İdman

"Ondan bu cür oyun gözləmirdim" - Yoahim Löv

26 Mart 2017 22:19
6 Şərh     Baxış: 6 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdu.

DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olan Bundestim asan qalib gələrək (4:1) yoluna itkisiz davam edib.
 
Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub: "Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim".
 
- Andre Şürrlenin çıxışı sizi məmnun etdimi?

- Şürrle "Borussiya"da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudu.
 
- Yeni ildəki ilk iki oyuna görə komandanın durumunu necə dəyərləndirərdiz?

- İki oyunu müqayisə etmək olmaz. Çünki İngiltərə ilə yoldaşlıq görüşü keçirdik. Ötən illlə müqayisədə bu dəfə gec bir araya gəldik. 4 aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Bəzi səhvlər var idi. Bunların üzərində işləyəcəyik. Qarşıda daha bir seçmə mərhələ matçı və ondan sonra Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı duruma gəlməyə çalışacağıq. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib. Bunu da oyunu ilə ortaya qoydu. Fürsətdən istifadə edib, lider oyunçularımıza təşəkkür etmək istəyirəm. Belə kiçik futbol ölkələri ilə matça çox yaxşı köklənmişdilər. Belə matçlarda konsentrasiyanın yüksək səviyyədə olması önəmlidi. "Bavariya", "Borussiya" Çempionlar Liqasında iştirak edirlər. Buna baxmayaraq, futbolçular milliyə həvəslə gəlirlər.
 
- Komandanız 7 oyundan sonra qol buraxdı. Bundan əvvəlki matçlarda da sizin qapınıza qol vurmuşuq. Bunu nəzərə alıb, Azərbaycan yığmasına hansı qiyməti verərdiz?

- İstərdim ki, yenə qol buraxmayaq. Amma Azərbaycan yığması qol vurmağa çox çalışdı. Qiymət verə bilmərəm. Amma futbolunuzun inkişafda olduğu hiss olunur. Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədi və bu komanda ilə fəxr edə bilərsiz. Maşallah (azərbaycanca deyir).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.