İdman

Çak Norris Bakıya gəlir - FOTO

3 Sentyabr 2015 11:07
6 Şərh     Baxış: 3 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Sudo döyüş növləri cəmiyyətinin sədri, çun-kuk-do Azərbaycan nümayəndəliyinin və peşəkar karate-do təşkilatının rəhbəri Sabir Süleymanın apasport.az-a müsahibəsini təqdim edir.

- Əvvəlcə özünüz haqda məlumat verərdiniz...

- Çun-kuk-do üzrə üçqat Avropa və üçqat dünya çempionuyam. Həmçinin konq-sao yapon qaydasız döyüş növü üzrə Avropa çempionu olan yeganə azərbaycanlıyam. Artıq 30 ildi bu idman növü ilə məşğulam. Azərbaycanda çun-kuk-do ilə məşğul olmağa başlayan ilk döyüşçülərdən biriyəm. Hazırda karate-do ustası adını daşıyıram.
 
- Azərbaycanda əksəriyyət futbol, güləş kimi daha populyar idman növlərinə meyl edir. Sizin çun-kuk-donu seçməyinizin xüsusi səbəbi varmı?

- O vaxtlar soyuq silahlı növlər və karate-do qapalı idman növü idi. SSRİ dönəmində bunlar insan həyatı üçün təhlükə sayılırdı. Biz də zirzəmilərdə məşq edirdik. 3-5 km məsafəni piyada qət edib, məşqə gedirdim. Müharibə illəri idi, Ermənistan torpaqlarımızı işğal etməyə başlamışdı. Atam vətənpərvər oğul kimi yetişməyi, özümü müdafiə etməyi bacarmağı nəinki nəsihət, hətta vəsiət edirdi. Karate-do da bunun üçün ən ideal idman növü idi. Digər səbəb isə məşhur Hollivud ulduzu Çak Norris idi. Uşaqlığım onun filmlərini izləməklə keçib. Evdən pul götürüb, onun filmlərinə baxmağa gedərdim. Üzərimdə ən çox əməyi olan məşqçim Əhməd Hətəmovdu. Ondan əvvəl isə Azad Əlizadənin rəhbərliyi altında məşq etmişəm.
 
- Çun-kuk-do döyüş növünün ölkəmizdəki hazırkı durumu nə vəziyyətdədi?

- Əvvəla qeyd edim ki, bu idman növünün yaradıcısı Çak Norrisdi. 1990-cı ildə Çun-kuk-do rəsmi qeydiyyatdan keçib. Dünya çempionatı və "Norris Cup" yarışları keçirilir. "Norris Cup" çempionu təxminən 5-6 yaşlı uşaq boyda qızıl kubok qazanır. Hər dəfə də çempiona kuboku Çak Norris şəxsən təqdim edir. Çun-kuk-donun digər döyüş növlərindən fərqi çoxdu. Bir az Braziliya cui-cutsusu, bir az taekvondo, bir az da karate-do növündən fəndlər götürülüb. Həmçinin, Çak Norrisin öz fəndləri də burda mühüm rol oynayır. O ki qaldı Azərbaycana, hazırda ölkəmizdə 44 klub fəaliyyət göstərir. Mən də Bakı Sudo cəmiyyətinə rəhbərlik edirəm. Məşqlər peşəkar təlimatçılar tərəfindən keçirilir. Mən özüm də bu proseslərə daim nəzarət edirəm, həmçinin məşqlər keçirəm. Bu idman növünün federasiya kimi təsis olunması üçün nazirliyə sənədlər təqdim edilib. Hazırda Azərbaycan nümayəndəliyi sertifikatı rəsmi olaraq mövcuddu. Qafqaz regionu, Orta Asiya və Postsovet məkanının yeganə nümayəndəliyi Bakıda yerləşir.
 
- Çun-kuk-do döyüş növünün yaradıcısı olan Çak Norrislə görüşünüz də olub. Görüşdə nələrdən danışılıb?

- Çak Norris keçən il bizi bir tədbirə dəvət etsə də, iştirak edə bilməmişdik. Bu il Qafqaz regionu, Orta Asiya və Postsovet ölkələri adından yalnız Azərbaycan nümayəndəsi dəvət almışdı ki, o da mən idim. Bu da onunla bağlıdı ki, biz çun-kuk-do döyüş növünü Azərbaycanda təmsil edirik. Bundan başqa, mən Çak Norris məktəbinin bu bölgədəki davamçısı sayılıram. Ləqəbim də "Qafqazın Çak Norrisi"di. Bir müddət öncə Las Veqas şəhərində qapalı dünya çempionatında iştirak etdik. Ondan əvvəl 2 gün Manxentendə təlim-məşq toplanışı keçdim. Las Veqasda olduğum 12 gün ərzində Çak Norrisin şəxsi qonağı idim. Demək olar ki, onun bağ evində qaldım.
 
- Yəqin Çak Norrisin ailəsi ilə də tanış olmusunuz...

