İdman

"Zirə" avrokuboklarda debüt edir

29 İyun 2017 09:29
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk olaraq, mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək "Zirə" qoşulacaq.

Saat 21:00-dan etibarən azərbaycanlı futbolsevərlərin diqqəti "Dalğa Arena"ya yönələcək. Çempionatda 4-cü yeri tutan və bunun sayəsində Avropa Liqasına yolu açılan "Zirə" avrokuboklarda debüt matçına çıxacaq.
 
Əslində, paytaxt təmsilçisi ötən mövsümdə də Avroliqaya vəsiqə qazanmışdı. Amma həmin vaxt klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən, Azərbaycan çempionatının "gümüş"ünü təmin edən komanda avrokuboklara buraxılmamışdı. Bu mənada, bakılılar üçün sabahkı oyun böyük önəm kəsb edir.
 
"Zirə" debüt matçındaca azarkeşləri sevindirmək niyyətindədi. Lüksemburq təmsilçisi, o qədər də güclü olmayan "Differdanj" önündə bu missiyanın yerinə yetiriləcəyi isə real görünür.
 
Ayxan Abbasovun komandası yay fasiləsində heyətdə bəzi dəyişikliklərə əl atıb. Belə ki, "qartallar" Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov, Cavid Tağıyev, Amadu Ben Sanqar və Akim Latifu kimi futbolçularla yolları ayırıb.
 
Əvəzində isə komandaya yeni oyunçular - Nicat Qurbanov, Orxan Əliyev, Rəşad Sadiqov, David Manqa, Kervens Belfort, Jozef Bum və Qabriel Matey cəlb edilib.
 
Bu dəyişikliklərin "Zirə"yə necə təsir etdiyini "Differdanj"la matçlar göstərəcək.
 
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
29 iyun
 
21:00. "Zirə" (Azərbaycan) - "Differdanj" (Lüksemburq)

Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)
Hakim-inspektor: İqor Satki (Moldova)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Bakı. "Dalğa Arena"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.