İdman

"Məşqçim məni sakitləşdirməkdənsə, mən onu sakitləşdirirdim"

24 Yanvar 2017 14:10
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qeyri-olimpiya idman növləri arasında kikboksinqin öz yeri var. Ölkəmizdə geniş yayılması daha çox uğurların qazanılmasını şərtləndirib. İdmançılarımız iştirak etdikləri bütün turnirlərdən medallarla dönürlər. Karateçilərimizin gənc nəsli də uğurları ilə diqqət çəkir. Onlardan biri yaşının az olmasına baxmayaq, dünya və Avropa çempionu Emil Mövsümzadədir.

Milli.Az bildirir ki,  "Qızıl oğlan" ləqəbli idmançı "goal.az"ın suallarını cavablandırıb:

- İdmana gəlişiniz haqda danışaq.
- İdmana Rusiyada başlamışam. 8 yaşımdan atam məni karateyə yazdırıb. Buna görə ona həmişə minnətdar olacam. Bütün uğurlarımı atama borcluyam.
 
- Karate daha çətindir deyə kikboksinqə dəyişdiniz, yoxsa?
- İlk idman növüm karate kiokushinkai olub. Çətin deyildi, sadəcə, özümü orada tapmadım. Karate səbr və harmoniya tələb edir.
 
- Əvvəl Rusiyada yaşamısan. Azərbaycana gələndə buraya öyrəşmək sənin üçün çətin olmadı?
- Rusiyada yaşamışam və idmanda ilk nəticələrim də orada olub. 4 dəfə Uzaq Şərqin çempionu olmuşam. Şəhərimizin 5 dəfə ən güclüsü olmuşam. Rusiyada dostlar, tanışlar var. İndi də əlaqələrim var bəziləri ilə. Uşaqlığımız bir yerdə keçib, uğurlarıma sevinirlər. Azərbaycanda özümü daha rahat hiss edirəm. Çünki hər bir idmançı istəyər ki, çiynində öz bayrağını qaldırsın. Qazandığım nailiyyətlər vətənim üçündür. Və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Aliyevin dəstəyi, dəyəri çox böyükdür. Hər zaman yanımızdadır. Məndə əsas döyüş bazası Azərbaycanda Hikmət Hacıyevin rəhbərliyi altında qurulub. Hər yeni pilləyə onunla birlikdə addımlamışam. Mənim üçün həm məşqçidir, həm də qardaş kimidir. Fürsətdən istifadə edib həm Adil müəllimə, həm də Hikmət müəllimə dərin təşəkkürümü bildirirəm.
 
- Azərbaycan, Dünya və Avropa çempionusan. Bunlar səndə arxayınlıq yaradır, yoxsa daha böyük hədəflərin var?
- Bilirsiniz, mənim üçün bu nəticələri qazanmaq çox çətin olub. Hər qələbəni əziyyət çəkərək qazanmışam, pəhriz, stress, əsəb. Arxayınlıq yaratmır. Əksinə, fikirləşirəm ki, mənim bu qədər yüksək nəticələrim var, uduzmamalıyam. Açığı, əvvəlki qələbələrim mənə bir az da stres verir (gülür). Hədəfim peşəkarlar arasında W.A.K.O pro kəmərini qazanmaqdır.
 
- Hansı qələbənin sevincindən ağlamısan?
- 2012-ci ildə Dünya çempionatına çox ağır hazırlaşdım. Məşqçimin dəstəyi ilə axıra kimi dözdüm. Çempion olanda mən də, məşqçim də sevincdən ağlamışdıq.
 
- Unutmadığın məğlubiyyət?
- 2015-ci ildə keçirilən Dünya çempionatının yarımfinal uğrunda döyüşündə hakimlər düzgün qərar vermədilər. 13 ildir idmanla məşğulam, bilirəm ki, üstün idim və qalib gəlməli idim. Axırda qələbəni rəqibimə vermişdilər. Haqsızlıq pis təsir etmişdi.
 
- Ailən yarışlarını izləyir?
- Əlbəttə, ailəm, əsas da atam bütün yarışlarımı izləyir. Hər döyüşdən sonra zəng vurmağımı gözləyir. Mənə ürək-dirək verir ki, növbəti döyüşdə bir az da güclü olum.
 
