İdman

Debütantsız yubiley, ilk “səkkiz”lik, “Qarabağ”ın ulduz arzusu

25 İyul 2016 15:20
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Premyer Liqada yeni mövsümün püşkatması keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sayca 25-ci - yubiley Azərbaycan çempionatının iştirakçıları ilk turdakı rəqiblərinin kimliyini biləcək.

AFFA-nın inzibati binasında baş tutacaq tədbirdə 8 klub iştirak edəcək. 2016/17 mövsümündə ölkənin ən güclüsü olmaq uğrunda "Qarabağ" (Ağdam), "Zirə" (Bakı), "Qəbələ" (Qəbələ), "İnter" (Bakı), "Kəpəz" (Gəncə), "Neftçi" (Bakı), AZAL (Bakı), "Sumqayıt" (Sumqayıt) mübarizə aparacaq.
 
Son 3 mövsümdə olduğu kimi bu dəfə də komandalar 4 dövrədə münasibətlərini ayırd edəcək. Lakin iki dəfə 10, bir dəfə 9 komandanın mübarizə apardığı həmin çempionatlarda 36 tur baş tutmuşdusa, qarşıdakı mövsüm 28 turdan ibarət olacaq.
 
İlk iki dövrəsi, yəni 14 turu bu il keçiriləcək çempionatın ikinci yarısı 2017-ci ilə təsadüf edəcək. Ötən mövsüm olduğu kimi bu dəfə də iştirakçıların yarısı Bakı, yarısı paytaxtdan kənar bölgələrin təmsilçisidi. Amma hər ikisinin sayı 5-dən 4-ə enib.
 
Ümumiyyətlə, 2016/17 mövsümü ölkə çempionatları tarixinə ən az komandanın mübarizə aparması ilə düşəcək. 1992-ci ildə 26 komanda ilə start götürən turnirdə ən azı 9 komanda iştirak etmişdi. Bu da 10 komandanın start xəttinə çıxıb, "Araz-Naxçıvan"ın çempionatın gedişində dayandığı 2014/15 mövsümündə qeydə alınmışdı.
 
Püşkü gözləyən 8 komandadan 4-ü müxtəlif illərdə çempion titulunu qazananlardısa, dördü ilk arzusunda olanlardı. "Neftçi" 8, "Qarabağ" 4, "Kəpəz" 3, "İnter" 2 dəfə qızıl medallara sahib olub. Son 3 ildəki uğurları ilə çempionluq sayını 4-ə çatdıran Ağdam klubu üçün qarşıdakı mövsüm daha böyük əhəmiyyət kəsb edir. Ardıcıl 4 qızıl qazanan ilk komanda adına yiyələnməklə yanaşı, həm də 5-ci çempionluqla ilk ulduzu formasına həll etdirmək şansı yaranıb. Əyalət klubu bunu bacarsa, "Neftçi"dən sonra ulduz qazanan 2-ci klub kimi tarixə düşəcək.
 
Yeni mövsüm həm də onunla əlamətdardı ki, turnirdə debütant olmayacaq. I diviziondan heç bir komanda lisenziya almadığından Premyer Liqa təcrübəli komandalar yenidən öz aralarında qüvvələrini sınayacaq.
 
Qeyd edək ki, Peşəkar Futbol Liqasının keçirdiyi püşkatma saat 12:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.