İdman

“Shamkir Chess 2017"nin açılış mərasimindən - FOTOlar

21 Aprel 2017 09:37
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə, Heydər Əliyev Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" super turnirinin açılış mərasimi keçirilib.

Turnirin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəyə malik olduğunu deyib, iştirakçılara uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərhum qrossmeyster Vüqar Həşimovun karyerası boyunca Azərbaycanın idman şərəfini ləyaqətlə qoruduğunu bildirib. O, Vüqarın özünəməxsus oyun üslubunun şahmatsevərlər tərəfindən daim xatırlandığını vurğulayaraq, turnirdə müxtəlif ölkələrdən tanınmış şahmatçıların iştirak etdiklərini diqqətə çatdırıb. Azərbaycan şahmatının uğurlarında Vüqarın mühüm rol oynadığını deyən İ.İsmayılov yığma komandamızın dünyanın ən güclülərindən olduğunu bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açaraq deyib ki, artıq dördüncü ildir Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bu gün həyatda olmamasını qəbul etmək çətindir. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. "Shamkir Chess 2017" turniri dünyada şahmatsevərlər tərəfindən maraqla izlənilir.

Ölkəmizdə olmağından məmnunluğunu ifadə edən FIDE prezidenti Kirsan İlümjinov Vüqar Həşimovun xatirə turnirinin keçirilməsinin ənənəvi hal almasının əhəmiyyətini vurğulayaraq Şəmkiri Azərbaycanın Linaresi adlandırıb: "Bu turnir FIDE-nin təqvimində xüsusi yer tutur. Burada ən güclü şahmatçılar mübarizə aparırlar. Şəmkir Azərbaycanın Linaresidir. İspaniyada Linares Azərbaycanda isə Şəmkir şahmat şəhəri kimi tanınır. Azərbaycanda şahmata dövlət səviyyəsində yüksək diqqət göstərilir. Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı ilə əlaqədar ölkə rəhbəri tərəfindən Dövlət Proqramı təsdiq edilib. Azərbaycanda şahmatın inkişafına göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm".

Vüqarın atası Qasım Həşimov turnirin təşkilatçılarına, iştirakçılara təşəkkürünü bildirərək qeyd edib: "Artıq dördüncü turnirə start verilir. Bu, Vüqar Həşimovun dünya şahmat tarixində iz buraxdığını göstərir. İnsanlar mənə daim böyük hörmətlə yanaşırlar. Bu turnir ölkə rəhbərliyinin də diqqətindədir. Artıq Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb və 200-dək gənc burada şahmatın sirlərini öyrənir. Bu da məni qürurlandırır. Azərbaycanda şahmatın inkişafına, həmçinin Vüqarın xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirirəm".

"Shamkir Chess 2017"nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov çıxışında "Synergy Group"un Vüqar Həşimovun xatirəsinə həsr olunun yarışların yüksək səviyyədə təşkil etməyə çalışdığını vurğulayıb. Qeyd edib ki, turnirin mühüm cəhətlərindən biri onun gözəl insan və böyük şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmasıdır. Ötənilki yarışda Şəhriyar Məmmədyarovun qalib gəlməsi azərbaycanlı şahmatsevərlərə böyük sevinc bəxş etdi".

Diqqətə çatdırılıb ki, 2010-cu ildə yaradılan "Synergy Group" özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda təhsilin, idmanın inkişafına və eyni zamanda, ölkəmizin dünyada tanınmasına töhfə verməyə çalışır.

Sonra turnir açıq elan edilib, yarışın püşkü atılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Vüqar Həşimovun xatirəsinə həsr olunan və artıq dördüncü dəfə keçirilən "Shamkir Chess" superturniri dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri hesab edilir. Builki turnirdə on tanınmış şahmatçı mübarizə aparacaq. Yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (Azərbaycan), Uesli So (ABŞ), Vladimir Kramnik, Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Podoslav Voytaşek (Polşa) və Veselin Topalov (Bolqarıstan) mübarizə aparırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.