- Ləqəbin "Qızıl oğlan"dır. Bizdə yaxşı insanlar haqqında "qızıl kimidir" ifadəsi işlənir. Adına layiqsən?
- Bilirdim bu suali verəcəyinizi. Bu ləqəbi mənə məşqçim Hikmət müəllim verib. Mən həm K-1 döyüşçüsü Badr Harinin fanatı olduğum üçün, həm də xasiyyətimə görə. Haradasa mən də razılaşıram.
 
- Dostların çoxdur?
- Mənim dostlarım azdır. Sadiq dostlarıma daha çox dəyər verirəm. Əvvəl hamıya dost deyirdim, ancaq zamanla tanıyırsan ki, kim kimdir. Rusların bir sözü var: "Əsl dost şərab kimidir, vaxt keçdikcə daha dadlı olur". İndi tanışım çoxdur, dostum azdır. Dostlarım qələbələrimə atamdan az sevinmirlər, məğlub olanda çox dəstək verirlər. Var olsunlar.
 
- İdmançıda uğur qazanmaq üçün hansı keyfiyyətlər olmalıdır?
- Sadə, təkəbbürdən uzaq, dözümlü və ən əsası xarakterli olmalıdır.
 
- Yarışlarla bağlı səfərlərdə çox olursan. Başına gələn ən maraqlı hadisə hansı olub?
- Bəli, çox oluram xaricdə. Mənim üçün maraqlı odur ki, getdiyim yerlərdə yeni tanışlar qazanım və tapıram. Cənubi Afrikaya getsəm, orada da məni qarşılayacaq tanışlar var. Polşada, Serbiyada, Xorvatiyada, Monteneqroda və digər ölkələrdə də həmçinin. Maraqlı hadisəyə gəlincə isə, Dünya və Avropa çempionatında final döyüşlərimdə məşqçim məndən çox həyəcanlanırdı. O məni sakitləşdirmək əvəzinə, mən onu sakitləşdirirdim (gülür).
 
- Sosial şəbəkələrdə aktivsən. Çox adam vaxt itkisi hesab edir. Sən bu barədə nə düşünürsən?
- Mənim üçün sosial şəbəkə tanışlarım, dostlarımla əlaqe saxlamaqdır, məncə, bu ən optimal və maraqlısıdır.
 
- Filmlərlə aran necədir?
- Film izləməyi çox xoşlayıram. Təzə və maraqlı kinolara kinoteatrda baxmalıyam mütləq. Hazırda dərslə əlaqədar olaraq Ukraynadayam. Gecə saat 10-da baxmağa film axtarırdım. Vin Dizelin yeni "3X" filmini gördüm. Kinoteatrdan çəkilən format maraqsız oldu deyə, saat 11-də gedib kinoteatrda baxdım. Düzdür, Ukrayna dilində idi, tam başa düşmədim, ancaq süjet maraqlı idi.
 
- Günün necə keçir?
- Indi Ukraynadayam, burada rejim başqa cürdür. Əsas Bakıda olan vaxtlarımdan danışım sizə. Səhər saat 7:15-də oyanıram. 7:40-da məşqə gedirəm. Məşqdən sonra məşqçimlə çay içə-içə məşq barədə söhbət edirik. Sonra Nizami küçəsində, ya da bulvarda beyni sakitləşdirmək üçün gəzirəm. Və sonra evə gedib istrahət edirəm. Axşam yenə məşqə gedirəm.
 
- Boş vaxtlarını necə dəyərləndirirsən?
- Düzünü desəm, bunu ilk dəfə deyirəm. Boş vaxtlarımda yatmağı sevirəm (gülür). Çünki bütün gün intensiv keçir, yol, məşq yorur adamı.
 
- İdmanla yanaşı başqa işin var?
- Xeyr, indi yoxdur, keçən il oteldə mühafizəçi işləyirdim. Amma məşq vaxtı çox yorğun olurdum. Məsləhət görüldü ki, çıxım.
 
- Gələcək planların haqda danışaq.
- Yayda xidmətə gedəcəm. O vaxta kimi yarışlarımız var, çıxış edəcəm .
 
- Qarşıda hansı turnirlər olacaq?
- Fevralın 25-də peşəkar döyüşüm olmalıdır. Avrasiya kəmərinin sahibi ilə Rusiyada döyüşəcəm. İlk rəqib döyüşdən imtina edib. Digər rəqib tapılmalıdır. Mart ayında böyük bir yarış olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.