İdman

Klublarımız pullarını Türkiyədə xərcləyir, AFFA isə hələ "düşünür"

20 Dekabr 2014 22:03
0 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının komandaları qış fasiləsində Antaliyaya üz tutacaq. "Neftçi" klubunun qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib.
 

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Bakıda bir araya gələcək komanda hazırlığı ayın 11-dək paytaxtda davam etdirəcək.

Yanvarın 11-də isə "Neftçi" təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı komanda 6 yoxlama oyunu keçirməyi planlaşdırır.
 

"İnter" klubunun da qış hazırlıq planı məlum olub.
 

2015-ci il yanvarın ayının 2-də komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələcəklər. Məşq prosesi yanvarın 3-də başlayacaq.

İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək. Komanda yanvarın 24-də vətənə qayıdacaq.

"Qəbələ" Premyer Liqamızın XVIII turunun "İnter"lə dekabrın 21-dəki oyunundan sonra istirahətə buraxılacaq.

"Qırmızı qaralar" 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək.
 

Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq. Komanda bu dəfə də Antalyanın Belek bölgəsində yerləşən "Gloria Serenity" otelində məskunlaşacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək. "Qəbələ" hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü 1-ci, 4-ü 2-ci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək. Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda XIX turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.
 

Gələn ay Türkiyədə təlim-məşq toplanışında olacaq "Qarabağ" klubunun yoldaşlıq görüşündə qarşılaşacağı rəqiblərindən biri müəyyənləşib.

Premyer Liqanın digər klublarının da qış fasiləsində Antaliyada təlim-məşq toplanışı keçəcəyi şübhəsizdir.
 

Trend-in əldə etdiyi məlumata görə, Azərbaycanın bir futbol komandasının Antaliyada qış təlim-məşq toplanışı təxminən 50-70 min dollara başa gəlir. Ən azı Premyer Liqanın 8 komandası Antaliyada təlim-məşq toplanışı keçsə, klublarımız Türkiyə iqtisadiyyatına 400-560 min dollar xeyir vermiş olur. Nəzərə alaq ki, bu təkcə Azərbaycan klublarının verdiyi iqtisadi xeyirdir. Dünyanın 4 bir yanından gələn klubları nəzərə alsaq, onda bu məbləğ milyonlarla dollarla ölçülə bilər.

Burdan bir sual doğurur? Azərbaycanda Antaliyadakı kimi təlim-məşq toplanışı yerləri yaratmaq olmaz? Əlbəttə olar. Buna bizim iqlimimiz də imkan verir, maliyyə resursları da. Məncə bu barədə düşünməyə dəyər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.