İdman

"Sanki Messi gələcək, amma mən qoymuram"

2 Sentyabr 2015 21:27
Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın yarımmüdafiəçisi Selçuk İnan medianın suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, türkiyəli futbolçu İstanbul klubundakı karyerası, Burak Yılmazla münasibəti, çalışdığı baş məşqçilər və s. barədə maraqlı açıqlamaları ilə yadda qalıb.

- "Qalatasaray"a gələndən sonra 3 Türkiyə çempionluğu, eyni sayda Superkubok qazanmaq və Çempionlar Liqasında 1/4 finalda oynamaq imkanın oldu. Bunları gözləyirdin?
- Etiraf edim ki, gözləmirdim. Amma, təbii ki, hədəfim bu cür uğurlar idi. Buna görə xoşbəxtəm. Belə qısa müddətdə 6 kubok qazanmaq hər kəsin işi deyil.
- Kapitanlıq sarğısı sənə veriləndə nə hiss etdin?
- "Qalatasaray"a gəldiyim ilk mövsümün sonunda Fatih Terim mənə bu vəzifəni verdi. Əslində kapitan olmaq üçün sarğıya ehtiyac yoxdur. Fatih hocanın bu vəzifəni mənə həvalə etməsinə çox sevinmişdim. Daha yaşlı və köhnə futbolçuların arasından mənim seçilməyim qürurverici idi. Kapitan olmaq üçün böyük oyunçu olmaq kifayət etmir. Komandada olan nüfuz, meydandankənar münasibətlər əsasdır.
- Sənin problemin yarananda nə edirsən?
- Qapalı adam deyiləm. Hisslərimi bölüşməyə üstünlük verirəm. Problemlərimi yaxın dostlarıma deyirəm, məsləhət alıram. Amma öz bildiyimi edirəm. Dərdi danışmaq rahatlanmaq üçün önəmlidir.
- Ailə həyatı qurmağın futbol yaşamına təsir göstərdimi?
- Bütün futbolçu həmkarlarıma evlənməyi tövsiyə edirəm. Gününüz çox pis keçsə belə, evdə dərdlərinizi dinləyən birinin olduğunu bilmək insanı çox rahat edir. Tək problem biraz fikir dağınıqlığıdır.
- Kapitan olaraq komanda yoldaşlarını necə qorumağa çalışırsan?
- Yoldaşlarımı meydanda etdikləri səhvlərə görə çox da məzəmmət etmirəm. Vəzifəm komandanın birliyini saxlamaqdır. Oyun başa çatandan sonra hərəkətimlə, dediym sözlə kiminsə qəlbinə toxunduğumu hiss etsəm, gedib həmin adamdan üzr istəyirəm. Çünki sevinci, xoşbəxtliyi əsas tuturam. Hər səhər klubun bazasına xoş əhval-ruhiyyədə gəlirəm. Futbolçu olmaq asan deyil. İnsanlar sadəcə qazandığımız pulları düşünür. Amma bizim düşünməli olduğumuz çox şey var.
- Burak Yılmazla yaxın dostsan. O, bir səhv edəndə özünü narahat hiss edirsənmi?
- Burakla münasibətimiz uzun illər əvvələ dayanır. Artıq insanlar dostluğumuza o qədər alışıb ki, bəzən mənfi nəticələri olur. Birimizin etdiyi səhvin əvəzini o birimizdən çıxırlar. Transferlərdə klubun maliyyə durumu, "Financial fair play" kimi amillər nəzərə alınır. "Qalatasaray" hücumçu transfer etməyəndə "Selçuk istəmir" deyirlər. Çünki Burakla o qədər yaxınam ki, onu qoruduğumu güman edirlər. Sanki Messi gələcək, amma mən qoymuram... İnsanlardan bu məsələdə daha diqqətli olmağı xahiş edirəm. Sadəcə işimlə məşğulam. Burakın vura bilmədiyi qolda belə adımın hallanması xoşuma gəlmir.
- Bu mövsüm "Qalatasaray"ın reallaşdırdığı transferlər səni qane etdi?
- Türkiyədə yeni futbolçuları çox görmək istəyirlər. Tez dəyər verib tez də alırıq. Sırf bu səbədən xeyli futbolçu itirildi. "Qalatasaray"ın bu qədər titul qazanması yaxşı komanda olduğuna sübutdur. Yenə də, azarkeşlərin transfer istəyi normal qarşılanmalıdır.
- Rəqiblərin səs-küylü transferlər etməsi də gərginliyi şiddətləndirir?
- Ola bilər. Amma "cimbom"a ilk gəldiyimdə də belə transferlər edilmişdi. Özünü pis görən, çatışmazlıqlar olan klublar, təbii ki, transferə önəm verməlidir. "Fenerbahçe" ötən mövsüm uğursuz olduğunu qəbul etmiş ki, yeni futbolçular almaq qərarına gəlib. Lakin biz, onsuz da güclü komandayıq. Azarkeşlər bizə inanmalıdır.
- Superliqaya gələn məşhur adlardan xəbər tutunca hansı hissləri keçirdin? Onlara qarşı oynamaq səni həyəcanlandırır?
