İdman

"Juventus" Avropanın aparıcı klublarından geri qalmır"

27 May 2016 07:37
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Juventus"un qapıçısı Canluici Buffon "Mastercard"ın rəsmi səfiri təyin olunandan sonra xarici mətbuatın bir sıra suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, təcrübəli qolkiper "qoca senyora"nın növbəti mövsüm üçün ambisiyaları, AVRO-2016 haqqında gözləntiləri haqqında danışıb.

- Hansını seçərdin: Çempionlar Liqasında çempion olmaq, yoxsa 2018 mundialının qalibi olmaq?

- Xeyli mükafat qazanmış, qələbəyə vərdiş etmiş istənilən futbolçu həmişə titula can atır. Ayırmaq istəmirəm. Hədəfim hər turnirdə qalib gəlməkdir.

- Bu mövsüm Çempionlar Liqasında irəli getmək üçün "Juventus"da nə çatışmadı?

- Fikrimcə, ötən ilki finalda qətiyyət və özünəinam az idi. Bu keyfiyyətləri "Bavariya" ilə hər iki oyunda göstərə bildik. "Juventus"un səviyyəsinə görə Avropanın aparıcı klublarından geri qalmadığını göstərmiş olduq.

- Polşa millisi və xüsusən Robert Levandovski haqqında nə düşünürsən?

- Polyaklarda hər zaman istedadlı futbolçular olub. Hazırda bu komanda yüksəlişdədir və bir neçə ildir inkişaf edir. Polşanın heyətində Levandovski kimi səviyyəli hücumçunun olması isə komandanı daha təhlükəli edir.

- Antonio Konte İngiltərə Premyer Liqasına hansı yeniliyi gətirə bilər?

- Kontenin Premyer Liqada işləyəcəyi məni sevindirir. Qvardiola, Konte, böyük ehtimalla Mourinyonun olacağı turnir böyük maraq doğuracaq. "Chelsea"nin futbolçuları Kontenin məşqlərindən həzz alacaq (gülür). Jurnalistlər də onun iş tərzini bəyənəcək. Konte İngiltərədə uğur qazanacaq.

- Çempionlar Liqasının finalında iki ispan komandası qarşılaşacaq. Kimin qalib olacağını düşünürsən?

- Futbolda ədalət varsa, "Atletico" qalib gələcək. Taleyə inanıram. Həm də başa düşürəm ki, "Atletico"nun "Real"a qalib gəlməsi çətin vəzifədir. "Kral klubu" finallarda zəngin təcrübəyə malikdir.

- Avropa çempionatında hansı komandaların qalibiyyət şansları yüksəkdir?

- Fransanın. Onlar evdə oynamaqla digər komandalardan daha motivasiyalı olacaq. Bundan başqa Fransanın əla heyəti var. Favoritlər sırasına Almaniyanı da daxil edərdim. Daha bir favorit İspaniyadır. Məncə, turnirin gizli favoritləri İtaliya və Belçikadır.

- Patris Evranın "Juventus"dakı nüfuzu nə qədərdir?

- O, kollektivə sakit inteqasiya olundu,oyunumuzun konstruktiv hissəsinə çevrildi. Meydanda və ondan kənarda dost münasibətimiz var. Bütün komanda yoldaşlarım mənim fikirlərimə qulaq asır. Evra sağlam düşüncəli insandır. Onu komandanın sütunlarından biri hesab edirəm.

- Futbol ictimaiyyəti AVRO-2016 zamanı təhlükəsizlik məsələsinə görə narahat olmalıdır?

- Avropa çempionatı kimi böyük yarışlarda təhlükəsizliyi tam təmin etmək qeyri-mümkündür. Amma hər şeyin yaxşı olacağına inanıram. Avropa çempionatında çıxış edən futbolçular azarkeşlərə müsbət emossiyalar verməlidir. Bizim missiyamız bundan ibarətdir.

- Poqba, Morata kimi futbolçuları heyətdə saxlamaq "Juventus" üçün nə dərəcədə əhəmiyyətlidir?

- Hazırda "Juventus" rəqabətədavamlı komandadır. İndiki heyəti qoruya bilsək, növbəti mövsüm Çempionlar Liqasında titula iddialı olacağıq. Amma komandadan əsas oyunçulardan biri getsə, uyğun dəyişiklik edilməlidir. Fikrimcə, klub rəhbərliyi seleksiya baxımından yaxşı çalışır və vacib oyunçuların gedişindən sonra onların yoxluğu lazımınca kompensasiya edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.