İdman

"Bakıda idman gimnastikası üzrə dünya Kuboku rəngli bir şoudur"

16 Mart 2017 20:06
Baxış: 165

"Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku adi yarışlar kimi yox, rəngli bir şou kimi keçir".

Milli.Az bildirir ki, bunu Trend-ə Yaponiyanı Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Kazuyuki Takeda deyib.

Yapon gimnast əlavə edib: "Arena çox genişdir, yuxarıda istirahət üçün otaq var, mənim çox xoşuma gəlir. Ümumilikdə yarışlar yüksək səviyyədə təşkil edilib".

Takeda həmçinin vurğulayıb ki, Azərbaycan milli mətbəxini də çox bəyənib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.