Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün son yoxlama matçını keçirəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Makedoniyanın "Şkendiya" klubu ilə görüşəcək.
Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu qarşılaşma "qırmızı-qaralar"ın Antalyada 4-cü sınağı olacaq.
Təmsilçimiz bunadək Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya "Qaz Metan"ını 1 cavabsız qolla məğlub edib və Qazaxıstan "Ordabası"sı ilə qolsuz bərabərə qalıb. Oyun həm də Topaz Premyer Liqasında çıxış edən təmsilçilərimizin Türkiyədəki son yoxlama görüşüdür.
Əsası 1979-cu ildə qoyulan Tetovo şəhərinin klubu ötən mövsüm Makedoniya çempionatının gümüş medalını qazanıb. Komandanın son 4 ildə yüksələn templə əvvəl 5-ci, sonrakı illərdə 4-cü, 3-cü və 2-ci yerləri tutması diqqət çəkir. "Şkendiya" son mövsümdə ölkə kubokunun da qalibi olub.
Tarixində ilk dəfə kubok qazanan klub yeganə çempionluğunu 2010/11 mövsümündə bayram edib. "Şkendiya" cari mövsümdə Avropa Liqasının pley-offuna qədər irəliləyib. Tetovolular II təsnifat mərhələsində Azərbaycan klubu "Neftçi"ni də mübarizədən kənarlaşdırıblar - 1:0, 0:0.
Yoxlama oyunu
24 yanvar
18:00. "Qəbələ" - "Şkendiya" (Makedoniya)
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində