İdman

18 illik fasilədən sonra 18-ci dəfə üz-üzə

31 Avqust 2016 09:30
1 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Türkiyə və Rusiya yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, Antalya stadionunda təşkil olunacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:30-da çalınacaq.

Öncədən qarşılaşmanın saat 22:15-də başlaması nəzərdə tutulsa da, oyunu canlı yayımlayacaq Rusiyanın 1-ci kanalının istəyi ilə start fitinin 15 dəqiqə gec çalınması qərara alınıb.

Bu, "ay-ulduzlular" və Rusiya (SSRİ) yığması arasında 18 illik fasilədən sonra 18-ci görüş olacaq. Əvvəlki matçlarda Türkiyə 3 qələbə qazana bilsə də, 14 oyundan məğlub ayrılıb.

Budəfəki qarşılaşma iki ölkənin münasibətlərinin normallaşmağa başlamasından sonraya təsadüf etdiyindən, siyasi baxımdan da böyük əhəmiyyətə malikdir. Elə bu səbəbdən, Türkiyə millisinin baş məşqçisi Fatih Terim Rusiyanın rəqib qismində seçilməsini dostluq münasibətlərini bərpa etmək istəyi ilə əlaqələndirib: "Aydındır ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində çətin qrupa düşmüşük. İndi biz Rusiya ilə görüşəcəyik. Əvvəlcə daha sadə texnikaya malik komandaya qarşı oynamağı düşünürdüm. Amma yaxın iki ildə ağır görüşlərimiz olacağından, dostluq naminə Rusiyanı seçdik".

Rusiya millisi isə oyuna yeni baş məşqçi Stanislav Çerçesovun rəhbərliyi altında çıxacaq. 53 yaşlı mütəxəssis ilk görüşündə komandasından ölkəni layiqincə təmsil etməyi istəyib: "İlk növbədə, yaxşı təşkilatlanmış, motivasiyalı, məmnuniyyətlə oynayan və ölkəni layiqincə təmsil edən komanda görmək istəyirəm. Digər tərəfdən, burada olmaq bizə həqiqətən də xoşdur. Yaxşı haldır ki, Rusiya və Türkiyə arasındakı münasibətlər qaydasına qoyulur, böyük siyasətdəki yola getməmələr başa çatıb. Biz dostluq edəcəyik, stadion isə dolu olacaq".
Hər iki komanda 2016-cı il Avropa çempionatında çıxış etsə də, final mərhələsini adlaya bilməyib. Bu görüşə həmin çempionatda kapitan sarğısını daşımış Arda Turanla Roman Şirokov çağırılmayıblar.

Qeyd edək ki, Rusiya yığması növbəti yoldaşlıq görüşünü sentyabrın 6-da Moskvadakı "Lokomotiv" stadionunda Qanaya qarşı keçirəcək. Görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Türkiyə millisi isə sentyabrın 5-də səfərdə Xorvatiya ilə DÇ-2018-in seçmə qrup matçında üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.