İdman

Qızların sevimlisi, yığıncaqlar kralı və ya futbol tarixinin Ostap Benderi - FOTO

16 İyun 2017 20:56
0 Şərh     Baxış: 1 127

Dünya futbolunda "Kayzer" ləqəbli kifayət qədər oyunçu olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, onlardan biri futbol tarixinin həm də Ostap Benderi adlandırılır.

Söhbət Karlos Enrike Raposodan gedir. Hazırda 54 yaşı olan sabiq "hücumçu"nun məzəli karyerasından macəra filmi çəkmək və ya roman yazmaq olar. Məsələ burasındadı ki, o, futbol oynaya bilmədiyi halda, 9 klubla peşəkar müqavilə imzalayıb.
 
Hər bir braziliyalı oğlan kimi, Raposo da futbolçu olmağı arzulayıb. Lakin istedadı olmadığından, arzusunu reallaşdırmaq üçün digər variantlara əl atıb. Karlos başqa keyfiyyətləri ilə seçilib. O, yer aldığı qrupun ürəyi, qızların sevimlisi və yığıncaqların kralı idi. Tez bir zamanda Bebeto, Renato Qauço, Romario və Edmundo kimi ulduz futbolçularla dostlaşması təəccüb doğurmamalıdı. Məhz bu tanışlıqların hesabına öz "karyera"sını qura bilmişdi.

Karlos ilk növbədə, yaxşı PR mütəxəssisi idi. O, Braziliyanın aparıcı jurnalistləri ilə dostluq edirdi. Qəzetlərdə çıxan bir neçə tərifləyici məqalədən sonra ictimaiyyət Raposonu ulduz futbolçu kimi qəbul etməyə başlamışdı. İş o yerə çatdı ki, 1986-cı ildə Karlos "Botafoqo" kimi klubla peşəkar müqavilə imzaladı. Adlı-sanlı komandanın heyətinə düşməkdə ona uşaqlıq dostu Maurisio kömək etmişdi. Yeri gəlmişkən, Maurisio həmin vaxt azarkeşlərin kumiri sayılırdı. Bəs necə oldu ki, klub rəhbərliyi bu yalana aldandı?

Cavabı Kayzerin özündən eşidək: "Məşqlərdə digərləri kimi, mən də çalışırdım. İkitərəfli oyunda isə bir neçə sadə ötürmə verdikdən sonra zədələndiyimi bəhanə gətirərək, ayağımı tutdum və yerə yıxıldım. Həmin vaxt Maqnit Rezonans Tomoqrafiyası (MRT) və digər tibbi yoxlanışlar yox idi. Buna görə də, rahat şəkildə 3-4 həftəni yola verdim. Həmin vaxt stomatoloq dostum da mənə kömək etdi. O, topla işləyə və zalda çalışa bilməyəcəyimə dair tibbi arayış yazdı. Bu minvalla 1 il komandada qaldım. Heç bir oyunda iştirak etməsəm də, dosyemə peşəkar karyeramın ilk ili kimi düşdü". 
 
Karlos öz imicini formalaşdırmağı bacarırdı. Bu işi onun kimi bacaran yox idi. Maraqlıdı ki, özü ilə həmişə mobil telefon gəzdirirdi. Həmin telefonla "vacib" iş danışıqları aparırdı. Bir dəfə məşq vaxtı ona "yalançı" zəng gəlir və Kayzer telefonu götürüb, guya ki, ingilis dilində danışmağa başlayır. Tərslikdən, yanından ingilis dilini yaxşı bilən "Botafoqo"nun həkimi keçir. O, Karlosun ingilis dilini bilmədiyini və rola girdiyini dərhal anlayır. Bu barədə rəhbərliyə məlumat çatdırılır və fırıldaqçı tezliklə komandadan qovulur.

