İdman

Azarkeşlər: "Bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə keçirilir"

29 Aprel 2017 16:32
Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə keçirilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə tamaşaçı İntiqam Mütəllimov deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda gimnastika sahəsindəki inkişaf sevindirməyə bilməz: "Yarışlarda daha çox rusiyalı gimnastların çıxışları xoşuma gəldi. Amma mən bu Dünya Kubokunda daha çox azərbaycanlı gimnast görmək istəyərdim".

Digər tamaşaçı Kamran Nadirov Dünya Kubokunun reklam çarxını yüksək qiymətləndirib: "Gimnastların məşhur "Ulduz müharibələri" filminin qəhrəmanlarına çevrilməsi çox yaxşı ideyadır. Yeni turnirlər və yeni çarxlar gözləyəcəyik".

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.