İdman

Böyükağa Hacıyev: “Mənə komanda verin"

4 Fevral 2016 23:50
3 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyükağa Hacıyev... O, "Neftçi"də üç il baş məşqçi vəzifəsində çalışarkən komandasını ardıcıl iki dəfə Azərbaycan çempionu etdi, ölkə kubokunu qazandırdı və Avropa Liqasının qrup mərhələsinə çıxardı... Albaniyanın "Skenderbeu" ilə oyundakı məğlubiyyitinə etiraz əlaməti olaraq isə könüllü şəkildə baş məşqçi postundan istefa verdi. Hazırda Məşqçilər Komitəsinin üzvüdür. Bir neçə gün öncə Böyükağa müəllimə zəng edib müsahibimiz olmasını xahiş etdik. O təklifimizi məmuniyyətlə qəbul etdi.

- Böyükağa müəllim, dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə bəri başdan sizə təşəkkürümüzü bildiririk...

- Mənim "Çempion"a özəl münasibətim var. Yağım da daşsa, milyonlarım da batsa idi, gəlməli idim, başqa söz ola bilməz.

- Siz idman aləminin mətbuatında görünməyəndə elə bilirik ki, nə isə çatmır...

- Mən Azərbaycan futbolunda intriqa yaratmağı bacarırdım. Ortaya bir kəlmə söz atırdım. Aləm dəyirdi bir-birinə. Məsələn, "İnter"in prezidenti Georgi Nikolov mənim başçılıq etdiyim komandanı bir oyun udandan sonra demişdi ki, bəs "Neftçi" bizim abunəçidir. Onun həmin sözlərini vurdum yaddaşa. Sonradan "İnter"i 6 oyun dalbadal udandan sonra belə bir açıqlama verdim: "Nikolova çatdırın ki, "İnter" mənim qapazaltımdır. Yəni həm ev, həm də səfər oyunlarında "İnter"i belə də şillələyirdim, elə də...

- Böyükağa müəllim, bizə elə gəlir ki, siz Azərbaycanın Lobanovskisisiniz...

- Sizin bu sözləriniz bir müddət "Neftçi"də çıxış etmiş makedoniyalı legioner İqor Mitrevskinin haqqımda dediyi bir ifadəni yadıma saldı. O mənə deyirdi ki, Böyükağa müəllim, siz Azərbaycanın Romantsevisiniz. Yeri gəlmişkən, onu da deyim ki, hazırda Mitrevski öz yurdunda bizneslə məşğuldur. O, mənimlə mütəmadi əlaqə saxlayır. O ki qaldı sizin fikrinizə... Sözün düzü, mənim qidalandığım əsasən Lobanovskidir. Mən elə indi də onun kitablarından istifadə edirəm.

- Sizin kimi bir məşqçinin yeri yenə yaman görünür e... Dərd burasıdır ki, heç sizin kimisi yoxur...

- Mənim 57 yaşım var. Unutmayın, bir də Azərbaycan futbolundan yeni bir Böyükağa Hacıyevin çıxması üçün 57 il vaxt lazımdır.

"Meydan üçün yaranmışam"

- Hazırda nə işlə məşğulsunuz?

- Bildiyiniz kimi, mən AFFA-nın Məşqçilər Komitəsinin üzvlərindən biriyəm. Yəni, əgər belə demək mümkünsə, AFFA-nın bayrağı altında işləyirəm. Komitənin əsas işi bu gün yaş qrupundan asılı olmayaraq, fəaliyyət göstərən bütün komandalarımız haqqında rəhbərliyə rəy verməkdir.

- "Neftçi"dən ayrılandan sonra sorağınız gah İrandan gəlir, gah da Rusiyadan... Amma ortada bir şey yoxdur.

- Bəli, mənə həm Rusiyadan, həm də İrandan təkliflər var. Amma nə yazıq ki, bu gün maddi imkansızlıq adını çəkdiyim ölkələrin də klublarında özünü büruzə verir. Yəni onlar tənəzzüldədir. Elə bu səbəbdən çox götür-qoydan sonra belə bir nəticəyə gəldim ki, hələlik ölkəmizdə qalıb fəaliyyət göstərməyim daha məqsədəuyğundur.

- Adətən, futbolçularımızı xarici ölkələrin komandalarına üz tutmadıqlarına görə qınayırıq. Amma unuduruq ki, elə məşqçilərimiz də onların günündədirlər.

