İdman

İsrailli məşqçi: "Bakıdakı Dünya Kuboku Avropa çempionatı ərəfəsində vacib mərhələdir" - FOTO

25 Aprel 2017 15:24
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku İsrail gimnastları üçün Avropa çempionatına vacib və əsas hazırlıq mərhələsidir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə İsrail komandasının məşqçisi Natalya Smolova deyib.

Məşqçi qeyd edib ki, məhz buna görə Bakıya iki güclü idmançı - İsrail çempionu Viktoriya Filanovski və gənc ümidverici gimnast Nikol Zelikman gəlib.

Onun sözlərinə görə, komandanın böyük hədəfləri var: "Biz səkkiz ən güclü komanda arasında, bütün finallarda olmaq istəyirik. Əlbəttə, ayrı-ayrı növlərdə medallara da ümid edirik. Gimnastlarımızın proqramları yenidir. Bu baxımdan Bakıdakı yarış gimnastlarımızın səviyyəsinin müəyyən olunması üçün vacibdir".

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova, Zöhrə Ağamirova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.