İdman

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 11 medal qazanıb

18 Sentyabr 2016 23:18
1 Şərh     Baxış: 1 360

Brazilyanın paytaxtı Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Milli.Az-a verilən məlumata görə, Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə təmsil olunub.Onlardan 11 nəfəri ilk dəfə olaraq Paralimpiya Oyunlarında iştirak edənlərdir. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.  

Paralimpiya yığmamız medalların ümümi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri arasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

XV Yay Paralimpiya Oyunlarında Pekin Oyunlarına nisbətən 1 medal çox, London Oyunlarına nisbətən isə 1 medal az qazanılmışdır. Lakin, London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdürsə, Rio-da 8 atletimiz bayrağımızı qaldırdı. Bu oyunlarında ilk dəfə olaraq 5 qadın idmançı iştirak etdi və  ümumilikdə 4 medal qazandı.

Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik kafisenti 50% təşkil etmiş və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer almışdır.

İki idmançımız Rio-da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyiblər.

Sevindirici haldır ki, 8 mükafatçıdan 7-i Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Bu da, Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyəti dövründə ehtiyat qüvvələrin hazırlanması istiqamətində gördüyü işlərin müsbət nəticəsidir və  XVI Tokyo Yay Paralimpiya Oyunlarında daha yüksək nailiyyətlər əldə etməsinə zəmin yaradır.

Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə ediblər. Rio-da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı  7-ə yüksəldi. Onlardan iki nəfər iki qat Paralimpiya çempionu və üç qat paralimpiya mükafatçılarıdır.

Xatırladaq ki, Azərbaycan Milli Komandasının kapitanı və bayraqdarı İlham Zəkiyev, ilk dəfə olaraq XV Yay Paralimpiya Oyunlarının açılış mərasiminə milli geyimdə çıxmışdı. Bu da, Marakana stadionuna toplaşmış on minlərlə tamaşaçının böyük marağına səbəb olmuşdu.

Azərbaycan Milli Paralimpiya Komitəsi Rio-de-Janeyro XV Yay Paralimpiya Oyunlarına hazırlıq müddətində paralimpiya ailəsinə dəstək olan Milli Olimpiya Komitəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə, Gənclər və İdman nazirliyinə, Maliyyə Nazirliyinə və müvafiq əlaqədar təşkilatlara, xüsusən ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirir. Bir daha əminliklə bildiririk ki, Milli Paralimpiya Komitəsi bundan sonra da daha yüksək nəticələr əldə etmək üçün bütün qüvvəsini səfərbər edəcəkdir.  

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elshen · 19 Sentyabr 2016 01:0600

    Belke arzu edek ki bundan sonra daha az idmancimiz paralimpiya oyunlarinda ishtirak etsin.Hami oz karyerasini tam saglam shekilde basha vursun,heckime elillik qismet olmasin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.