İdman

Azərbaycanlı gimnast: "Yarışların ikinci günündə həyəcanın öhdəsindən gəlmək mümkün oldu"

29 Aprel 2017 16:42
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə həyəcanın öhdəsindən gəlmək mümkün oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə azərbaycanlı gimnast Jalə Piriyeva deyib.

O qeyd edib ki, yarışların ikinci günü daha yaxşı çıxış edə bilib: "Bu gün mən özümü daha inamlı hiss edirdim. Doğma meydanda yarışların ilk günü böyük məsuliyyətdir. Bizi dəstəklədiklərinə görə, azarkeşlərə minnətdarlığımı bildirirəm".

O, öz həyəcanının öhdəsindən necə gəldiyi barədə də danışıb: "Fiziki cəhətdən hazır idim, sadəcə, mənəvi cəhətdən sakitləşmək lazım idi, bunun da öhdəsindən gəldim. Nəticələr daha da yaxşı ola bilərdi. Amma mən qarşıma qoyulan əsas məsələni həll etdim. Mən təmiz çıxış etdim, qalanı hakimlərdən asılıdır. Məni doğmalarım dəstəkləməyə gəliblər, ən vacib isə baş məşqçi Mariana Vasileva və fərdi məşqçim Yasena Stonevanın dəstəyidir".

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.