Video

Məşhur Hacıqabul gölü üçün həyəcan təbili çalınır - VİDEO

22 Avqust 2012 19:53
Baxış: 650
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycanın ən böyük göllərindən sayılan Hacıqabul gölü artıq quruyaraq bataqlığa çevrilir. Bir vaxtlar istirahət ərazisi və yay düşərgəsi kimi ad çıxaran Hacıqabul gölündən gələn üfunət qoxusu bir neçə metrlikdən baş
çatladır. Sovetlər dönəmində bu gölün sahilində balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olsa da, indi həmin abu-havadan əsər-əlamət qalmayıb.

Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, həmin ərazidə turizm imkanlarının araşdırılması və bu sahəyə investisiya qoyulması ilə bağlı təkliflər hazırlanaraq onlara göndərilib. Göl baxımsızlıq, Kürlə qidalanmasının qarşısı kəsilməsi, mədən və kanalizasiya sularının bura axıdılması səbəblərindən ekoloji fəlakət zonasına çevrilib. Bunun da nəticəsində canlı aləm tamamilə məhv olub. Yayda isə Hacıqabul və Şirvan şəhərlərini göldən gələn üfunət iyi bürüyür.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Sahib Aslanov bildirdi ki, vaxtilə Hacıqabul gölündə tonlarla balıq tutulub, orada 54 növ bataqlıq quşları olub. Hansı ki, bu quşlardan beşinin adı "Qırmızı kitab"a düşüb. Hacıqabul gölü 60-cı illərə qədər Kür çayı ilə
qidalanırdı. Sonralar Mingəçevir Su Anbarının yaradılması, Kür çayında səviyyənin tənzimlənməsi və Hacıqabul gölünün qurumasına gətirib çıxarırdı. Göl qurumasın deyə, Kür çayından ora 6 kilometrlik şor Kür kanalı çəkilmişdi və gölün qidalanmasını təmin etmişdi. Lakin sonralar bu kanal müəyyən məişət tullantıları ilə tutulmuş və qidalanması dayanmışdı. Hazırda göldə quruma gedir. Bu kanal bərpa olunarsa, Hacıqabul gölünü əvvəlki vəziyyətinə qaytarmaq da olar. Canlı flora və fauna da burada yenidən canlanar.

Sonda onu da qeyd edək ki, Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. Gölün sahəsi 8.4 kvadrat kilometr, suyu durğundur və qışda donmur. Dərinliyi 5 metrdir. Hacıqabul gölü köçəri quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malikdir. Suyu ilıq
olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir. Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



Məqalədə:

Şərhlər: