İdman

"Bütün bədəni qan içində idi"

26 Avqust 2016 15:16
0 Şərh     Baxış: 2 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, Boks Federasiyasının baş katibi Nağı Səfərovun apasport.az-a müsahibəsini təqdim edir:

- Azərbaycan Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazandı ki, bu mükafatlardan beşi taekvondoçularla boksçuların hesabına yazıldı. Öncə taekvondo yığmasından başlayaq. Komandanın çıxışını necə qiymətləndirirsiniz?
 
- Azərbaycan Taekvondo Federasiyası və taekvondoçular həqiqətən də Rioda yeni tarix yazıb, uğurlu başlanğıcın təməlini qoydular. Təbii, qaliblər mühakimə olunmur. Qazanılan uğur xalqımız üçün yenilik idi.  
 
- Rioya yollanmazdan öncə komandadan neçə medal gözləyirdiniz?
 
- Braziliyaya 4 idmançı ilə getmişdik və onların hər birinə böyük ümidlər bəsləyirdik. Çünki keçirilən yarışlar, onların qazandıqları uğurlar, həmçinin Riodan 2 ay öncə Avropa çempionatında əldə edilən nailiyyət Olimpiadaya optimist fikirlə yollanmağa əsas verirdi. Gördüyünüz kimi, komanda ümidləri doğrultdu.
 
- Taekvondoçularımız 12 il öncə Afina Olimpiadasında debüt etsələr də, medal qazana bilmirdilər. Bu dəfə birdən-birə 3 mükafat, özü də Azərbaycan yığmasının yeganə "qızıl"ının taekvondoda qazanılmasının sirri nədədir?
 
- Düz qeyd edirsiz. Rioda olanda Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin nümayəndələri deyirdilər ki, 16 ildən sonra xalqı sevindirdiniz. Bir çox məsələlər var ki, ona toxunmaq istəmirəm. Kiminsə haqqında danışıb, kiminsə əməyini az qiymətləndirmək düzgün olmaz. Bunun əsas sirri məşqçi-müəllim işinin düzgün təşkil edilməsidir.
 
- Azərbaycan yığmasına qızıl medal sevincini Avropa və dünya çempionu Radik İsayev yaşatdı...
 

- İsayev Olimpiadadan öncə Avropa çempionatında nəinki medalsız qaldı, hətta ilk döyüşündə məğlub olmuşdu. Tək bizim deyil, bütün dünyanın qızıl medal gözlədiyi Milad Beiqi Harçeqani isə Rioda 3-cü yerlə kifayətləndi. Ertəsi gün İsayev döyüşəcəkdi. Baş məşqçiyə dedim ki, Azərbaycan xalqı, federasiya və şəxsən ölkə başçısı cənab İlham Əliyev taekvondoçulardan qızıl medal gözləyir. Sizin fikriniz nədir? Məşqçi cavabında: "Radik elə idmançıdır ki, bəzən sıfır, bəzən 100 faiz hazır olur. Sabah döyüşə 100 faiz hazır çıxacaq, narahat olmayın", - dedi. Yəni, məşqçi onun psixologiyasını bilirdi. Radikin hansı rəqiblərə necə qalib gəldiyini hamı gördü. Çox sərbəst döyüşdü. Özü də deyir ki, ən rahat görüşüm finalda oldu.
 
- Azərbaycan idmançıları Olimpiadalarda qazandığı çempionluğun ardını gətirə bilmirlər. Artıq bütün titullara malik İsayevin də eyni problemlə üzləşəcəyindən ehtiyatlanmırsınız?
 
- Məşqçiyə çox inanıram. O, idmançının bu problemi yaşamasına heç vaxt imkan verməz. Bir məsələni də qeyd etməliyəm ki, Radik 87 kq çəki dərəcəsində dünya çempionu olmuşdu. Amma Rioda ağır çəkidə, +80 kq-da Olimpiya çempionu adını qazandı. Yəni, bu idmançıdan ikiqat səbir, dözüm və güc tələb edir. Onu İsayev də, məşqçi də dərk edirdi. Olimpiada öncəsi necə ağır məşqlər edirdi. Hətta bəzən deyirdi ki, döz bilmir, hər şeyi atıb getmək istəyir. Amma qızıl medal qazandıqdan sonra məşqçinin əlindən öpməsi, "çox sağ ol" deməsi fəxr edici an idi. Əziyyətinin bəhrəsini gördü.
 
- Milad Beiqi Harçeqanidən çempionluq gözlədiyinizi vurğuladınız. Bəs bürünc medalla kifayətlənən Miladın fəxri kürsünün ən yüksək pilləsinə qalxmasına nə mane oldu?
 
- Açığını deyim, o, bütün dünyanın qəbul etdiyi böyük idmançıdır. Rioda ona "taekvondonun Messisi" deyirdilər, hər bir kəs onu tanıyırdı. İranlı dünya çempionu Mehdi Xodabəxşini 17:5 hesabı ilə məğlub etdi. Amma təəssüflə qeyd edim ki, bundan sonra İran nümayəndə heyətinin bəzi üzvlərinin münasibəti, iranlı azarkeşlərin reaksiyasının ciddi psixoloji təsiri oldu. Çalışdırıcı ona xeyli mənəvi dəstək verdi, ona Olimpiadada iştirak etmək kimi ən böyük arzusunu reallaşdırdığını dedi, amma çox təəssüf ki, nəticəsi o qədər də parlaq olmadı.
 
- 22 yaşlı Patimat Abakarova üçüncü yeri tutmaqla, taekvondoda ilk Olimpiya medalını qazandırdı. Onun ilk döyüşü bir qədər zəif keçirməsi və "qızıl" yolundan çəkilməsi nədən irəli gəlirdi?
 
- Yarışa çox ciddi hazırlaşmışdı. Hətta bir neçə yarışda serbiyalı Tiyana Boqdanoviçə qalib gəlmişdi. Patimat ilk döyüşdən sonra dedi ki, Olimpiadanın ajiotajı, kameralar onu çətin vəziyyətə salmışdı. "Sanki kar olmuşdum, heç bir şey eşidə bilmirdim. Mən ayılanda artıq 3-cü raundun sonu idi" dedi. Özünüz də gördünüz ki, son hissədə çox inamlı təsir bağışladı və yekunda belə deyək, 0,5 xalla rəqibinə məğlub oldu.
 
- Harçeqani və Abakarovanın bürüncünü uğur sayırsız, yoxsa daha artığını gözləyirdiz?
 

- Bizə indi də deyirlər ki, medal sayı çox, əyarı daha yüksək ola bilərdi. 2 qızıl mükafat da qazana bilərdik. Amma nəzərə alaq ki, 16 il Azərbaycan taekvondosunda medal olmayıb. Afina, Pekin, London Olimpiadalarında yalnız bir "bürünc" gözləyirdik ki, onu da əldə edə bilmirdik. İndi 4 idmançıya 3 medal qazanmaq böyük uğurdur.  
 
- Taekvondo yığmamız Rionu komanda hesabında 4-cü yerdə başa vurdu. Bu, Azərbaycan taekvondosunun gücüdür?
 

- Bildiyiniz kimi, kişilərdən ibarət millini Reza Mehmandost, qadınlardan ibarət komandanı Sun Mi Park çalışdırır. Onların xarakterində bir şeyi sevirəm ki, məğlub olmağı istəməyən məşqçilərdir. Hətta Mehmandost dedi ki, Tokioya 2 deyil, 4 taekvondoçu ilə getmək istəyir. Belə bir şey mümkündür. Qran-prilərdə iştirak edib, ilk "beşliy"ə düşmək lazımdır. Yəni, 4 çəkinin hər birində bu uğuru qazansaq, Olimpiya Oyunlarında maksimum heyətlə təmsil olunacağıq.
 
- Riodada uğurda iranlı baş məşqçi Reza Mehmandostla koreyalı Sun Mi Parkın da əməyi böyükdür. Onlarla əməkdaşlıq davam edəcəkmi?
 
- Biz hər 2 mütəxəssislə Rio Olimpiadasının sonuna kimi müqavilə bağlamışdıq. Təbii ki, onların anlaşması ən azı Tokio-2020-nin sonuna kimi uzadılacaq.
 
- Boks yığmamızın çıxışı haqda nə deyə bilərsiniz?
 
- Onların da çıxışını qənaətbəxş hesab etmək olar. Çünki boks tariximizdə heç vaxt Olimpiadalarda finala yüksələn idmançımız olmamışdı. Rioda Lorenzo Sotomayor bunu bacardı. Üstəlik, nəinki finalçı oldu, bütün dünyanın gözü qarşısında onun qızıl medalını əlindən aldılar.
 