- Mən deyərdim ki, bu gün futbolçularımızın xaricə çıxa bilmələrinin bir nömrəli günahkarı elə onların özləridir. Niyə? Onlar çıxış etdikləri komandalarda yaxşı təmin olunurlar. Elə bu səbəbdən ayaqlarını kənara qoymaq istəmirlər. Amma elə oyunçularımız var ki, təminatı yaxşı deyil, di gəl, onlar xarici klublara dəvət almırlar. Mənim fikrimcə, bu onların  menecerlərinin zəifliyindən irəli gəlir. Bu fikri elə məşqçilərə də şamil etmək olar.

Bir də... əgər futbolçu, yaxud məşqçi xaricə üz tutursa o xaricdəki futbolçudan, yaxud məşqçidən ikibaş güclü olmalıdır. Belə olmayan təqdirdə onları kim dəvət edər ki? Hə, bu məsələdə bizim mentalitetdən də irəli gələn bəzi nüanslar da var... Unutmayın ki, bizim mentalitetin öz incəlikləri var.

- Bunları qoyaq bir yana... Bəs məşqçilik üçün darıxmamısınız? Müsahibəyə başlamışdan öncə dediyiniz: "Mən meydan üçün, futbol üçün yaranmışam".   Tərslikdən bu fikir elə hey başımda fırlanır.

- Darıxmışam, özü də lap çox... İnandırım sizi, hərdən yuxularımda meydanı görürəm. Bəli, mən məşqçiyəm. Mən yenə deyirəm, meydanda olmalıyam, komandanı oyuna hazırlayıb hər oyundan 3 xal qazanmalıyam. Etiraf edim ki, bu gün AFFA-da nəzəriyyə ilə məşğul olmaq mənim işim deyil. Amma məcburam işləməyə, gözləyirəm... Başqa sözlə desək, gözləmə mövqeyindəyəm.

- Yəni ehtiyat oyunçular, bağışlayın, ehtiyat məşqçilər skamyasındasınız?

- Bəli... Amma ömrüm boyu ehtiyatda oturmaram. Unutmayın ki, mən işlədiyim komandalarda nəticə vermiş məşqçilərdənəm. Və bu gün də istər səhrada olsun, istər düzdə, mənə bir komanda verin və strategiyanızı açıqlayın, ondan sonra normal bir komanda formalaşdırmaq mənim işimdir. 

- Hələ də Azərbaycan klublarından sizə müraciət edən olmayıb?

- Dəfələrlə demişəm, yenə də deyirəm: futbolumuz çökür. Bu gün futbolumuz özünün pis günlərini yaşayır. Adi bir misal. 5 klubumuz ("Qarabağ", "İnter", "Qəbələ", "Zirə", "Sumqayıt") təlim-məşq toplantısı keçirmək məqsədi ilə xaricə üz tutdu. O biriləri belə bir addım ata bilmədilər. Niyə? Amma vaxt var idi, klublarımızın hamısı təlim-məşq toplantılarını xaricdə təşkil edirdilər. Bu isə ondan xəbər verir ki, bu gün futbolumuzda maliyyə o səviyədə deyil.

"Yeni peraşki dövrünə hələ var..."

- Böyükağa müəllim, deyirlər, bu devalvasiyanın Azərbaycan futboluna yalnız bir xeyiri olacaq... Yəni az maaşa qane olmayan futbolçular xaricə üz tutacaqlar. Bu da ümumilikdə futbolumuzun inkişafına təkan verəcək. Bu barədə nə deyə bilərsiniz?

- Bəri başdan deyim ki, bu sıxıntılarda sonra ölkəmizdə legioner tapmaq mümkün olmayacaq. Bu gün legioner bura gəlir ki, pul qazansın da... Pul olmayandan sonra legioner burada qalarmı? Legioner də olmayanda bizim futbolçularımızın səviyyəsi artmaycaq. Amma şəxsən mən bizimkilərin xaricə axınını gözləmirəm.

- Devalvasiya hansı komandaların fəaliyyətinə son qoya bilər?

- Bu gün "Xəzər Lənkəran" da, AZAL da, "Rəvan" da pis vəziyyətdədir. Mən bu komandaların gələcəyini görmürəm.

- Bəs onda ölkə çempionatının taleyi necə olacaq?

- O olacaq ki, birinci diviziondan bəzi komandaları gətirəcəklər Topaz Premyer Liqasına...

