İdman

"O, deyilənə baxan adam deyil"

28 Sentyabr 2016 10:29
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Neftçi" ilə qarşılaşan "Sumqayıt" 2:1 hesablı qələbəyə sevindi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyun başa çatdıqdan sonra "kimyaçılar"ın prezidenti Kamran Quliyev sualları cavablandırıb:

- Baş məşqçisiz çıxdığınız oyun necə keçdi?

- Çətin oyun idi. Baş məşqçisiz deyildik. Əksinə, bizim iki ehtiyat skamyamız var idi. Hərəsi bir tərəfdən idarə edirdi. (Komandanı meydana çıxaran Seymur Rəhimov və əks tribunada oyunu izləyib, telefonla köməkçisinə göstərişlər verən Samir Abbasovu nəzərdə tutur - red.) Buna baxmayaraq, qələbə heç də asan başa gəlmədi. "Neftçi" də sırf qalibiyyət üçün çıxmışdı meydana. Erkən qol da vurdular. Ancaq komandamız "sınmadı". Əslində bu düzgün hal deyil, ancaq mən Yusif Nəbiyevi xüsusi qeyd etməliyəm. O da mənim bu sözlərimdən sonra ikiqat artıq işləməlidir. Məsuliyyəti dərk etməlidir. Düşünürəm ki, iki gözəl qol vurduq. Lakin dediyim kimi, çox çətin oldu. Son 20 dəqiqəni öz qapımızda olduq.

- Daha çox gənclərə üstünlük verirsiz. İstər "Kəpəz"lə, istərsə də bu oyunda gənc oyunçular fərqləndilər. Demək olar ki, hamısı potensiallı gənclərdir...

- Hələ ki, cəmi 5-6 tur geridə qalıb. Gəlin bir az gözləyək, görək nə təhər olacaq. Biz özümüz də istəyirik ki, 2-3 nəfər təcrübəli oyunçumuz olsun. Çünki bu, gənclərin inkişafına çox dəstək olacaq.

- "Neftçi"nin hazırkı vəziyyətinin qələbədə əsas səbəb olduğunu demək olar?

- Ola bilər. Bilirik ki, "Neftçi"də keçid dövrüdür. Onların futbolçularının keyfiyyəti yaxşıdır. Hesab edirəm ki, sadəcə potensiallarının 50%-ni istifadə edirlər.

- Oyun müddətində milli komandanın baş məşqçisi Prosineçki ilə nəyisə qızğın şəkildə müzakirə edirdiniz. Milliyə oyunçu məsləhət görürdüz?

- Siz Prosineçkini məndən də çox görürsüz. Özünüz də bilirsiz ki, o, deyilənə baxan adam deyil. Öz düşüncəsi necədirsə, elə hərəkət edir. Ola bilsin ki, ümumi nələrsə danışmışıq, ancaq mən sirrimizi aça bilmərəm.

- Amil Yunanov ötən mövsüm özünü yaxşı tərəfdən göstərsə də, bu il sanki "it-bat" olub...

- Deməzdim ki, "it-bat" olub. Ötən tur Qəbələdə əla vəziyyətdən fərqlənə bilmədi. Qeyri-stabil oynayır, ancaq istedadlıdır. Azərbaycanda hər iki ayağı ilə zərbə vura bilən oyunçu çox azdır.

- Qəbələdə qapınıza oyundan kənar vəziyyətdən qol vuruldu. Bununla bağlı şikayət etdinizmi?

- Həmin gün Xəqani Məmmədovla danışdım. O da bildirdi ki, videotəkrara baxandan sonra dəqiq fikrini deyəcək. Səhər isə özü də etiraf etdi ki, epizod həqiqətən də oyundan kənar imiş. Yanlış qərar verən yan xətt hakimi müvafiq şəkildə cəzalandırılacaq.

- Ötən tur Samir Abbasov heyətin kasad olduğunu vurğulamışdı. Bir növ üsyan etmişdi. Həmin açıqlamadan sonra onunla görüşünüz oldumu?

- Matçdan sonra o çox əsəbi idi. Emosiya ilə deyilmiş sözlər idi. Gəlin məsələyə kompleks yanaşaq. Həmin oyunda biz məğlub olmamalı idik. "Qəbələ" bizdən güclüdür, doğrudur, ancaq bu görüşdə bizim heç olmasa, bir xal qazanmaq imkanımız var idi. Dəqiq deyirəm ki, əsəbi idi. Biz öz aramızda danışdıq. Bu, bizim "mətbəx"imizə aid bir şeydir və detalları açıqlamağa gərək yoxdur.

- Bu gün Rail Məlikovun mövqeyinin dəyişməsi də bununla əlaqədardır?

- Hamımız bilirik ki, Railin doğma mövqeyi sağ cinah müdafiəçisidir. O, millidə də həmin mövqedə oynayıb. Ancaq özünüz də bilirsiz ki, bu gün Məlikov bizə mərkəzdə daha çox xeyir verə bilər. Üstəlik də cinahda çatdırmır. Bu gün bəlkə də çatdırdı, ancaq daha sürətli cinah oyunçusu ilə qarşılaşsa, çatdıra bilməyəcək.

- Samir Abbasovun cəsarətli çıxışı üçün ona alqış düşür?

- Biz axı onun dediklərini heç vaxt inkar etməmişik. Təbii ki, komandanın axsayan mövqeləri var. Ancaq yenə deyirəm, biz bunu artıq müzakirə eləmişik və düşünürəm ki, bu məsələlər klub daxilində müzakirə edilsin. Samir bəyə də, bizim komandaya da alqış düşür!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.