İdman

Gürcüstan nümayəndə heyəti Dünya Kubokunda gözləntilərindən danışıb

15 Mart 2017 17:58
Baxış: 464

"Bakıda keçiriləcək Dünya Kubokunda bizim əsas ümidlərimiz dayaqla tullanma ilə bağlıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Gimnastika Oyunları Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya deyib.

O, Bakıya 3 kişi və 1 qadın gimnastla gəldiklərini deyib: "Biz bütün alətlərdə çıxış edəcəyik, amma əsas ümidlərimiz dayaqla tullanmayadır. Fikrimcə, burada bizim şansımız daha çoxdur. Birinci dərəcəli tapşırıq finala çıxmaqdır. Orada isə medallar uğrunda mübarizə aparmaq lazım olacaq. Bu bizim əsas məqsədimizdir".

B.Qamsaxurdiyanın sözlərinə görə, Azərbaycan yenidən bu cür yarışlar zamanı yüksək səviyyəli təşkilatçılığını nümayiş etdirib: "Milli Gimnastika Arenasını mən çoxdan tanıyıram. Bu, müasir arenadır. İşıqlandırmaya gəldikdə isə onu qeyd edim ki, bu baxımlılığı artıracaq".

Gürcüstanlı vitse-prezident builki Dünya Kubokunda rəqabətin çox yüksək olacağını vurğulayıb: "Buraya çoxlu adlı-sanlı idmançılar gəlib. Onlardan hər biri çıxış etdiyi alətdə çox güclüdür. Atda adəti üzrə Balkan ölkələri, paralel halqalarda Çin güclüdür. Bir sözlə, asan olmayacaq".

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.