Növbəti mövsümə isə Kayzer digər tanışı Renato Qauçonun sayəsində "Flamenqo"da başlayır. Ənənəvi plan yenidən işə keçir, Raposo zədələndiyini bəhanə gətirərək, topla çalışmalara qatılmır. Maraqlıdı ki, "Flamenqo"nun əksər oyunçuları Kayzerin futbolçu olmadığını bilsələr də, rəhbərlik və baş məşqçi bundan xəbərsiz olur. Bununla belə, komanda yoldaşları onu "satmır"lar. Axı Raposo tez-tez şənliklər təşkil edib, otelə qızlar və spirtli içkilər gətirdirdi. "Flamenqo"nun oyunçularına Kayzersiz darıxdırıcı olardı. Buna görə də, məşqlərdə bilərəkdən Karlosa qarşı kobud oynayırdılar. Bu, Kayzerin növbəti dəfə "zədələnməsinə" şərait yaradırdı.
 
Raposo anlayırdı ki, bu cür variantlarla özünü ölkə xaricində də yoxlaya bilərdi. Çox keçmir ki, Meksikanın "Puebla" klubuna keçir. Yarım ildən sonra isə MLS-ə üz tutur və mövsümün sonuna kimi yenə zədədən "əziyyət çəkir".

Bu səyahətdən sonra Kayzer ölkəsinə qayıdaraq, "Banqu" ilə anlaşır. Ona sanballı məbləğdə pul verən klub prezidenti "futbolçu"nun zədəsini heç cür sağalda bilməməyindən qəzəblənir. Günlərin birində rəhbərliyin və baş məşqçinin səbri tükənir, Raposonun adı oyunun iştirak ərizəsinə daxil edilir. Matçın ikinci hissəsində "Banqu"nun futbolçularından biri zədələnir və görüşü davam etdirə bilmir. Bu vaxt baş məşqçi ehtiyat oyunçular skamyasında əyləşən Kayzerə isinmə hərəkətləri etməyi tapşırır. Karlos panikaya düşür, axı bir neçə dəqiqədən sonra bütün Braziliya onun fırıldaqçı olduğunu, futbol oynaya bilmədiyini anlayacaqdı. Bu məqamda ağlına yeni ideya gəlir - meydana çıxmamaq üçün qırmızı vərəqə almaq lazımdı! İsinmə hərəkətləri edərkən, azarkeşlərdən biri ilə toqquşur və bu, kütləvi davaya səbəb olur. Şübhəsiz, Raposo  istəyinə çatır, qırmızı vərəqə alır. Paltardəyişmə otağına gedən yolda Karlosu klubun prezidenti gözləyir, təbii ki, danlamaq və cəzalandırmaq üçün. Amma fırıldaqçı yenə vəziyyətdən çıxış yolunu tapır: "Allah atamı əlimdən aldı, əvəzində ikinci valideyn olaraq, sizi mənə bəxş etdi. Kimsə sizi söyüb, təhqir edəndə dözə bilmirəm. Azarkeş elə davrananda başımı itirdim, özümdən çıxdım".

Onun bu sözləri klub prezidentinin qəlbini yumşaldır. Nəticədə tərəflər arasında yeni 6 aylıq müqavilə imzalanır.
 
Kayzer karyerasının son illərində Fransaya yollanır. "Ayaçço" rəhbərliyi təqdimat mərasimində Karlosun azarkeşlər önündə açıq məşqini keçirməyə qərar verir. Dolu stadionda hamı səbirsizliklə yeni braziliyalının meydana çıxmasını gözləyirdi. Məsələni anlayan Raposo yenə soyuqqanlı davranaraq, vəziyyətdən çıxmağı bacarır: "Əvvəl elə bildim ki, klubun formasını geyinəcəm və sadəcə olaraq, şəklimi çəkəcəklər. Amma qazonda topu görəndə açıq məşqin planlaşdırıldığını anladım. Öncə panikaya düşdüm, lakin sonra ağlıma möhtəşəm ideya gəldi. Qələmi götürüb, bütün topların üstünə imzamı çəkdim və onları tribunalara atdım. Daha sonra klubun emblemini öpərək, azarkeşlərə isti münasibət göstərdim. Təbii ki, tribunalara göndərdiyim toplardan heç biri geri qayıtmadı. Buna görə də, "bacarığımı" göstərmək məcburiyyətində qalmadım. Əvəzində fanatların simpatiyasını qazandım".
 
Karlos Kayzer "futbolçu karyerası"nı 39 yaşında başa çatdırır. Müqavilə bağladığı klubların sayı kifayət qədər olsa da, heç birində debütü reallaşmır. Buna görə onu futbol tarixinin ən dahi fırıldaqçısı adlandırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.