- Rioya son anda lisenziya qazanan Kamran Şahsuvarlı və artıq öz çəkisinin liderinə çevrilən Lorenzo Sotomayorun medal qazanması sürpriz idi?
 
- Şahsuvarlının bürünc medal qazanması sürpriz idi. O, Bakıda keçirilən lisenziya turnirində 5-ci olmaqla, Rioya lisenziya qazanmışdı. Sadəcə, əzmkarlığı Kamrana imkan verdi ki, mükafata sahib çıxsın. Püşkdə bəxti gətirməmişdi. 2 dünya çempionunu mübarizədən kənarlaşdırdı. Bir faktı deyim ki, Kamran 1/4 finalda qazaxıstanlıya qalib gəldikdən sonra onunla görüşmək, şəkil çəkdirmək istədik. Amma rəqibdən o qədər zərbə almışdı ki, bütün bədəni qan içində idi. Hətta gənclər və idman naziri Azad Rəhimov onu qucaqlayıb, təbrik edəndə qana bulaşdı. Orada da medal qazanmaq istəyən idmançının belə döyüşüb istəyinə nail olması qeyd edildi. Sotomayora gəlincə, dünya çempionatında da haqsızlıqla üzləşmişdi. Dohada rus boksçuya qalib gəlsə də, hakim ədalətsizliyinin qurbanı olmuşdu. Bu səbəbdən Rioya çox ciddi hazırlaşmışdı. Çətin rəqiblərlə üz-üzə gəlməsinə baxmayaraq, çox asanlıqla qalib gəldi. Finalda da biz qızıl medalı gözləyirdik. Üçüncü - həlledici raundda hesab bərabər idi, özbəkistanlı boksçu bir zərbə belə vurmadı. Belə olan halda, hər 3 hakimin 3:0 hesabını rəqibə verməsi onu göstərirdi ki, danışılmış bir hadisə, bizim üçün əvvəlcədən qurulmuş tələ idi. Orada əgər hakimin hansısa 2:1 hesabını bizim xeyrimizə versəydi, qalib gələcəkdik. Sadəcə, referilər özlərini sığortalamaq üçün belə bir qərar verdilər. 
 
- İlk dəfə kişilərin yarışında tam heyətlə təmsil olunduğumuz yarışa 4 dünya çempionu ilə yollansaq da, onlar ümidləri doğrultmadılar...
 

- Bilirsiz, əvvəlcədən hiss edirdik ki, bizə qarşı hakim ədalətsizliyi var. London-2012 ilə müqayisədə boksçularımızın fiziki hazırlığı, gücü yaxşı vəziyyətdə idi. Lakin Olimpiadanın ab-havası çıxışlarına müəyyən mənada təsir etdi. Yığmamızda bürünc medallar həmişə olub. Bu dəfə gümüş mükafat da qazandıq ki, bu da üç 3-cü yerdən daha yaxşıdı, uğurdur. Əgər diqqət yetirsəz, Rio-2016-da ən çox hakim ədalətsizliyi ilə üzləşən boksçular oldular. Sotomayorun döyüşündən öncə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirak etdiyi görüşdə 91 kq çəki dərəcəsində qazaxıstanlı Vasili Levit rusiyalıya necə qalib gəldi. Amma qələbəni qarşı tərəfə verdilər. Tomas Baxın özü oradan çıxıb getdi ki, bu necə olur? Sonra dünya çempionu Maykl Kolnanın adını çəkmək olar. Sotomayora qarşı hakimlərin etdiyi haqsızlıq ona qarşı da edildi. 
 
- Yana Alekseyevnanın çıxışı barədə də fikirləriniz maraqlıdır. Çünki xanım boksçu ilk döyüşünü qələbə ilə bitirəcəyi halda, ən azı bürünc medalı təmin edəcəkdi. Onun startda büdrəməsi nədən irəli gəldi?

