İdman

Bakıda Dünya çempionatı: iki bokçumuz qızıl medal qazandı - FOTO - YENİLƏNİB

3 May 2010 19:15
Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
3 may, 2010

Bakıda keçirilən gənclər arasında boks üzrə dünya çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə final qarşılaşmasında irlandiyalı rəqibi Riyan Burnetti məğlub edərək qızıl medala sahib olub.

51 kq çəki dərəcəsində yarışan Şaban Şahpələngov da final qarşılaşmasında Puerto-Riko idmançısı Emmanuel Rodriqesi məğlub edərək qızıl medala sahib olub.

---------------------------------

2 may, 2010

Bakı çempionatı qarşıdakı Olimpiya oyunlarına lisenziya vermək hüququna malik olan yeganə turnirdir.
Xəbər verdiyimiz kimi, üç Azərbaycan boksçusu - Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq) və Elvin İsayev (57 kq) boks üzrə gənclər arasında Bakıda keçirilən dünya çempionatının yarımfinalına çıxıblar.

Bununla da onlar bu ilin yayında Sinqapurda keçiriləcək gənclər arasında birinci Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanıblar.

Xatırladaq ki, Bakı çempionatı qarşıdakı Olimpiya oyunlarına lisenziya vermək hüququna malik olan yeganə turnirdir.

Dünya çempionatının final görüşləri mayın 3-də keçiriləcək.

/AzərTAc/

--------------------------------
30 aprel, 15:36

Bu gün rinqə Azərbaycan idmançılarından - Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elvin İsayev (57 kq), Kamran Baxşəliyev (60 kq), Vətən Hüseynli (75 kq) və Teymur Məmmədov (81 kq) çıxacaqlar.
Azərbaycanlı boksçular çempionatda yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Artıq 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Salman Əlizadə Belarus nümayəndəsi Vadim Kirilenkonu məğlub edərək yarımfinala vəsiqə qazanıb.
51 kq çəkidə yer alan Şaban Şahpələngov da Hindistan təmsilçisi Bhaskar Jerripothulanı məğlub edərək, yarımfinala yüksəlib. Boksçumuz 1/2 finalda Vasili Vetkinlə (Rusiya) qarşılaşacaq.
57 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev də növbəti görüşündə qırğızıstanlı idmançı Nursultan Pazilova qalib gələrək yarımfinal mərhələyə vəsiqə qazanıb.

Milli.Az

---------------------------

28 aprel, 23:51

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən boks üzrə Dünya birinciliyi davam edir. Bu gün rinqə çıxmış 6 idmançımızdan 4-ü adını növbəti mərhələyə yazdırıb.

Boks üzrə Dünya birinciliyin 4-cü günü ilk uğur Salman Əlizadədən gəlib. 48 kq.-da mübarizə aparan Salman, Qvatemaladan olan həmkarı Mixael Teyo Teyonu 3 raundun sonunda 6:2 hesabı ilə üstələyib.

Ağırlığı 51 kq. olan idmançılarla yarışan Şaban Şahpələngov da ona bəslənən ümidləri doğruldub. Şabanov irland Kirstofer Felandan güclü olub (15:6). Çəkisi 60. kq olan boksçularla rinqə çıxmış Kamran Baxşəliyev də məşqçilər heyətinin əbəs yerə ona etimad göstərmədiklərini isbatlayıb. Baxşəliyev Rumıniya təmsilçisi Amansio Paraşivi məğlub edib.

Daha bir idmançımız isə 1/4 final mərhələsinə yüksəlib. 81 kiloqram çəki dərəcəsində çinli Aulen Janqla rinqə çıxan boksçumuz Teymur Məmmədov üç raundun nəticəsinə görə rəqibini məğlub edib. Birinci və üçüncü raundda 4:0 hesabı ilə qələbə çalan idmançımız yalnız ikinci raundda üstünlüyü əldən verib (1:2). Görüşün yekun nəticəsinə görə, 9:2 hesabı ilə idmançımız növbəti mərhələyə keçib.