- Əlbəttə. Bir futbolsevər kimi mən də meydanda keyfiyyətli hərəkətlər izləmək istəyirəm. Lakin ulduz futbolçulara həddən artıq dəyər verilməsini anlaya bilmirəm. Hansı komandaya gəlirsə, gəlsin. Futbolçu ilk öncə özünü doğrultmalıdır. Türkiyəyə gələn hər əcnəbinin başımız üstündə yeri var. Amma sonradan məyus olmamaq üçün biraz səbr etmək lazımdır.
- Qeyd etdiyin amil "Qalatasaray"ın bu mövsüm əsas üstünlüyü ola bilər?
- Üstünlüyümüz oturuşmuş heyət və oyun sisteminin olmasıdır. Oyunları və çempionluğu fərdi adlar qazanmır. Artıq bunu başa düşmək lazımdır. Bir ulduz bir neçə oyunda qalibiyyət gətirər. Çempionluğu isə komanda. Mövsümün sonunda bir kubok qazanaq. Ən çox qolu istər Muslera atsın, istər İbrahimoviç gəlib vursun, mənə fərqi yoxdur...
- "Qalatasaray" azarkeşinin ötən mövsüm səni fitə tutmasını görüncə nə cür mənəvi çöküş yaşadın?
- Bunu nəyə görə etdiklərini bilmirəm. Həqiqətən, mənəvi cəhətdən çox çökdüm. İdman jurnalistləri və şərhçilərin azarkeşləri bu mənada yönləndirməsinə inanıram. Matçı izləməyən insanların da eşitdikləri fikirlərə görə məni tənqid etdiyini bilirəm. Fitə tutlmanın səbəbini düşündüm. Cavabım bu oldu: "Qalatasaray"ın pisliyini arzu edənlər birinci məndən başlayırlar. Çünki kapitan mənəm. İndi yaxşıyam. Azarkeşlərə özümü yenidən sübut etmək xoşagəlməz təcrübə idi. Özümü bəzən komandanın nökəri kimi görürəm. Bu özünütənqid deyil. Həqiqətdə belədir.
- "Qalatasaray"a gəldiyin 2011-ci ildən sonra vəzifəndə nə kimi dəyişikliklər oldu?
- Fatih hocanın zamanında çox qol vururdum. Bunu istəyən Terimin özü idi. Hücum futbolu oynayırdıq. İrəlidə pressinq tətbiq edib rəqibin cərimə meydançası ətrafında oynamağa çalışırdıq. Növbəti mövsüm önəmli transferlərin edilməsi mənim də vəzifəmi dəyişdirdi. Bir komandada Droqba, Sneyder, Burak kimi futbolçular varsa, əlbəttə, özbaşına hücuma gedə bilmərəm. Baş məşqçi məndən daha çox müdafiəyə kömək etməyi istədi. Mançini cinahlarda oynamağı və "qara işləri" görməyi istədi. Buna da razılaşdım. Hamzaoğlu isə komandanını oyununu yönləndirmək tapşırığını mənə verdi.
- Ötən mövsüm "Qalatasaray"ın çempionluq mübarizəsindən qopduğu düşünülən anda komandanı toparlamaq üçün nələr etdin?
- Bunu etməyə çalışarkən adım "Trabzon" mafiyası ilə hallanmağa başladı. Müntəzəm titullar qazanırıq. Amma heç kimi yaxşı komanda olduğumuza inandıra bilmirik. Hər il Trabzon mafiyası, yerli - əcnəbi oyunçular arasındakı qarşıdurma kimi mövzular ortaya atılır. Uğursuz klublara heç kim belə şeylər demir. Qarşı tərəfin yerində olsam, mən də "Qalatasaray"ın uğurlarını qısqanardım. Komandanın toparlanmasında hər birimizin payı vardı. Hamza hoca gələndən sonra daha yaxşı oynamağa başaldıq. Düzdür, Prandelli istefaya göndəriləndə ilk pillədən 1 xal geri qalırdıq. Bu baxımdan problem yox idi. Amma psixoloji cəhətdən pis durumda idik. Qarşıdakı oyunlarda qələbə qazanmaqa çempion olacağımızı bilirdik. Öz ölkəmizdə özümüzü yad, özgə hiss edirdik. Əcnəbi məşqçi mövzusunda əsas çatışmazlıq kimi bunu söyləmək olar. İndi heyətdə 14 əcnəbi futbolçu var. Amma ötən mövsüm sadəcə 5 xarici pyunçu meydana çıxa bilərdi. Əksəriyyəti türklərdən ibarət heyətlə oynayırdıq. Belə vəziyyətdə Prandellinin bizdən italyanca öyrənməyimizi istəməsi və italyan stilində oynamağı gözləməsi biraz çətin idi. Hamza Hamzaoğlunun gəlişi hər kəsin özünü istiqanlı mühitdə hiss etməsinə şərait yaratdı. Komanda üçün önəmli olan yüksək əhval-ruhiyyə və özüəninam idi. Bu da təmin olundu.
- H.Hamzaoğlunun etdiyi ən mühüm dəyişiklik nə idi?
- Meydanda hamıya, xüsusilə də mənə sərbəstlik verməsi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.