İdman

""Barselona" qarşısına 5 qol vurmaq tapşırığı qoyub"

19 Aprel 2017 20:22
1 Şərh     Baxış: 1 120

Çempionlar Liqasında daha iki yarımfinalçının adına bu gecə keçiriləcək oyunlardan sonra aydınlıq gələcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, diqqətlər daha çox Barselona şəhərinə yönələcək.

Turində keçirilmiş matçda 0:3 hesabı ilə uduzan "Barselona" öz meydanında "Yuventus"dan revanş almağa çalışacaq. Ötən mərhələnin ilk oyununda PSJ-yə 0:4 hesabı ilə məğlub olub, cavab görüşündə 6:1 hesablı qələbə qazanan kataloniyalıların yenə geridönüş edib-etməyəcəyi maraqla gözlənilir.
 
Matçdan öncə hər iki komandanın üzvləri fikirlərini bildiriblər.
 
Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): ""Barselona" ilə matç bizim üçün yekun imtahan olmayacaq. Bu, "Yuventus"un inkişaf mərhələsində vacib oyunlardan biridi. "Yuve" hər il Avropanın ən güclü 8 klubunun sırasında yer almalıdı. Psixoloji baxımdan özümüzə çox güvənirik. Yarımfinala adlamaq üçün yaxşı şansımız var. Amma bu, Kardiffə gedən yolda, sadəcə, növbəti sınaqdı. Yəni yarımfinala vəsiqə qazanmaq Çempionlar Liqasının qalibi olmaq demək deyil".
 
Dani Alveş ("Yuventus"un braziliyalı müdafiəçisi): "Yarımfinala çıxmaq, yolumuza davam etmək üçün çox çalışmalıyıq. "Barselona"nı turnirdən kənarlaşdıra bilsək, bu, dünyanın ən güclü komandasını istirahətə göndərməyimiz anlamına gələcək. İndiki məqamda yarımfinala adlamaq şansımız 60 faizdi".
 
Qonsalo İquain ("Yuventus"un argentinalı hücumçusu): "Cari mövsümün gedişindən çox razıyam. Mövsümün başa çatmasına 1 aydan bir qədər çox vaxt qalıb. İştirak etdiyimiz bütün turnirlərdə çempion olmaq istəyirik. A seriyasında daha 18 xal toplamaq imkanımız var. Odu ki, sürəti azaltmamalıyıq. Turdan-tura ardıcıl 6-cı dəfə qazanacağımız Skudettoya bir qədər də yaxınlaşırıq. "Barselona" ilə matça gəlincə, bizim üçün böyük önəm kəsb edir. İlk görüşdə vurduğumuz 3 qolun mərhələ adlamaq üçün yetərli olub-olmayacağını bilmirəm. "Nou Kamp"da sona qədər "döyüşmək" lazımdı. İlk görüşdəki oyunumuzu yenə nümayiş etdirməliyik. "Barselona" PSJ ilə cavab matçında sübut etdi ki, möcüzə etmək gücündədi. Buna görə də, sayıq olmalıyıq. Amma rəqib də bizdən çəkinməlidi. "Nou Kamp"da da qol vurmağa çalışacağıq. Növbəti mərhələyə keçmək üçün hər cür imkanımız var".
 
Luis Enrike ("Barselona"nın baş məşqçisi): "Hazırkı durum, müəyyən mənada, PSJ ilə cavab oyunundan əvvəlki vəziyyətə oxşayır. Bu dəfə bir qədər az qol vurmalıyıq. Lakin düşünürəm ki, "Yuventus"un da matç ərzində fərqlənmək şansı olacaq. Buna görə də, "Barselona" qarşısına 5 qol vurmaq tapşırığı qoyub. Əgər erkən qol vura bilsək, "Nou Kamp"dakı dəstəyin köməyi ilə 2 və 3-cü dəfə də fərqlənə bilərik. İtirəcəyimiz bir şey yoxdu. "Barsa"nın bir çıxış yolu var: hücum, hücum, yenə də hücum. Azarkeşlərə məsləhət görərdim ki, 80-ci dəqiqədən sonra stadiondan getməsinlər. Əks halda, nəyisə buraxmış olacaqlar. Daha bir tarix yazmaq istəyirik". 
 
Andres İnyesta ("Barselona"nın kapitanı): "İlk oyunda bizim üçün çox pis hesab qeydə alındı. Açıq danışsaq, Turində hər şeyi bərbad etdik. Buna görə də, qarşımızda çətin tapşırıq dayanır. İştirak etdiyimiz turnirin Çempionlar Liqası olduğunu unutmayaq. Amma çıxış yolunu tapmalıyıq. İnanırıq ki, mübarizənin gedişatını dəyişə biləcəyik. Məqsədimiz də budu. Oyuna nəzarəti ələ almalı, qol epizodları yaratmalıyıq. "Yuventus"a təhlükəni hiss etdirməliyik. Matçdan əvvəlki düşüncəmiz bu cürdü. Həm taktiki, həm psixoloji, həm də fiziki planda ideal oyun göstərməliyik.

Dani Alveş "Barselona"nın tarixində müqavilə imzaladığı ən yaxşı oyunçulardandı. O, kluba çox xeyir verib. Amma ötən yay yollarımız ayrıldı. Daninin İtaliyadakı karyerası da uğurlu alınır. Buna baxmayaraq, onun qarşılığında hazırkı komanda yoldaşlarımdan heç birini "Yuventus"a verməzdim".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tenqidci · 20 Aprel 00:4820

    Ne bilirdine 5 qol vurarsiz???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.