81 kiloqram çəki dərəcəsində 1/4 final mərhələsində idmançımızın rəqibi də bu axşam müəyyənləşib. Boksçumuz qardaş ölkənin təmsilçisi Aqşin Burakla rinqə çıxacaq. 1/8 final görüşündə Türkiyə təmsilçisi ingilis Maykl Vodsonu 3:1 hesabı ilə məğlub edib.

Bu gün ölkəmizi təmsil edən boksçular arasında ilk itki Elnur Zeynalovun passivindədir. Həmyerlimiz ağırlığı 54 kq. olan macar idmançı Robert Lakatoşla gərgin mübarizənin sonunda məğlubiyyətlə barışıb (7:10). Təəssüf ki, çəkisi 64 kq. olan Tamerlan Abdullayev də Zeynalovun uğursuzluğunu təkrarlayıb. Argentina təmsilçisi Fabian Maidana uduzmaqla yarışdan kənarlaşıb.

/ANS PRESS/

----------------------------

27 aprel, 22:39

Boksçularımız
Tamerlan Abdullayev (64 kq) hindistanlı rəqibi Sinqx Harpalı, Emil Əhmədov (69 kq) türkiyəli Tolqa Doğanı, Vətən Hüseynli (75 kq) isə litvalı Deimantes Miskeviçyusu məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıblar.

-------------------------------
26 apreı, 12:01


Xəbər verdiyimiz kimi, dünən həmvətənlərimizdən Elvin İsayev (57 kq) birinci mərhələdə israilli Roy Harmatsla qarşılaşıb. Rinqdə rəqibinə çətin anlar yaşadan boksçumuz 16:2 hesabı ilə qalib gəlib. O, aprelin 27-də keçiriləcək növbəti mərhələdə Babur Aytbayevlə (Özbəkistan) üz-üzə gələcək.

Trend-in xəbərinə görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov nepallı Rohan Pradhanı Bakıya gəlməyə peşman edib. 1 dəqiqə 5 saniyəyə rəqibini "istirahət"ə göndərən həmyerlimiz ikinci döyüşdə Tolqa Doğanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.

Bu gün boksçularımızdan Teymur Məmmədov (81 kq) və Hacıbaba Hacıbabayev (91 kq) rinqə çıxacaqlar. Məmmədov ispaniyalı Rain Karlsonla, Hacıbabayev Ukraynanı təmsil edən erməni Armen Simonyanla üz-üzə gələcək.

Milli.Az

-----------------------

25 aprel, 23:22

Bakıda, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən gənclər arasında boks üzrə dünya çempionatının ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.

Azərbaycanlı idmançı Elvin İsayev ilk görüşdə israilli rəqibi Roy Xarmatsa qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın birinci günü 57 və 69 kiloqram çəki dərəcəsində idmançılar mübarizə aparıblar.

Yarışın birinci günü Azərbaycanı Elvin İsayev (57 kq) və Emil Əhmədov (69 kq) təmsil edirlər.
Püşkatmaya görə, digər boksçumuz Emil Əhmədovun rəqibi isə Nepal idmançısı olacaq.

***

Aprelin 25-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi olub.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənib.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün Azərbaycanın idman həyatında daha bir əlamətdar hadisənin • gənclər arasında boks üzrə dünya çempionatının açılışının şahidi oluruq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanıb. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir.
Beynəlxalq Həvəskar Boks Federasiyasının (AIBA) prezidenti Çinq Kou Vu çempionatın yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Boks Federasiyasının rəhbərliyinə öz təşşəkürünü bildirib, gənc boksçulara idman uğurları arzulamış və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulayıb.
Çıxış edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov deyib ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış ediblər. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonra K.Heydərov yarış iştirakçılarına uğurlar arzulayaraq çempionatı açıq elan edib.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.

***

Çempionatda 96 ölkədən 500 idmançı iştirak edir.
Yarışda boksçular 11 çəki dərəcəsində mübarizə aparacaqlar.
Dünya birinciliyində Azərbaycanı Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51kq), Elnur Zeynalov (54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fərqan Ömərov (91 kq-dan yuxarı) təmsil edirlər.
Qeyd edək ki, Bakı çempionatı 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər arasında birinci Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnirdir.

/AzərTAc/




--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.