İdman

Qurban Qurbanov: "Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq"

25 Avqust 2016 23:22
1 Şərh     Baxış: 2 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbolçularımı təbrik etmək istəyirəm. Qələbə üçün əllərindən gələni etdilər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Höteborq"u qəbul edib. İlk görüşdə İsveçdə minimal hesabla (0:1) məğlub olan "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda bunun əvəzini artıqlaması ilə (3:0) çıxaraq, qrup mərhələsinə vəsiqə qazanıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Möhtəşəm azarkeşlərimizi, rəhbərliyi və sizi təbrik edirəm. Çətin turnir oldu. Çempionlar Liqasındakı məğlubiyyət bizə təsir etdi. Amma tez bir zamanda hamı başa düşdü ki, bu, futboldu, belə hallar olur. Futbolçuların yüksək motivasiyası bu gün bizə qələbə qazandırdı. Ardıcıl 3-cü ildi qrupa düşdüyümüz üçün sevinirəm. Həmçinin "Qəbələ"yə də uğurlar arzu edirəm. İndi də onların oyununu gözləyirik. Tez gedib, onların da oyununa baxmaq istəyirəm. Böyük ölkələrin komandaları nə qədər çox gəlsə, bizim üçün çox vacibdi".

- Dünənki mətbuat konfransından sonra korner yadınıza düşdü, yoxsa əvvəldən planda var idi?

- Bir az başqa cür etdik. O zona boş qalırdı. Rəşad da bundan istifadə etməyi bacardı.

- "Qarabağ" qrup mərhələsini də adlaya bilərmi?

- Hələ püşkatmaya baxacağıq. İki il ardıcıl şansımız oldu. Bu gün şadam ki, minimum vəzifəni yerinə yetirdik. Ola bilsin ki, qrupda bu dəfə daha rahat oynadıq. Çünki futbolçular daha təcrübəlidilər. Müəyyən səviyyəyə gəlib çatmışıq. İlk növbədə bunu qorumağa çalışacağıq. İnşallah, qrupdan da çıxarıq.

- Rəqibin baş məşqçisi dedi ki, "Mançester Yunayted"lə düşsəniz, onları parçalamağınızı arzu edirəm...

- Bizim öz arzularımız var. Çalışırıq işimizdə düzgün, səbrli olaq. Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq. İşimizin dəyərini bilməyi düşünürük. Belə olsa, nəticə özü gələcək.

- Bu oyunda rəqibin müdafiəsində boşluqlar yarandı. Bunu nə ilə əlaqələndirmək olar?

- Çünki rəqibi artıq daha yaxşı tanıyırdıq. Həm də öz meydanımızda çıxış edirdik. Rəqib də öndə idi, müdafiəyə daha çox diqqət ayırmışdılar. Bu da işimizə yaradı. Pressinq etsəydilər, bizə çətin olardı. İstədilər ki, İsveçdəki oyunu təkrarlasınlar. Amma bizim də başqa yolumuz yox idi.

- Meydançanın durumu bərbad idi. Olmaz ki, növbəti görüşü Olimpiya stadionunda keçirəsiniz?

- Mən də oyunun gedişində narahat idim ki, hansısa futbolçu zədə ala bilər. Şükür ki, hamısı sağlam oldu. Hələ bir qərar verə bilmərik. UEFA da yəqin ki, öz etirazını bildirəcək. Hətta oyundan sonra UEFA nümayəndəsi bunu qeyd etdi. Fikirləşirik ki, qrupda ilk oyunu səfərdə keçirsək yaxşı olar ki, vaxt udaq. Bu stadiona öyrəşmişik.

- Oyunun gedişində düşünmədiniz ki, biz bu rəqibə səfərdə niyə uduzmuşuq?

