İdman

Robert Prosineçki: "Bütün "kartlarımı" açmaq niyyətində deyiləm"

13 Oktyabr 2015 12:51
1 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Bolqarıstanla sonuncu oyunundan öncə mətbuat konfransı keçirib.

Goal.az xəbər verir ki, xorvat mütəxəssis son oyun barədə belə danışıb:

- Bütün komanda oyuna ciddi hazırlaşıb. Yaxşı nəticəyə imza atmaq istəyirik. Rəqibdə sürətli oyunçular var. Biz onları yaxşı analiz etmişik. İtaliya ilə çətin oyundan sonra bu görüşdə yaxşı nəticəyə imza atmaq istəyirik. Bolqarıstan millisinin Xorvatiya ilə görüşünü təhlil etmişəm. Kompakt oyun sərgiləyirlər. Yaxşı futbol göstərmək və sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- Start heyətini açıqlayacaqsızmı?

- Problem yoxdur. Heyətdə 3 yeni futbolçu olacaq. Start heyəti belədir: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov, Elnur Cəfərov.

- Bədavi Hüseynovu qırmızı vərəqə aldığına görə dəyişmişdiz. Bəs digər əvəzetmələri nəyə görə etmisiz?

- Heyəti açıqlamağım bəs edər. Bütün "kartlarımı" açmaq niyyətində deyiləm.

- Bolqar azarkeşlər oyuna o qədər də maraq göstərmirlər. Bu amil millinin bu oyunda xal qazanmasına nə dərəcədə kömək edə bilər?

- Biz futbolu azarkeşlər üçün oynayırıq. Futbolçular futbol oynayırlar ki, azarkeşlər stadiona gəlsinlər, oyundan həzz alsınlar. Əgər oyuna az bilet satılıbsa, mən çox məyusam.

- Xorvatiyadakı həmkarınızı yola saldınız. Sabah da (bu gün - red.) bolqar həmkarınızı yola salacaqsız...

- Mən bu barədə fikirləşmək istəmirəm. Futbolda belə şeylər olur. Mənim mentalitetim elədir ki, hər oyuna ciddi hazırlaşıram və hər dəfə qələbə qazanmaq istəyirəm. Rəqibin baş məşqçisinin istefa verib-verməməyi məni maraqlandırmır. Ümid edirəm ki, Bolqarıstan yığmasının məşqçisi postunda qalacaq. İstəyirəm ki, sabah qələbə qazanaq.

- "Xəzər Lənkəran"ın transfer qadağasından qurtulmaması Rahid Əmirquliyevin oyun keyfiyyətinə, yığma karyerasına təsir edə bilərmi?

- Mən bilirəm ki, "Xəzər Lənkəran" məlum səbəbdən çətinlik çəkir. Bu barədə Rahidlə çox söhbət etmişəm. Mən millinin məşqçisiyəm, fərqi yoxdur, Rahid "Xəzər Lənkəran"da oynayır, ya "Sumqayıt"da. Nə qədər ki, mən baş məşqçiyəm, Rahid yığmada olacaq. O, milli üçün həmişə əlindən gələni edib, yaxşı oyun göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.