İdman

Foqts: "O, məndə əminlik yarada bilmədi"

18 Mart 2011 20:59
Baxış: 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi saytına verdiyi müsahibəsində qarşıdan gələn Belçika ilə oyun üçün açıqladığı heyətdən, eləcə də Maksim Medvedev, Əfran İsmayılov və Elnur Abdullayevə dəvət göndərməməsinin səbəblərindən danışıb.
 
- Bir neçə gün əvvəl milli komandanın Almaniya və Belçikada keçiriləcək təlim-məşq toplanışı üçün heyətini açıqladınız. Toplanışa dəvət olunan futbolçular barədə ümumi fikirlərinizi bilmək istərdik...

- Milliyə beynəlxalq oyunların tələblərinə uyğun futbolçuların dəvət olunduğunu düşünürəm. Bu oyunçular yaxşı sürətə, zəruri aqressivliyə, təkbətək mübarizələrdə qalib gəlmək arzusuna və taktiki tapşırıqlara əməl etmək bacarığına malikdirlər.
 
- Maksim Medvedev, Əfran İsmayılov və Elnur Abdullayevin millinin heyətinə cəlb olunmaması nə ilə bağlıdı?

- Ötən ilin oktyabrından Maksimin səhhətində problem var. Mən ona müalicə üçün yaxşı mütəxəssis tapmasını məsləhət görmüş və hətta bunun üçün öz köməyimi də təklif etmişdim. Lakin o və klubu yalnız indi xaricdə müalicə üçün imkan tapıblar. Formaya düşmək üçün ona 4 həftədən 6 həftəyədək vaxt lazım olacaq. Ümid edirəm ki, Maksimi Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara dəvət edə biləcəyəm.
 
Əfran 6 aya yaxındı ki, ağır zədə ilə mübarizə aparır. Onu apreldə keçiriləcək təlim-məşq toplanışına və Almaniyadakı tibbi müayinəyə dəvət edəcəyəm. O, əvvəlki formasını bərpa etməlidi. Ümidvaram ki, Əfran Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlarda bizə kömək edə biləcək.

Elnuru Dubayda keçirdiyimiz son təlim-məşq toplanışında, eləcə də "Neftçi" və AZAL-a qarşı oyunlarda izləmişəm. O, məndə əminlik yarada bilmədi. Elnur apreldə keçiriləcək təlim-məşq toplanışına və Almaniyadakı tibbi müayinəyə dəvət ediləcək. O, bilməlidi ki, yarımmüdafiədə çıxış edən futbolçu topsuz da - top rəqibdə olan zaman - çox hərəkət etməli və topu almağa çalışmalıdı. Beynəlxalq oyunlarda rəqib özü top vermir.
 
- Belçika yığması ilə oyun martın 29-da keçiriləcək. Millinin toplanışı isə martın 19-dan etibarən başlayacaq. Hazırlıq prosesinin belə uzunmüddətli olmasının səbəbi nədi?

- Biz komandanı digər ölkələrlə müqayisədə cəmi 1 gün əvvəl yığırıq. Bu, FİFA və UEFA-nın qaydalarında öz əksini tapıb. Bunun üzərinə yola sərf olunan vaxtı və 3 saatlıq zaman fərqini də gəlmək lazımdı.
 
- Premyer Liqa çərçivəsində və ölkə kuboku uğrunda keçirilən bir neçə oyunu izlədiniz. Milliyə dəvət olunan və çağırılmağa namizəd futbolçular barədə təəssüratlarınız necədir?

- Mən yalnız hazırda milliyə dəvət olunan futbolçuları gördüm. Bu oyunlarda millinin heyətinə gələcəkdə qoşula biləcək futbolçular görmədim.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.