- Xeyr, belə düşünədim. Həmin görüşdə uduzmasaydıq, bəlkə də, daha rahat çıxardıq və belə çıxış etməzdik. Burda üstünlük bizim tərəfimizdə idi. Azarkeş dəstəyi də bizə əlavə motivasiya verirdi. Meydanın durumu yaxşı olmasa da, uşaqlar çalışdılar nəticə versinlər. Səfərdəki matçdan fərqli bir neçə hesablanmış hücum qurduq. Künc zərbələri belə, istədiyimiz kimi alındı.

- Elvin Yunuszadə bu gün pis təsir bağışlamadı. Amma topu qəbul edəndə daha çox qapıçıya ötürürdü. Bu sizin tapşırığınızdı, yoxsa özünə inamı yoxdu?

- Elvin bir oyuna görə tənqid olundu. Daha çox həmin vaxt mən tənqid olundum. Elvin ötən mövsüm birinci dövrədə hətta Rəşad Sadıqovdan da çox oyun keçirmişdi. Oynamayanda praktika itir. Düzdü, xarakterində zəiflik var, oynamaq üçün daha istəkli olmalıdı. Amma belə görüşlərdə özünü yaxşı göstərə bilir. O, bizim 3 əsas müdafiəçimizdən biridi. Hər bir futbolçunun borcudu ki, öz şansını gözləsin. Bəzi futbolçularda bu amil çatışmır. Elvində bir az boşluqlar var. Hələ tam bacarmıram, amma hələ vaxtımız var.

- Bədavi meydanda olmayanda, həmin mövqedə axsama olur. Müdafiəçi almağı düşünmürsüz?

- Açığı, maraqlanırdıq. Amma bəzən oyunçuların sayını artırıb, digərlərinin önünü kəsmək istəmirik. Limitə görə, Elvin kimi futbolçuya ehtiyac var. Hələ qəti qərar verməmişik. Bir neçə varianta baxmışıq. Hərtərəfli sərf edən variant olsa, bir mərkəz müdafiəçisi ala bilərdik. O ki qaldı qapıçıya ötürmə verməsinə, rəqibin hücumçusu ona çox yaxın oynayırdı. Buna görə də, düzgün addım atırdı. Ortaya çox pas olmasını istəmirdim. Çünki meydanın o hissəsində problem var idi. Rəşad təcrübəli olduğu üçün ötürmə verirdi.

- Qara Qarayevin daha çox geridə olması nəyə hesablanmışdı?

- Rəqib 2 hücumçu ilə oynadığı üçün bunu özümüz belə planlaşdırmışdıq. Bizə qol vurmaq lazım idi. Riçarda da irəli getməyi tapşırmışdım. Qaranı özümüz geridə saxlayırdq ki, əks-hücumdan oyunçuları sığortalaya bilsin.

- Çempionatda yaranmış fasilə ürəyinizcədimi?

- Fasilə hər yerdə olur. Bizdə daha çoxdu. Amma milli komanda amili var. Bizim 9 oyunçumuz əsas yığmada olacaq. Bir yoxlama görüşü keçirəcəyik. Futbolçularımız oyunsuz qalmayacaqlar. Bəzi oyunçular üçün də formasını yaxşılaşdırmaq üçün bir fürsətdi.

- Bədavi Hüseynovun durumu necədi?

- Bədavinin zədəsi arxa əzələsindəndi. Ehtiyatli olmalıdı. Deməzdim ciddidi. Amma qorunmalıdı. Namiq Ələsgərovda 3 dəfə belə oldu, çox vaxt itirdi. Bədavi tam bərpa olunduqdan sonra məşqlərə başlayacaq.

- Riçard Almeydaya görə qapınızı döyən yoxdu?

- Bir dəfə döyüb, gediblər (gülür). Riçard əsas oyunçularımızdan biridi. Bu komandaya çox bağlıdı. Ərəbistandan təklif olmuşdu. Bizə rasmi təklif göndərmişdilər. Ona burdakından da çox pul verirdilər. Amma dedi ki, "Qarabağ"ı tərk etmək istəmirəm. Karyerası baxımından daha yaxşı təklif olsa, hər bir futbolçunu göndərə bilərik.

