İdman

Çinli gimnast idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda qızıl medal qazandı

18 Mart 2017 15:53
Baxış: 254

Çinli gimnast Ronbinq Liu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, 15.133 xal toplayıb.

İkinci yeri 14.866 xalla digər çinli gimnast Yusiao He, üçüncü yeri isə 14.700 xalla yaponiyalı Şoqo Nonomura tutub.

Azərbaycanlı gimnast Murad Ağarzayev 12.600 xal yığaraq səkkizinci yer tutub.

Bu gün kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final yarışları keçirilir. Azərbaycanı bu gün kişilər arasında sərbəst hərəkətlərdə və paralel qollarda Murad Ağarzayev, qadınlar arasında isə müxtəlif hündürlüklü qollarda Yuliya İnşina və Yekaterina Tişkova, dayaqla tullanmada isə Marina Nekrasova təmsil edirlər. Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.