- Böyükağa müəllim, sizə elə gəlmirmi ki, futbol üçün yaradılmış əlverişli şərait əldən buraxıldı?

- Bəli, bir neçə il öncə futbolumuz tərəqqidə idi. Biz bundan qədərincə istifadə edə bilmədik. Bəli, bu gün iş o yerə çatıb ki, sponsorlar qaçırlar. Daş özümüzdən çıxıb özümüzə dəyir. Bu məsələdə kənardan günahkar axtarmaq lazım deyil, çünki günahkar elə özümüzük.

- Azərbaycan futboluna bolluq nə qədər zərbə vurdu, nə qədər fayda verdi?

- Bu gün bizdə elə güclü komanda da yoxdur. Bu gün hansı komandamızı "Barselona", "Real" yaxud "Arsenal"la müqayisə etmək olar? Heç birini... Belə komandalar olmadığına görə, bolluğun nə faydası göründü, nə zərbəsi hiss olundu.

- O zaman ən yaxşı azərbaycanlı futbolçu nə qədər alırdı?

- 250 min manat.

- Sizə elə gəlirmi o qədər pulu verib onları korşaltdıq, itilənməyə qoymadıq?..

- Bu fikirlə razılaşıram... Özü yıxılan ağlamaz... Bu gün bizdə belə bir vəziyyət yaranıbsa, bunun da bir nömrəli günahkarı Azərbaycan futbolçusunun özüdür.

- Halbuki bu qədər vəsaitlə futbolumuzu daha da inkişaf etdirə bilərdik...

- Doğrudur...

- Deyəsən, bu gedişlə peraşki deyilən dövr yenidən zühur edəcək?

- Hələlik, belə bir şey yoxdur. Yəni futbolçularımız üçün normal şərait var. Demək istəyirəm ki, yeni peraşki dövrünə hələ var... Amma deyərdim ki, az qalıb. Belə getsə, belə bir dövr qaçılmaz olacaq.

"Bu gün AFFA-dayamsa..."

- 2005-ci il oktyabrın 10-da ölkə prezidenti İlham Əliyev "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdı. Geridə qalan 10 ildə ölkə futbolunda inkişaf üçün hansı işlər görüldü, dövlət proqramı necə yerinə yetirildi və futbolumuza nə verdi?

- Mən deyərdim ki, həmin proqramın futbolumuzun inkişafına böyük köməyi oldu. Məhz bu proqramın qəbulundan sonra komandalarımız Avropanın qrup mərhələsində çıxış etməyə başladı. Kim deyirsə, inkişaf olmayıb, o, səhv edir. Mən deyərdim ki, bu məsələdə Rövnəqmüəllimin (AFFA-nın prezidenti Rövnəq Abdullayev - Q. M.)  xidmətləri kifayət qədər olub.

- Futbolumuzun bu günə düşməsində AFFA-nın günahı yoxdur?

- Bunu zaman özü göstərər.

- Mənə elə gəlir ki, Məşqçilər Komitəsi Böyükağa müəllimi haradasa yumşaltmağa nail olub...

- Xeyr, bu fikrinizlə razı deyiləm. Mən əqidəmi yalnız öləndə dəyişə bilərəm. O da ola bilsin ki... Amma bu gün mən sizin neçə illər gördüyünüz Böyükağa Hacıyevəm. Və heç kimdən çəkinəcəyim, qorxacağım yoxdur. Ola bilsin ki, bir az yaşa dolmuşam... Yeri gəlmişkən, sizə bir sualım var: bu məmləkətin nə qədər məşqçisi olar?

- Çox...

- Məgər onların arasında yalnız Böyükağa danışmalıdır? Mən bu gün harada günah görürəmsə, onu özümdən bilirəm. Mən o günahı başqalarında sonradan axtarıram. Əgər bu gün AFFA-dayamsa, deməli, mənim orada olmağım vacibdir.

-Vacibdir, yoxsa məsləhətdir?

- Məsləhətdir... Kənarda olsam, çox danışaram.

"Heç olmasa on faizini..."

- Yəqin eşitmisiniz, tanınmış şairimiz Osman Sarıvəllinin belə bir məşhur kəlamı var: "Hər kim yüz il yaşamasa, günah onun özündədir". Bəlkə hər kim 15-20 il məşqçilik etmirsə, elə günah onun özündədir?

