İdman

Uiksin şousu, itkin Prosineçki və ya "Zirə" yenə uduzsa...

26 Sentyabr 2016 12:41
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının cari mövsümündə məğlubiyyət üzü görməyən "Qəbələ" VI turdan da üzüağ çıxdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" səfərdə "Zirə"ni 2:0 hesabı ilə üstələyərək, zirvədəki yerini qorudular.

Qriqorçukun seçimləri

"Qəbələ"nin bu həftə "Maynts"la keçirəcəyi qarşılaşma baş məşqçi Roman Qriqorçukun heyət seçimində rol oynamışdı. Ukraynalı çalışdırıcı kapitan Rəşad Sadiqov, həmçinin yeni transfer Ruslan Qurbanovu ehtiyatda saxlamışdı. Bundan əlavə, "11-lik" 6 legionerlə "dolduğundan", Baqali Dabo da ehtiyatda əyləşməyə məcbur qalmışdı. Qriqorçukun şans verdiyi Murad Musayev "Sumqayıt"la görüşdə olduğu kimi, yenə müdafiənin mərkəzində yer almışdı. Müdafiənin sağında görməyə alışdığımız Məhəmməd Mirzəbəyov sol, Ürfan Abbasov isə sağ cinahda yer almışdı. Avroliqa oyunlarında əsas heyətin üzvü olan Vitali Vernidub isə ehtiyatda qalaraq, "Maynts"la matçın xəyallarını qururdu.
 
Uiks fərqli mövqedə

Matçın startı oyunun aşağı tempdə keçməyəcəyini göstərdi. Bunun məntiqi nəticəsi olaraq, hesabın açılması özünü çox gözlətmədi. Cəzası ilə əlaqədar, "Maynts"la qarşılaşmanı buraxacaq Teo Uiks dünən iş başında idi. Özü də Qriqorçuk ona bu dəfə bir qədər geridən oynamağı, pleymeyker kimi çıxış etməyi tapşırmışdı. Lakin təcrübəli yarımmüdafiəçi imkan tapan kimi irəli də atılırdı ki, belə hücumların birində qapıçı ilə üzbəüz qaldı və soyuqqanlı zərbə ilə "Zirə"ni məyus etdi. Bu qol həm də ilk hissənin yekun hesabını müəyyənləşdirdi.
 
Mendini xatırladan Dabo və Teo yenə iş başında

Fasilədən sonra "Zirə" təzyiqi artırdı. Ev sahibləri hücuma daha çox atılsalar da, cəhdləri səmərə vermirdi. Yarımmüdafiə ilə hücum xətti arasındakı əlaqə istənilən səviyyədə deyildi. Buna görə də, gah son ötürmə çatmırdı, gah da son zərbə. Rəqibin ərazi üstünlüyünü ələ keçirdiyini görən Qriqorçuk dərhal Dabonu oyuna buraxdı. Son vaxtlar yaxşı formada olan hücumçu sürətli reydləri ilə "Qəbələ"nin sabiq futbolçusu Viktor Mendini xatırladırdı. Lakin "Zirə"nin qol axtarışında olduğu və böyük qüvvə ilə irəli atıldığı bir məqamda səhnəyə Dabo yox, yenə Uiks çıxdı. Bu dəfə uzaq məsafədən vurulan zərbə "Zirə"nin qapıçısı Anar Nəzirov üçün qarşısıalınmaz oldu.
 
Hardasan, Bonilya?

Bu qol "Zirə"nin bərabərlik ümidinin də üstündən xətt çəkdi. Ev sahiblərinin hesab arasındakı fərqi azaltmaq cəhdləri də səmərə vermədi. Hücum xəttinin "dişsizliyi" ötən mövsümün ən sərrast futbolçularından olan Nelson Bonilyanın yoxluğunu hiss etdirdi. Təsadüfi deyil ki, son 3 turda xal qazana bilməyən "Zirə" eyni zamanda qol üzünə həsrətdi. Paytaxt klubunun ardıcıl 3 turda - "Kəpəz", "Qarabağ" və "Qəbələ"yə 0:2 hesabı ilə uduzması da diqqətçəkən məqamdı. Bu azmış kimi, qarşıdakı turda "İnter"in qonağı olacaq "Zirə"nin xal qazanacağı çətin görünür. Növbəti məğlubiyyət isə baş məşqçi Adil Şükürovun qovulması ilə yekunlaşa bilər.
 
Prosineçki üçün lazımsız çempionat

Millinin məşqçilər korpusunun "Kəpəz" - "Qarabağ" matçı kimi, bu görüşə də laqeyd yanaşması diqqətdən yayınmadı. Stadionun hər tərəfini gözdən keçirib, tribunalarda cənab Robert Prosineçki və onun köməkçilərini axtarsaq da, tapa bilmədik. Görəsən, Prosineçkinin nə vacib işi olub ki, bu görüşlərə biganə yanaşıb? Bəlkə şənbə günü ölkəmizdə hava şəraitinin pisləşməsi 1 gün öncədən xorvatiyalını qorxuya salıb və planında dəyişiklik etdirib? Və ya Prosineçki də artıq xələfi Berti Foqtsun yolunu tutaraq, çempionat oyunlarını vecinə almır. 
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.