- Hər qol epizoduna təəssüflənməyinizin səbəbi nə idi? Bu, qisas almaq arzusundan qaynaqlanır?

- Hiss etməmişəm bunu. Ola bilsin ki, hər hansı bir reaksiya olsun. Amma bizdə qisas yoxdu. Futbolda nəticəyə oynamağı bacarmalısan. Qisas şəxsi həyatda olur. Qisas arzusu məğlubiyyətə gətirib çıxara bilər. Hansısa məğlubiyyət bizə daha faydalı olur ki, futbolçular özlərini daha yaxşı hazırlayırlar. İnsan elədi ki, nə qədər desə mən qələbəni öz üzərimə götürməyəcəm, amma içində fərqli hisslər keçirir.

- Qara Qarayev ötən mövsüm bəzən əsas heyətə düşə bilmirdi. indi istədiyiniz formadadı?

- Qara həmişə öz üzərində çalışan futbolçudu. Biz komandaya faydası dəyən hamıya heyətdə şans verməyə çalışırıq.

- Çempionatda komanda sayının azalması Avroliqada çıxışınıza təsir edə bilərmi?

- 8 komandalı çempionat ölkə futbolu olaraq bizim üçün böyük "minusdu". Amma bəzi situasiyalara görə, buna yox deyə bilmirik. Əgər sponsor yoxdusa, yalandan komanda düzəltməyin faydası yoxdu. Gələn mövsüm bəlkə 12 komanda oldu. İnşallah, gələn il iqtisadi vəziyyət də düzələr, say artar. Bunun Avroliqadakı çıxışımıza təsir edəcəyini düşünmürəm. Eyni proqram olacaq. Aprelin sonlarında çempionat bitməlidi. Yenə sıx qrafik olacaq. Sadəcə, ola bilər ki, bəzi komandaların səviyyəsi aşağı düşəcək. Amma başqa çıxış yolumuz yoxdu.

- Sizin özünüzə hansısa ölkədən təklif olub?

- Biz azərbaycanlıyıq, burdayıq. Ölkənin reytinqinə baxmaq lazımdı. Təklif üçün hələ tezdi. Bu barədə düşünsəm, özümdən çox razı olmuş olaram. Bunun üçün çox təcrübə toplamaq lazımdı.

- Yenidən "Viktoriya" ilə düşmək istərdiniz?

- İnsan düşmənlə qarşılaşmağı heç vaxt istəmir. Onlarla bir qrupa düşsək, yenə qisasla bağlı suallar olacaq. Kim düşsə, yenə o istəklə oynayacağıq.

- "Qəbələ"nin oyununda fasilədi. Onların paltardəyişmə otağına getsəniz, nə məsləhət verərsiniz?

- Mənim orda nə işim var. Onların çox yaxşı, istəkli baş məşqçisi var. İşini bilən adamdı. O, hər şeyi yoluna qoya bilir. Onlara inanıram. İnşallah, 90 dəqiqədən sonra təbrik edərik.

- Əl Hərbi Əl Jadeyui Avroliqada iştirak etmir. Onun gedişi gözlənilirmi?

- Əl Hərbi oynayıb. Ötən il də meydana çıxıb. Keçən matçda iştirak etdi, qol da vurdu. Avroliqada 16 oyunçu yazmalıyıq. Bədavi zədələndi, Elvini oynatdıq. Sabah başqası da ola bilər. Elə bir futbolçu yoxdu ki, ondan yararlanmayaq. Hər oyunçu Əl Hərbi kimi özünü idarə edə bilmir. O, çox intizamlıdı. Hər futbolçuda belə xarakter olmur.

- Avroliqadakı zəfər, Çempionlar Liqasındakı uğursuzluğu unutdurdumu?

- Bu gündən danışaq. Keçmişə qayıtmaq istəmirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.