- Mən məşqçilik fəaliyyətimə 1987-ci ildə başlamışam. Özü də Naxçıvanın "Araz"ında. O zaman hamı "Arazı" atıb qaçdı. Naxçvının bu sahəyə cavabdeh olan şəxsi Həsən Abdullayev dedi ki, komandanı bu vəziyyətdən Böyükağa çıxardacaq. (O sonradan "Velotrek"in müdiri oldu). Və mənə dedi ki, özün həm oynayacaqsan, həm də məşqçilik edəcəksən. Mən işə başladım və "Araz"ı diriltdim. Həmin il komandam Azərbaycan çempionu olub. Lakin sovetlər dağılandan sonra futboldan uzaqlaşdım və bir də bu sahəyə 2001-ci ildə üz tutdum...

- Bağışlayın, sözünüzü kəsirik: bəs on bir il nə işlə məşğul oldunuz?

- Kommersiya ilə...

- Xahiş edirəm, davam edəsiniz...

- Bilirsinizmi, məşqçilik ağır işdir. Mən məşqçi kimi fəaliyyət göstərdiyim müddətdə iki dəfə beyin əməliyyatına məruz qaldım. (Təbii ki, problemlər futbolla bağlı idi). Bəli, indi mən bu sahədə deyiləm. Niyə? Mən də nəfəs almaq istəyirəm. İstəmirəm ki, bütün günü qayğı içində olum. Baxın, 6 aydır istirahət edirəm. Özümü yaxşı hiss edirəm. İki ay da istirahət etsəm lap əla olacağam. Bundan sonra dəvət olsa, dəyərləndirib işləyə bilərəm. Gizlətmirəm, istəyirəm bir daha sübut edim ki, mən necə bir məşqçiyəm. Hə, həm də istəyirəm ki, mənim "Neftçi"də 3 ildə verdiyim nəticələri qoy buradakı məşqçilər (istər əcnəbi, istər yerli məşqçi) heç olmasa on faizini versin. Mən həmin adamın qarşısında səcdə edərəm.

- Sizin yenidən "Neftçi"yə qayıtmaq ehtimalınız var?

- Yox... Mənim ora qayıtmağın üçün Sadıq Sadıqov ("Neftçi"nin sabiq prezidenti-Q.M.) ora qayıtmalıdır. Mən Sadıq müəllimsiz ora qayıtmaram. Çünki onun kimi strateq Azərbaycanda yoxdur. O, futbolun strategiyasını beş barmağı kimi bilir. Yenə deyirəm, mənim kənarda qalmağım hələ yorğunluqdan tam xilas olmamağımdan irəli gəlir. İki aya bu yorğunluq canımdan çıxar. Yeri gəlmişkən, indiki işim də heç asan deyil. Amma çalışırıq ki, hər şeyi yüksək səviyyədə edək.

- Hazırda onunla münasibətləriniz əvvəlki kimidir?

- Başqa cür ola da bilməz. Doğrudur, son günlər onunla tez-tez görüşə bilmirəm. (Hazırda o, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir).

- Baş məşqçilik dövründə özünüzə dost bildiyiniz elə insanlar olubmu ki, sonra sizinlə əlaqəni kəsiblər?

- Mən baş məşqçi olanda mənə "qardaş" deyənlər çox olub. Amma sonradan onlardan heç zəng vuranlar belə olmayıb. Mən dünyanın hər üzünü görə-görə gəlirəm. Odur ki, onların heç birindən incimirəm. Çünki bu, adi yaşayış tərzidir. Yəni bu, belə də olmalıdır.

"Sizə sual verirəm"

- Bəli, "Neftçi"də dastanlar yazdınız. Bunu kimsə dana bilməz. Tutaq ki, mən "Rəvan"ın prezidentiyəm, sizi dəvət edirəm ki, gəlin məşqçilik edin... "Rəvan"ı indiki quyumu deyək, zirzəmimi deyək, oradan çıxarmaq üçün sizə  nə qədər vaxt lazımdır?

- Yenə deyirəm: siz mənə komanda verin... strategiyanızı açıqlayın. Və mən sizdən 3 ay vaxt istəyəcəyəm. 3 aydan sonra o komandanı sız dediyiniz səviyyəyə qaldıracam. Amma beşinci aydan sonra biz istədiyimizi oynayacaq.

- Komanda formalaşdırmaq bu qədər asandır?

- Mənim üçün bəli.

- Bəs niyə dəvət olunmursunuz?

