faktının təhqiqatını tələb edən minlərlə şəxs "Manej" meydanında aksiya keçirib. Aksiya iştirakçıları yaxınlıqdakı metro stansiyalarına gələrək, qeyri-slavyan görkəmli insanları, əsasən qafqazlıları döyməyə başlayıblar.
 
Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin İqor Şerbakovun qatilinin yaxalanması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, artıq şübhəli şəxs qismində bir neçə nəfərin şəxsiyyəti müəyyən edilib: "Qətli törədənin Rusiya vətəndaşı olmadığı məlumdur. Cinayəti tərədən şəxsin anket məlumatları hazırlanır ki, onun barəsində axtarış elan edilsin".  

Milli.Az


-----------
14:13

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Yeni Müsavat

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.