İdman

Belarusda qalmaqal: idmançıları heçə saydılar - FOTO

28 İyul 2016 08:23
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Assosiasiya prezidenti Valentin Bayko, eləcə də Belarusun İdman və Turizm Nazirliyindən heç kim mərasimdə yer almayıb

Belarus paytaxtındakı "Minsk-Arena"nın Velodromunda yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasındakı dünya çempionatının açılış mərasimi keçirilib.
Milli.Az "Report"a istinadən bildirir ki, tədbirə Beynəlxalq Kanoe Federasiyasının (İCF) I vitse-prezidenti İştvan Vaşkuti də qatıldığı halda, Belarus Kanoe Assosiasiyasını icraçı direktor Sergey Şablıko təmsil edib.
Assosiasiya prezidenti Valentin Bayko, eləcə də Belarusun İdman və Turizm Nazirliyindən heç kim mərasimdə yer almayıb. Qeyri-rəsmi səbəb kimi bir neçə gün öncə İCF tərəfindən Belarusun kayak və kanoe üzrə yığma komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırılması göstərilib. Öncədən yüksək səviyyəli hazırlığın görülməsinə baxmayaraq, diskvalifikasiya xəbəri Belarus tərəfini İCF-nin tədbirinə etinasız yanaşmağa sövq edib. Hətta dünya çempionatından imtina etmək istəyən milli assosiasiya sonra fikrindən daşınaraq, etirazını bəzi addımlarla göstərməyə çalışıb. Bunlardan biri kimi İCF rəhbərliyinə qarşı etinasızlığı göstərmək olarsa, digəri açılış mərasiminin keçirildiyi "Velodrom"a internetin ümumiyyətlə verilməməsi, komandaların məskunlaşdıqları "Belarus" otelinə isə aşağı sürətlə verilməsidir.
S.Şablıko rəsmi hissədəki çıxışında dünya çempionatının keçiriləcəyi Zaslavl Avarçəkmə Kanalının bu yaxınlarda yenidən qurulduğunu bildirib. O, hər bir ölkənin tərkibində çempionata güclü idmançıların gəldiyinə əminlik ifadə edib və bacarıqlarını ən yüksək səviyyədə göstərməyi arzulayıb.
İ.Vaşkuti isə yarışa 5 qitə üzrə 67 ölkənin 1000-dən çox kayakçı və kanoeçisinin qatılmasından məmnunluq ifadə edib. O, hər bir idmançını göstərəcəkləri nəticədən asılı olmayaraq, qalib adlandırıb: "Çünki 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları keçiriləcək. Həmin olimpiadaya çoxunuz gedəcəksiniz. Minskdəki dünya çempionatı məhz təcrübə toplamaq baxımından önəmlidir. İCF-nin təşəbbüsü ilə çempionata bir neçə yeni üzv ölkədən idmançılar da qatılıb. Onlara yaradılan şəraitə görə Belarus Kanoe Assosiasiyasına minnətdaram".
Belarus himninin səsləndirilməsindən sonra yerli musiqiçi və rəqs qruplarının iştirakı ilə bədii hissə olub. Sönük məcrada keçən tədbir beləcə yekunlaşıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı Tamerlan Mustafayev 23 yaşadək kayakçılar, Mixail Bıkxalo yeniyetmə kanoeçilər arasında 1 nəfərlik qayıqla 200 metr, kanoeçilərdən ibarət Nikita Sablin - Aleksey Kupin dueti isə 2 nəfərlik qayıqla 1000 metr məsafələrə yürüşdə təmsil edir.
Yürüşlərə iyulun 28-də start veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.