İdman

Yunanıstan gimnastı: "Çox şadam ki, nəhayət Bakıda qızıl medal qazana bildim"

18 Mart 2017 18:30
Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox şadam ki, nəhayət Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazana bildim".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Yunanıstan gimnastı Elefterios Petrunias deyib.

O, bununla bağlı çox həyəcanlı olduğunu deyib: "Mən Bakıya ikincə dəfədir ki, gəlirəm və nəhayət qızıl medal qazana bildim. Əlbəttə, mən öz çıxışımdan razıyam, çünki bu mənim yeni Olimpiya dövründə ilk çıxışımdır".

Bu gün kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final yarışları keçirilir. Azərbaycanı bu gün kişilər arasında sərbəst hərəkətlərdə və paralel qollarda Murad Ağarzayev, qadınlar arasında isə müxtəlif hündürlüklü qollarda Yuliya İnşina və Yekaterina Tişkova, dayaqla tullanmada isə Marina Nekrasova təmsil edirlər. Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.