- Bəli. Orda olduğum müddətdə özü ilə yanaşı, iki qardaşı, anası və həyat yoldaşı ilə görüşlərim oldu. Süfrə arxasında söhbətlər edirdik. Daha çox Azərbaycan və bu ölkənin idmanı barədə danışdıq, onları ətraflı məlumatlandırdım. Təəssüf ki, ölkəmiz ABŞ-da çox az tanınır. Bunu görüşlərim zamanı hiss etdim. Çak Norrisin qardaşlarından Ken Qallaher ABŞ Döyüş Növləri Federasiyasının (UFAF) prezidenti, digər qardaşı isə Aron Norrisdi. Anası araba əlilidi, 100-ə yaxın yaşı var. Bir günüm səhərdən axşama qədər Çak Norrislə birgə keçdi. Həyat yoldaşı çox gəncdi. Çox güman ki, ikinci və ya üçüncü həyat yoldaşıdı. Çak Norris mənə zarafatla deyirdi ki, həyat yoldaşım mənim bossumdu. O, mənə uşaqlıq xatirələrindən də danışdı. Deyirdi ki, atam içki düşkünü olduğu üçün anam gənc yaşlarında ondan ayrılıb. Texas çöllüyündə, acınacaqlı halda yaşayıblar. Məcburiyyətdən 15 yaşından işləməyə başlayıb. İlk qazancı 200 ABŞ dolları olub və dolanışıqları yaxşı olmadığı üçün həmin pulu anasına verib. Deyir ki, hazırda ölkə başçısı Barak Obamanın ən yaxın dostu olmasına və külli miqdarda pulu olmasına baxmayaraq, bunların heç biri ona ilk qazancı qədər şirin, dəyərli olmayıb. Bildirdi ki, həmin 200 dolları indiki milyonlarıma dəyişmərəm. Həqiqətən də, heç kim inanmaz ki, cırıq corabla gəzən bir uşaq indi ən zəngin amerikalılardan biridi.
 
- Bu il həm də Çak Norrisin 75 yaşı tamam olub. Səfəriniz həmin ərəfəyə təsadüf edib?

- Səfərin məqsədlərindən biri də elə yubiley tədbirində iştirak etmək idi. Həm döyüşçü, həm də şəxsi qonaq qismində yalnız mən iştirak edirdim. Ən titullu Hollivud ulduzları və döyüş ustaları orda idilər. Ən gənc iştirakçı mən idim. Çak Norrisin yubileyi ilə bağlı ziyafətə böyük bir tort gətirilmişdi və onun üzərində 75 yazılmışdı. Həmin 75 rəqəmini bir "Samuray" qılıncla ortadan böldü. Bununla demək istəyirdi ki, Çak Norris 75 yox, 7-5 yaşlı oğlan kimidi. Həqiqətən də, çox gənc qalıb. Filmlərə, reklamlara öz nəvəsi ilə çəkilir. Seminarda da ustalığını nümayiş etdirirdi, heç kimdən geri qalmırdı.
 
- Yarışda necə, iştirak etdinizmi?

- Bəli, orda bayraq döyüşləri keçirdim. Çun-kuk-do bayrağını Azərbaycana gətirmək üçün 8 döyüş keçirməli idim. Hətta zarafatca Çak Norrisə dedim ki, sizinlə xatirə döyüşü keçirmək istəyirəm, necə ki, siz Bryus Li ilə belə bir döyüş keçirmisiniz. O isə gülümsədi və dedi ki, mənim artıq 75 yaşım var, amma tələbələrimlə döyüşəcəksən. 8 döyüşün hamısında qalib gəldim.
 
- Çak Norrisi Azərbaycana dəvət etmədiniz?

- Dağ keçisi ovlamağı çox xoşlayır. Ov həvəskarıdı. Mən də ona Azərbaycanda ov üçün gözəl yerlər olduğunu dedim və ölkəmizə dəvət etdim. Çak Norris gələn ilin sentyabrında bura gəlməyə söz verdi. Düşünürəm ki, buranı görsə, film də çəkdirər. Xüsusən də, Babadağ ətəyində ekstrim yerlər var.
 
- Bəlkə elə həmin filmdə siz də çəkildiniz?

- Düzü, mənə filmdə iştirak etməyi təklif etdi. Dedim ki, bir şərtlə razı olaram: sizin cavanlıqda çəkildiyiniz filmlər kimi olarsa. Yoxsa indiki Amerika filmləri Azərbaycan mentalitetinə uyğun deyil.
 
- Qarşıda hansı yarışlar gözlənilir?

- Oktyabrın 17-19-da Polşanın Mikolov şəhərində konq-sao yapon qaydasız döyüş növü üzrə dünya çempionatı olacaq. Biz də komanda şəklində dəvət almışıq. Həmçinin gələn il çun-kuk-do üzrə keçiriləcək qapalı dünya çempionatına ilk dəfə dəvət almışıq. Orda da komanda şəklində iştirak edəcəyik. Güclü kollektiv formalaşdırmaq üçün seçimlər aparırıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.