İdman

Baş məşqçi: "Təslim olmayacağıq və irəliyə addımlayacağıq"

24 Avqust 2016 07:10
Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Gimnastika Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin rəhbərlikləri gimnastımız Marina Durundanın Rio-2016-da çıxışını yüksək qiymətləndirdilər.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib.

O, qeyd edib: "Federasiyamızın rəhbərliyi, eləcə də Gənclər və İdman Nazirliyinin rəhbərliyi bizi təbrik etdilər və çıxışımızdan razı qaldıqlarını bildirdilər. Digər ölkələrin nümayəndələrinin də Marinanın olimpiadada yüksək səviyyəli çıxış etdiyini qeyd etmələri xüsusilə xoş oldu. Biz təslim olmayacağıq və irəliyə doğru addımlayacağıq".

Baş məşqçi M.Durundanın çıxışından razı qaldığını deyib və hesab edir ki, bu uğur Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunlarında yaxşı nəticənin əldə olunması üçün təkan olacaq.

M.Vasileva əlavə edib: "Prinsipcə, Marina ondan tələb olunan tapşırıqları yerinə yetirdi, hətta artıqlaması ilə. İlk iki hərəkətdən sonra verilən qiymət gözlədiyimizdən aşağı oldu və biz finala yüksələ bilməyəcəyimizi anladıq. Amma şükür Allaha ki, Marinaya və hamımıza güc verdi. Braziliyalı tamaşaçılara və bizi dəstəkləyən hamıya təşəkkürlər! Bir çoxları 20 gün ərzində bizim məşqlərimizi izlədi və gördülər ki, finalçılar arasında olmağa layiqik. Marina bütün dörd hərəkəti səhvsiz yerinə yetirdi və bu nəticə ona finala çıxmağa kömək etdi, finalda isə ondan daha yaxşı çıxış tələb olunurdu və o bunu etdi. Mən ondan çox razıyam və hesab edirəm ki, bu onun üçün Tokio-2020 yolunda tramplin olacaq".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.