İdman

"Bakıdakı Milli Gimnastika Arenası dünyada ən müasir arenalardan biridir"

16 Mart 2017 19:11
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı Milli Gimnastika Arenası dünyanın ən müasir arenalarından biridir və bura yenidən qayıtmaq insana sevinc bəxş edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Finlandiyanı Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Oskar Kirmes deyib.

O.Kirmes bildirib: "Birinci Avropa Oyunlarında iştirak edərkən artıq Bakıda olmuşam. Bakıdakı arena mənim çox xoşuma gəlir, bu arena dünyanın ən müasir arenalarından biridir və yenidən Bakıya qayıtdığıma çox şadam".

Yarışlardakı çıxışından danışarkən finlandiyalı idmançı qeyd edib ki, ikinci finala da çıxmaq istərdi: "Sərbəst hərəkətlərdə artıq finala çıxmışam, halqalarla hərəkətlərdə də finala çıxmaq istərdim. Düşünürəm ki, pis çıxış etmədim".

Finlandiyalı gimnast iki rotasiyadan sonra kvalifikasiyada üçüncü yeri tutur.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.