İdman

Türkiyəli gimnast: "Şadam ki, qardaş ölkədə belə bir gimnastika arenası var"

17 Mart 2017 18:00
Baxış: 568

"Çox şadam ki, bizə qardaş ölkədə belə bir gimnastika arenası var".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyəni Bakıda keçirilən Dünya Kuboku yarışlarında təmsil edən idmançı Göksu Üçtaş Şanlı deyib.

O, bu yarışlarda tirdə hərəkətlərdə final mərhələsinə çıxıb.

Türkiyəli gimnast bildirib: "Təsnifat zamanı çox həyəcanlanırdım. Tapşırıqları dəqiq yerinə yetirmədim və finala çıxa bilmədim. Planım finala çıxmaqdır".

İdmançı Bakıya ilk dəfə gəldiyini və şəhəri çox bəyəndiyini deyib. Gimnast həmçinin gimnastika arenasına heyran olduğunu da vurğulayıb: "Zal çox möhtəşəmdir. Çox şadam ki, bizə qardaş ölkədə belə bir gimnastika arenası var".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.