- Görünür, bu gün Böyükağa Hacıyevə ehtiyac yoxdur.

- Bəlkə kimlərinsə sizi görməyə gözü yoxdur?

- Bəli, bu gün Böyükağanı sevənlərlə yanaşı, onu sevməyən qüvvələr də var... Mənim heç nədən çəkinməməyim, öz sözümü deməyim bir sıra insanlara xoş gəlmir. Yenə sizə sual verirəm "Rəvan" Bəhmən Həsənova nə maaş verir ki, sabah Böyükağaya nə versin?

- Bəlkə pul söhbətini bir kənara qoyasınız?

- İcazə verin, bu sualınıza bir beyt şeirlə cavab verim:

Güvənmə qolunun şir qüvvəsinə,

Dünya pul dünyası var dünyasıdır.

- Bu misralar sizə məxsusdur, yoxsa hansısa bir şairə?

- Mənə...

"Məgər Qurban qrupdan çıxıb finala getdi?"

- Böyükağa müəllim, indi "Neftçi"nin oyunlarına baxanda hansı hissləri keçirirsiniz?

- Təbii ki, üzülürəm. Mənə deyin görüm, indiyədək "Neftçi" altıncı yerə düşmüşdü? (Gede dönəmini çıxmaq şərtilə)... Mənim dövrümdə o, həmişə çempion olub. Mən 3 ildə ona iki dəfə çempionluq, iki dəfə ölkə kubokunu qazandırmışam, Avropanın qrup mərhələsinə çıxarmışam, bir də... pley-ofda "Partizan"a uduzub dayandıq... Onu da deyim ki, mən "Neftçi"ni tərk edən gündən, ümumiyyətlə, stadionlara getmirəm. Hər oyunu televiziya ilə izləyirəm. İndiyədək hansısa oyunu buraxdığım da yadıma gəlmir. Yeri gəlmişkən, "Neftçi"nin əvvəlki şöhrətinə qaytarmaq üçün bu komandaya Sadıq Sadıqov lazımdır. O qayıtsa, inanıram ki, "Neftçi" dirçələr. Onu da deyim ki, əvəz olunmayan insan yoxdur. Belə deyək də, bu gün "Neftçi"dən Böyükağa gedib, yerinə başqası gəlib. Bəlkə onun göstəriciləri məndən yaxşı olacaq, nə bilmək olar? Belə olsa mən ömrüm boyu onun ətəyində namaz qılacağam. Amma bir faktdır ki, mənim nəticələrimi təkrar edən ikinci bir məşqçi yoxdur... Bu fikrim yalnız "Neftçi"yə aid deyil.

- Niyə? Bəs "Qarabağ"da Qurban Qurbanovun nəticələri?...

- Unutmayın ki, "Qarabağ"ı bütün Azərbaycan dəstəkləyir. Adi bir misal: "Qarabağ"ın pley-ofda dayanması tarixə çevrildi. Amma bir zamanlar mənim rəhbərlik etdiyim "Neftçi" pley-ofda dayananda heç bir alqış belə olmadı... Məgər Qurban qrupdan çıxıb finala getdi?

- O da çox uğurlara imza atıb...

- O, 5 ildən sonra çempion olub. Mən isə komandanı birinci il çempion etmişəm. İkinci ili də bu nailiyyəti təkrarlamışam. Bir də mən demirəm ki, məndən yoxdur, məndən də var. Bu gün gərək haqqı danışaq. Məni indiyədək bu məsələ düşündürür: "Partizan"la oyunda 2:0 öndə olduğumuz halda, uduzuramsa, niyə bir soruşan olmadı ki, axı bu niyə belə oldu?

- Axı niyə belə oldu?

- Bunun bir sıra səbəbləri var. Xahiş edirəm ki, onları məndən soruşmayasınız... Burada bir meydança tapa bilmədilər, aparıb atdılar bizi "Respublikanski"yə... Orada oyun üçün istədiyimiz şərait yaradılmadı... Bəli, komanda udurzursa, bir nömrəli günahkar mən özüməm. Deməli, haradasa rəqibi düzgün qiymətləndirməmişəm. Amma çox təəssüflər olsun ki, o zaman elə bir moment gəlib çatmışdı ki, mən də getməyə hazırlaşırdım, Sadıq müəllim də, Tahir Süleymanov da...

- Belə deyək də... çamadannı nastroyeniyədə idiniz?

