İdman

Konfederasiyalar Kuboku: Meksika və Portuqaliya 1/2 finalda - FOTO

24 İyun 2017 21:46
2 Şərh     Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 24-də futbol üzrə FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin üçüncü turunda "A" qrupunda iki qarşılaşma oynanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, meydan sahibləri Rusiya millisi Meksika ilə üz-üzə gəlib. "Kazan arena" stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüş 2:1 hesabı ilə Meksika komandasının qələbəsi ilə başa çatıb. Hesabı 25-ci dəqiqədə Aleksandr Səmədovun qolu ilə ev sahibləri açıblar. Beş dəqiqə sonra isə cənubi amerikalılar matçda bərabərlik qolunu vurublar - 1:1.

İkinci hissənin 52-ci dəqiqəsində rusiyalı qapıçının səhvindən istifadə edən Meksika yığmasının futbolçusu İrvinq Losano komandasını hesabda irəli çıxarıb. Görüşün 60-cı dəqiqəsində Meksika yığmasının futbolçusu Ektor Moreno üçüncü topu qapıdan keçirsə də, qol ofsayddan vurulduğu üçün videotəkrardan sonra hakim qolu qeydə almayıb. Matçın qalan vaxtında komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib.

Paralel keçən ikinci oyunda bu qrupda yer alan digər komanda Portuqaliya autsayder Yeni Zelandiya ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən oyun Portuqaliya yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Son Avropa çempionunun heyətində topları oyunun 33-cü dəqiqəsində ulduz futbolçusu Kriştiano Ronaldo (penaltidən), 37-ci dəqiqədə Bernardo Silva və 80-ci dəqiqədə Andre Silva və 91-ci dəqiqədə Nani qapıdan keçiriblər.

Beləliklə, üç turdan sonra hesabında yeddi xal olan Portuqaliya millisi "A" qrupunun lideri kimi yarımfinala yüksəlib. Hesabındakı xalları yeddiyə çatdıran Meksika yığması qrup ikincisi olaraq növbəti mərhələyə adlayıb. Aktivində üç xal olan ev sahibi Rusiya qrupda üçüncü yeri tutaraq turnirdə mübarizəni dayandırıb. Hesabında xalı olmayan Yeni Zelandiya komandası isə dördüncü pillədə qərarlaşıb.

İyunun 25-də növbəti oyunlar "B" qrupunda yer alan komandalar arasında keçiriləcək. Bu qrupda Almaniya millisi Kamerun yığmasını qəbul edəcək. Digər matçda isə Çili və Avstraliya milliləri üz-üzə gələcəklər. Hər iki görüş saat 19:00-da başlayacaq.

Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşmaları iyulun 2-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.