İdman

Saqqallı cəllad

28 Mart 2017 23:12
0 Şərh     Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan - Almaniya oyununun qəhrəmanının Andre Şürrle olduğu birmənalıdı. Düzdür, qələbə adətən bütün komandanın adına yazılır və meydanda 11 nəfər oynadığından hər birinin uğurda pay sahibi var.

Milli.Az sport24.az-a istinadən bildirir ki, ancaq hər bir qələbənin öz qəhrəmanı olur. Necə ki Şürrle Tofiq Bəhramov adına Respublika stadionunda 4:1 hesabı ilə qalib gəldikləri matçda komandasının əsas personası idi.

Axı necə də olmasın? 27 yaşlı Andre 2 qol 1 məhsuldar ötürmə ilə nəticəni demək olar təkbaşına müəyyənləşdirdi. Almanların ilk və son qolunda komanda yoldaşı, hücuma qoşulan sol cinah müdafiəçisi Jonas Hektorun ötürməsini bir toxunuşla tora göndərən Şürrle 2-ci qol özü asistentlik etdi. Özü də səhvinə görə tənqid atəş"nə atılan sağ cinah yarımmüdafiəçimiz Əfran İsmayılov məhz Şürrlenin ayaqları arasında topu ataraq onu keçmək istədi. Ancaq Andre buna aldanmadı, topu ələ keçirdi və Tomas Müllerə verdiyi məhsuldar ötürmə ilə onun da adını tabloya yazdırmasına imkan yaratdı. Bəli, həmin günü bizim cəlladımız bu saqqallı hücumçu oldu...

Böyük pullar xərclənən, əsas heyət üzvü olmayan

...Şürrlenin hələ ilk klubu olan "Maynts"dan xatırlayıram.  Həmin vaxt 19-20 yaşı olmasına baxmayaraq, öz klubunun liedrlərindən, bombardirlərindən idi. Belə oyunla ortabab klubda qalacağı inandırıcı deyildi və tez bir zamanda iddialı "Bayer"ə keçdi. Oradan isə legioner həyatı yaşamağa yollandı, "Çelsi" kimi kluba transfer olundu. Ancaq bu, klub karyerasını zirvə nöqtəsi oldu. "Zədaganlar"da möhkəmlənə bilməyəndən sonra vətənə qayıtmalı oldu. Bundesliqada bu dəfə "Volfsburq"da forma geyindi. Ancaq bu klub "Çelsi"dən 24 milyon funt sterlinqə aldığı Şürrleni cəmi 1 mövsüm satası oldu. Ancaq elə başa düşməyin ki, ziyana düşdü. Əksinə, Dortmund "Borussiya"sının keçidə görə 30 milyon avro xərclədiyini nəzərə alsaq, "Volfsburq" hücumçuya maddi zərər çəkməyib. "Çelsi" də vaxtında ona görə az pul ödəməyib - 21 milyon avro. 

Şürrleyə görə bu klublar nə qədər xərcə düşsələr də, onlar üçün uğurlu transfer olmayıb. Təsadüfi deyil ki, Andre onların heç birində daim əsas heyət üzvü sayılmayıb. Ümumiyyətlə, onun karyerasına nəzər salsaq, tez-tez kub dəyişdiyini görərik. Futbolçu heç birində 2 mövsümdən artıq keçirməyib və "Borussiya" 8 illik peçəkar kryerasında artıq 5-ci klubudu. Andre "Qəbələ"nin Avroliqanın qrupunda rəqib olan Almaniyanın hər 2 təmsilçisinə bağlıdı. Bu, ilk və son klubları olan "Maynts"la "Borussiya"dı. Şürrlenin son vaxtlar yığma karyerasının uğursuz olmasında Dortmund təmsilçisində əsas heyətə düşə bilməməyi böyük təsir göstərdi.

2 ildən sonra ilk dəfə əsas heyətdə

Bununla belə, millisinin baş məşqçisi Yoahim Löv ona inandı və Azərbaycanla matçdan öncə Şürrle ilə bağlı belə fikir səsləndirdi: "Biz ona dəstək olmalıyıq". Oldu da, əsas heyətdə meydana buraxdı və bəhrəsini də görrü. Andre ona güvənən baş məşqçisinin etimadını artıqlaması iıə doğrultdu. Halbuki, o, 2015-ci ilin sentyabrından bu yana ilk dəfə Bundestimdə əsas heyətində yer alırdı.

Həm Braziliyanın, həm də Azərbaycanın qapısına 2 dəfə yol tapan

Şürrlenin karyerasına maraqlı məqamlar az deyil. O, nəinki "Çelsi"də, İngiltərə Premyer Liqasında het-trik edən, bu çempionatın qalibi olan tək-tük alman futbolçulardan biridi. Cəbəllütariqin qapısına het-trik edən (7:0) ilk oyunçudu. Almaniya yığmasının sabiq kapitanı Mihael Ballakın vida oyununda fərqlənəndi. Dünyanın ən güclü yığmalarından sayılan Braziliya, Argentina yığmalarının qapısına yol tapan futbolçudu. Özü də 2014-cü ildə Braziliya yığmasının vətənində keçirilən dünya çempionatında tarixində aldığı ən ağır məğlubiyyətdə - yarımfinalda 1:7 hesabı ilə uduzduğu matçda almanların son qolunun müəllifi olub. Maraqlıdı ki, dünyanın ən titullu yığmasına Almaniyada qalib gəldikləri matçda da qol vurub, Ştutqartda 3:2 hesabı ilə qalib gəldikləri həmin yoldaşlıq görüşündə də yığmasının son qolunun müəllifi olub.

Şürrle millidə artıq 22 dəfə fərqlənib. O, yalnız 2 yığmanın - səviyyəcə aralarında böyük fərq olan Braziliya və Azərbaycanın qapısına 2 matçda yol tapıb. Andre 3 yığmaya ən çox - 3 qol vurub ki, bunun 1-i məzh Azərbaycandı (digəri İsveçlə Cəbəllütariq). Qəhrəmanımız hər 3 qolu Tofiq Bəhramov adına Respublika stadionunda vurub - həm 3:1, həm də 4:1-də son nöqtəni qoyub. Bu, ümumiyyətlə, son nöqtə olacaqmı? Bunu Almaniya ilə cari seçmə mərhələnin sonundakı səfər matçımızda göstərəcək.

Hələliksə fakt odu ki, Bundestimin hazırkı heyətində millimizə ən çox qol vuran məhz Şürrledir. Ümumiyyətlə isə bu, 4 qolla Miroslav Kloze olsa da, Bakıya qonaq kimi gələn əslən polşalı hücumçu artıq nəinki yığma, ümumiyyətlə, futbolçu karyerasını bitirib. Deməli, Andrenin yolu açıqdı..

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.