- Elə o "nastroyeniya" bu işləri yaratdı da...

"Bir şah əsərim qalır"

- Böyükağa müəllim, PRO kateqoriyası almış məşçilərin siyahısında adınız çıxmadı. Dedilər ki, o, qiymət ala bilməyib...

- Mən PRO kateqoriyasınını kurslarına cəlb olunmuşam və sertifikatını da almışam. İmtahan da verdim. Mənə kimsə heç nə demədi. 2 ay sonra xəbər gəldi ki, Böyükağa kəsilib. Bilirsinizmi, bu, sifariş idi. Baxın görün kimlər keçib... Bu gün mən A kateqoriyalı məşqçiyəm... PRO-nu vermədilər, deməli, məsləhət deyilmiş də...

- Bəlkə elə futbolumuzu axsadan bu kimi məsələlərdir?

- Tamamilə doğrudur. Bu gün həddən artıq ağıllı olmaq da başa bəladır...

- PRO olmasa...

- Dəxli yoxdur. Mənim sertifikatım əlimdədir. Mən o kursu keçmişəm.

- Xaricə çıxmaqda maneçilik yaratmır ki?

- Yox..

- Messi yenə qızıl topa sahib olub. Yeri gəlmişkən, mənə elə gəlir ki, Messi Allah vergisidir. Bir zamanlar bizim Banişevski də Allah vergisi olub. Demək istəyirəm ki, nə vaxtsa Allah-Təala bizə də vergisi olan bir futbolçu bəxş edəcək?

- Mənim buna ümidim var. Nə vaxtsa bizdən də ona sahib olan olacaq. Yeri gəlmişkən, fransalı baş məşqçi Arsen Vengerə deyirlər ki, dünyanın ən yaxşı futbolçuları kimlərdir? Deyir ki, Ronaldo, Puyol, bir də Xavi. Deyirlər ki, Messinin adını çəkmədiniz axı? Onda o, bu suala belə cavab verir: "Məgər o bizim planetdəndir?"

- İstərdiniz klubunuzda Messi kimi futbolçu olsun?

- Yox...

- Niyə?

- Korlanardı...

- Sizdən sonra Naxçıvandan daha tanınmış futbolçu çıxıbmı? Çıxmayıbsa, niyə bu diyar daha sizin kimi futbolçu yetişdirmir?

- Unutmayın, Naxçıvan futbolunun ünlü isimləri çox olub: Elxan Babayev, Məhərrəm Həsənov, Canpolad Həsənov, Səməd Hacıyev... Amma bu gün Naxçıvan futbolundan söz düşəndə hamı o zaman "Zəif" ləqəbi ilə tanınan futbolçunu, yəni mən Böyükağa Hacıyevi yada salır. Bəli, mən Naxçıvan futbolundan çıxan yeganə mütəxəssisəm ki, bura qədər gəlib çıxmışam. Bura qədər də mən öz gücümə gəlmişəm. Və mən Avropanın qrup mərhələsinə komanda salmaqla bir əsər yazmışam. Amma hələ ki, mənim bir şah əsərim qalır. Gizlətmirəm... Növbəti şedevrim Çempionlar Liqasına komanda çıxarmaq olacaq. Allah-Təala mənə bu arzuma da yetməkdə dayaq olacaq.

- Bu yaxın gələcəkdə gözlənilir?

- Bəli...

- Bəs kitab yazmağınız nə yerdə qaldı?

- Onu hazırlayıblar, yaxın günlərdə nəşr olunacaq. Kitab mənim futbol aləmi ilə bağlı kəlamlarımdan, xatirələrimdən ibarət olacaq.

- Cılızlığınızla bağlı sizə "Zəif" ləqəbi verilib. Ailənizdə isə "Fəxi" deyə müraciət edirlər. Bəs indi idman aləmində sizə necə müraciət edirlər?

- Bu gün mənə "Zəif" də deyən var, Böyük də, Böyükağa da... Mən incimirəm, çünki o adı mən futbolda qazanmışam.

-  "Araz", "Maşınsazi", "Traktorsazi", "Bakı", "Standart", "Neftçi"... Çalışdığınız bu komandalardan hansı sizə doğmadır?

- "Bakı" və "Neftçi"... Burada da hansısa mətləb aramağa ehtiyac yoxdur. Çünki bu komandalara rəhbərlik etmiş şəxslər mənim uşaqlıq dostlarım olublar.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.