İdman

AFFA Renat Dadaşova 1 milyon dollar vә ev verib? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

25 Mart 2017 13:42
3 Şərh     Baxış: 2 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:42

Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı şok məlumat dərc edib. Nəşrin istinadən yaydığı məlumata görə, gənc hücumçu Azərbaycan yığmasını pula görə seçib. Həm də təkcə pula görə yox...

Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən "Bild" bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını və ona mənzil hədiyyə edildiyini iddia edib: "Təəssüf ki, "Ayntraxt"ın istedadlı futbolçusu Almaniya yığmasını seçmədi. Böyük perspektiv vəd edən Dadaşov DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı meydana çıxacaq. Halbuki o, Almaniyanın U-17 millisində keçirdiyi 15 oyunda 13 qol vurmuşdu. Dadaşov Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və eyni zamanda ona ev veriləcək. "Leyptsiq"də olarkən aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisinin təklifini qəbul etdi".

AFFA həmin məsələyə reaksiya verib. Milli.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu haqqin.az-a bildirib ki, bu informasiya həqiqətə uyğun deyil: "Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi.

Həmçinin xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi".

Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.

----------

13:05

Almaniyanın məşhur "Bild" nəşri millimizi seçən Renat Dadaşovla bağlı təəccübləndirən iddia irəli sürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarlarımız daha əvvəl Almaniyanın gənclərdən ibarət millisində oynayan futbolçunun Azərbaycan millisini seçməsinin təfərrüatlarını yazıb.

Mənbə bildirilir ki, gənc hücumçu böyük pullar qarşılığında millimizdə oynamağa razılıq verib: "Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi.

Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. "Leyptsiq"da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib".

Qeyd edək ki, Renatın DÇ-2018-in seçmə mərhələsində sabah baş tutacaq Azərbaycan - Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.