- Yana çox hazırlıqlı boksçudur. Boksda səhv bir tendensiya var. Əgər I raundu rəqibə verirlərsə, idmançı artıq özünü itirir və döyüşü necə quracağını bilmir. Artıq onda psixoloji fikir yaranır ki, uduzuram. Yana ilk raundda qalib gəlmişdi. Amma qələbəni çinli rəqibinə verdilər. Alekseyevna da fikirləşirdi ki, bu üslubda döyüşmək alınmır, bunu dəyişməliyəm, başqa cür işləməliyəm. Bu da çıxışına təsir etdi və məğlub oldu. Hakimlərin ciddi səhvləri vardı. Hətta Rioda öz aramızda deyirdik ki, ədalət təmsilçiləri boksçularımıza qarşı "Səlib yürüşü" etdilər. Başqa bir faktı deyim ki, heç vaxt belə bir şey olmamışdı. Orada olduğumuz müddətdə AİBA-nın qəbul edib, hər ay maaş verdiyi ən yaxşı 5 hakimi yarışdan uzaqlaşdırdılar. Nəinki hakim, yarışın icraçı direktoru olan AİBA-nın baş katibi Kərim Bouzidini də işindən kənarlaşdırdı. Sonradan Bouzidi müsahibəsində dedi ki, bu AİBA prezidentinin əməlləridir. Yəni, Olimpiada gedə-gedə dünyanın ən yaxşı 5 referisini və baş katibi işindən azad etmək nəyinsə düzgün getməməyindən xəbər verir.   
 
- Yeni qaydalardan narazıların sayı çoxdur. Bunun dəyişməsi üçün hansısa federasiyalar birləşib təkliflər verə bilməzlər?
 
- Başqa problemli bir məsələ də var. AİBA-nın yeni qanunlarına əsasən, döyüşdən etiraz vermək olmaz, ümumiyyətlə qəbul edilmir, qadağandır. Əgər bunu yığışdırıblarsa, hansı haqq-ədalətdən söhbət gedə bilər?  
 
- Boskçuların fiziki cəhətdən hazırlığını vurğuladınız. Amma əksər mütəxəssislər kişilərdən ibarət yığmanın məşqçilər korpusunun son raundlarda təmsilçilərimizə düzgün taktika seçmədiyini deyirlər. Bununla bağlı siz nə deyə bilərsiz?
 
- Məşqçilərin işinə qarışmaq istəməzdim. Sadəcə, ilk 2 raundu başqa idmançıya verirlərsə, son hissədə onun açıq döyüşdən başqa variantı qalmır. Çünki bəlkə bəxti gətirə, nəsə ola.
 
- Bəs yığmalarımızın baş məşqçiləri Pedro Rok (kişilər) və Aleksandr Denisovla (qadınlar) yolunuza davam etməyi planlaşdırırsızmı?
 
- Bir neçə gündən sonra federasiyanın İdarə Heyəti yığılacaq. Ondan sonra bu haqda qərar veriləcək.  
 
- Artıq bir çox boksçularımızın yaşı çoxdur və onların Tokioda iştirakı heç də asan olmayacaq. Maraqlıdır, komandada hansı çəkilərdə yeni simaya ehtiyac var və kimlər üçün Rio Olimpiadası son oldu?
 
- Təbii ki, yeni simalara ehtiyac var. Hətta Rioda idmançıların bəziləri öz karyeralarını başa vurğunu elan etdilər. Albert Səlimov, Lorenzo Sotomayor, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov komandadan gedəcəklər. Düşünürük ki, Azərbaycan çempionatının yekununa əsasən yeni bir komanda formalaşdıraq və həmin heyətlə Tokio Olimpiadasına hazırlaşaq.
 
- Onların heç birinə müvəqqəti də olsa, yəni öz çəkilərində 1 nömrə yetişənə kimi komandada qalıb kömək etməyi təklif etmədiz?
- Səlimovla Sotomayorun mübarizə apardığı müvafiq olaraq, 60 və 64 kq çəki
dərəcələrində kifayət qədər güclü boksçularımız var. Böyük çətinliklərimiz ağır - 91 kq və +91 kq çəkilərdə ola bilər. Artıq ən ağır çəkidə gənclər arasında dünya çempionumuz var. Zədələnmişdi, əməliyyatdan çıxıb. Ancaq yaxşı formadadı və düşünürük ki, onu komandaya cəlb edək. Düzdü, ağır çəkilərdə haradasa boşluq hiss olunacaq. Olimpiya yığmamızın bayraqdarı Teymur Məmmədovun özünün də fikri var ki, 81 kq çəki dərəcəsində onda alınmadığından 91 kq-a qayıtsın. Yekunda uğur münasibəti ilə hamını təbrik edirəm və ümid edirəm ki, davamlı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.