İdman

"Uduzmağı da bacarmaq lazımdır və azarkeşlər bunu anlamalıdırlar"

9 Dekabr 2011 23:03
0 Şərh     Baxış: 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İnter" klubunun cinah müdafiəçisi Arif Daşdəmirovun klubun rəsmi saytına müsahibəsi.

- "Xəzər Lənkəran"la oyun komanda üçün çox vacib idi. "İnter" də bu oyundan qalib ayrıldı. İlk öncə bu görüş haqda fikirlərini öyrənərdik...

- Oyun çox ağır alındı. Uşaqlar maksimum güclərini ortaya qoydular. Oyunun gedişində xoşagəlməz epizodlar yaranırdı, lakin futbolda belə hadisələr olur. Düşünürəm ki, biz bu qələbəyə layiq idik. Daha xoş olanı budur ki, bu qələbə sayəsində turnir cədvəlində yüksəlməyə nail olduq.
 
- Deyə bilərsən, "İnter" nəyin hesabına "Xəzər Lənkəran"a qalib gəldi?
 
- Düşünürəm ki, fədakarlıq və xarakter hesabına qalib gəlməyi bacardıq. Bu faktorlar qələbə qazanmağımızda böyük rol oynadı. Biz sonadək mübarizə apardıq və xarakterimizi göstərdik.
 
- Bu dəfə sən sağ cinahda deyil, adət etmədiyin qarşı mövqedə oynadın. Bu mövqedə oynamaq sənə narahatlıq yaratmadı ki?
 
- Əvvəl bir qədər çətin oldu, axı sağ cinahda oynamağa adət etmişəm. Lakin sonradan yavaş-yavaş öyrəşdim. Belə baxanda sol və ya sağ cinahda oynamaq arasında elə də böyük fərq yoxdur. Hər iki mövqedə də eyni funksiyaları yerinə yetirirsən. Müəyyən narahatlıq o zaman yaranırdı ki, mən topu sağ cinahdan ötürməyə alışmışam, həmin oyundasa bunu sol cinahdan etməli oldum.
 
- Qarşılaşmanın sonunda baş vermiş xoşagəlməz epizoda, tribunadan "İnter"in baş məşqçisinin başına daş atıldığı zaman necə reaksiya verdin?
 
- Bilmirəm, bu bilərəkdən edildi, ya yox. Ancaq əsas odur ki, hazırda məşqçinin vəziyyəti normaldır. Demək istəyirəm ki, uduzmağı da bacarmaq lazımdır və azarkeşlər bunu anlamalıdırlar.
 
- Yeri gəlmişkən, "Xəzər Lənkəran" Azərbaycan Kuboku yarışında "İnter"in növbəti rəqibi olacaq. Məhz bu komanda "İnter"i ötən mövsüm kubokun final qarşılaşmasında mükafatsız qoymuşdu. O zaman məhz sənin 11 metrlik zərbən dəqiq olmamışdı. Yəni, komandaya və şəxsən sənə ötən mövsümdəki məğlubiyyətin əvəzini çıxmaq üçün əla şans yaranıb. Bu oyun haqda nə düşünürsən?
 
- Əlbəttə, belə vəziyyətlərdə həmişə revanş almaq hissi olur. Bu dəfə biz qol vəziyyətlərindən istifadə etməli və təsdiqləməliyik ki, biz güclüyük. Ötən il final qarşılaşmasına gəldikdə isə yalnız onu deyə bilərəm ki, penaltilər seriyası lotoreyadır və o zaman "Xəzər Lənkəran"ın bəxti daha çox gətirdi.
 
- Mövsümün əvvəlində "İnter" dəyişikliyə uğradı, komandanı əsas heyətin bir necə oyunçusu tərk etdi və bir çoxları komandanın ciddi tapşırıqları yerinə yetirəcəyinə inanmırdılar. Lakin artıq 15 tur arxada qaldı və "İnter" inamla turnir cədvəlində yüksək yerlərdədir. Bu mövsüm komanda hansı vəzifələri yerinə yetirəcək və hansı məqsədləri güdür?
 
- Düşünürəm ki, oyundan görünür ki, komanda ancaq irəliyə doğru addımlayır. Biz birinci yer uğrunda mübarizə aparırıq. Məqsədimiz çempionluqdur. Bu il "İnter"də gənc futbolçular oynayırlar və baş məşqçi də onlara özlərini göstərməyə həvəslə şans verir. Əgər biz ötən mövsümlə müqayisədə zəifləmişiksə, o zaman komanda necə olur ki, ikinci yeri tutur? Mən titula çox can atıram, ona görə ki, çempionatda və kubokda qələbənin dadını görmək mənə hələ müyəssər olmayıb.
 
- Artıq bazar günü "İnter" çempionat oyunları çərçivəsində "Qəbələ"yə qarşı oynayacaq. Bu qarşılaşma barədə nə deyə bilərsən?
 
- Bizim üçün asan oyunlar olmur. Qəbələdə matç çox çətin olacaq. Rəqib son oyunda qələbə qazanıb və növbəti qələbə əldə etməyə çalışacaq, axı onlara "altılıq"da mövqelərini möhkəmləndirmək lazımdır. Buna görə də, komandaya çox çətin olacaq. Bizə öz futbolumuzu oynamaq lazımdır və o zaman nəticə də gələcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.