İdman

"Martial və Abdennurdan başqa qalanlarına əvəzedici tapmışıq

3 Sentyabr 2015 04:30
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə UEFA prezidenti Mişel Platini mətbuat konfransında Liqalar üzrə transferlərin paylanmasına diqqəti çəkib. Avropa Liqasının J qrupunda "Qarabağ"ın rəqibi olan "Monako" Fransa klubları arasında ən çox futbolçu göndərən komandadır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "moneqasklar"ın vitse-prezidenti Vadim Vasilyev Rusiya mediasının transferlər və Avrokuboklar barədə suallarını cavablandırıb.
- Bu yay Delvin Ndinqanı icarə əsasında "Lokomotiv"ə göndərmisiniz. 27 yaşlı yarımmüdafiəçi barədə nə düşünürsünüz?
- Çox yaxşı oyunçudur. Sadəcə heyətdə ona yer tapmadıq. Əminəm ki, Ndinqa "Lokomotiv"ə xeyli fayda verəcək. Moskva klubunda özünü yaxşı tərəfdən göstərsə, "Monaco" gələcəkdə ona etimad göstərə bilər.
- Çempionlar Liqasının pley-off mərhələsində komanda "Valensiya" səddini keçə bilmədi. Turnirin qrup mərhələsində sizə yaxşı tanış olan "Zenit" və "Lion"un klublarının qarşıdurması barədə fikirləriniz nədir?
- "Zenit"in şansları "Lion"a nisbətən yaxşıdır. Qrupda balans var. Burada "Gent", "Zenit" və "Lion"u təxminən bərabər gücdə qiymətləndirirəm.
- Antoni Martialı Fransa Liqası üçün rekord sayılan 80 milyon avro qarşılığında "Mançester Yunayted"ə göndərdiniz. "Monako"nun digər gənc oyunçuları üçün belə təklif olmuşdu?
- Kondoqbia üçün (red. "İnter" 40 milyon avro) unikal təklif almışdıq. Onu 30 milyon avroya satmağı planlaşdırırdıq. Gənc müdafiəçi üçün son qiymət Milan şəhərinin iki prinsipial təmsilçisi - "İnter" və "Milan" arasındakı rəqabətin nəticəsində formalaşdı. Bir dəfə "İnter"in təmsilçiləri ilə restoranda görüşdüm. məlum oldu ki, yaxınlıqdakı restoranda "Milan"ın vitse-prezidenti Adriano Qalliani də şam edir. Onun da mənimlə görüşmək istəməsi mübarizəni gərginləşdirdi. "Monaco"nun konkret prioriteti yox idi. Hər iki kluba hörmət edirik. "Milan"ın təklifi, hətta daha əlverişli görünürdü. Amma Kondoqbianın özü "İnter"i seçdi. Kurzava (red. PSG) və Ferreyro-Karrasko (red. "Atletiko Madrid) üçün göndərilən təkliflər də cəlbedici idi. Gənclər karyeralarında irəli addım atmaq istədilər. Biz də onların qarşısını kəsmədik.
- Bəs komandadan gedən futbolçulardan sonra "Monako" necə oynayacaq?
- Martial və Abdennurdan başqa qalanlarına əvəzedici tapmışıq. Kondoqbianın yerinə "Çelsi"dən 20 yaşlı Marko Paşaliçi transfer etdik. Mali millisinin 20 yaşlı üzvü Adama Traoreni də heyətə qatdıq. Kurzavanı "Real"dan icarəyə götürülən Fabio Koentrao əvəz edəcək.
- Koentraonun keçidi qəliz olmadı?
- Xeyr, kifayət qədər tez alındı. Koentrao yüksək səviyyəli klubda daha çox oyun vaxtı əldə etmək üçün "Real"dan getməyi düşünürdü. Biz ona görə "İnter"lə mübarizə apardıq və Madrid klubu ilə yaxşı münasibətimizin hesabına istəyimizə çatdıq. "İnter" icarə üçün pul da təklif edirdi. Bizsə Fabionu pulsuz heyətə cəlb etdik. Belə desək, Koentraonu "İnter"in "caynağından qopardıq".
- Martialı kim əvəz edəcək?
- "Estudiantes"dən 24 yaşlı Karrilyonu transfer etmi8şik. Əlbəttə, argentinalı forvarda hələ adaptasiya lazımdır. Amma o, artıq meydana çıxır. Bundan başqa "Benfika"dan İvan Kavaleyro və "Milan"dan Stefan El-Şaaravi də kluba gəlib. Onlar hücumun cinahında və mərkəzində oynaya bilirlər. Nəhayət, Lasina Traore də zədəsini sağaldıb. O, "Tuluza" ilə matçda cəmi 10 dəqiqə meydanda olub. Buna baxmayaraq ümumi qrupla məşq edir və fiziki cəhətdən tam hazırdır. Martialın transferindən sonra hücumda boşluğun qalmasını söyləmək düzgün olmazdı.
- "Monako" Çempionlar Liqasının qrup mərhələsinə çıxa bilmədi və səhərisi gün Lavin Kurzava PSG-yə getdi. Bu səbəb görə onu satdınız?
- Kurzavanın keçidi barədə hələ "Valensiya" ilə cavab matçına kimi razılıq əldə olunmuşdu. O, cavab qarşılaşmasına çıxanda artıq PSG-yə keçdiyindən xəbərdar idi. Ona başa salmağ çalışdım ki, düzgün seçim etmir. Çünki Paris klubunda Maksvelin kölgəsində qala bilər. Bu isə onun Fransada keçiriləcək Avropa çempionatına yollanmasını sual altına qoyacaq. Lakin Kurzavanın arzusu PSG-də oynamaq idi və bunu da seçdi.
- UEFA prezidenti Mişel Platininin Avrokuboklarda həyata keçirdiyi islahatlar Çempionlar Liqasının pley-off raundunu çətinləşdirdi ki, bundan da onun doğma ölkəsini təmsil edən "Monako"ya baha başa gəldi. Bunu taleyin ironiyası adlandırmaq olar?
- Belə qlobal mövzunu müzakirə etmək istəmirəm. Bizi narahat edən ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a, son olaraq isə "Valensiya"ya qarşı oyunlardakı hakim səhvləridir. Məsuliyyəti öz üzərimizdən atmaq istəmirəm. Amma mütəxəsislərin yekdil rəyinə görə hər iki oyunda haqlı penaltimiz verilmədi. Buna görə "Monako" qəti olaraq futbolda videotəkrarın tətbiq olunmasına tərəfdardır. İnsanın nəzərindən çox şey yayına bilər. 21-ci əsr futboldan fərqli olaraq, bir çox idman növlərində uğurla tətbiq olunan yeni texnologiyalar əsridir. Bunu Platini ilə də müzakirə etmişəm. O, məlum mövqeyində qalır ki, futbolda qərarları texnologiya deyil, insan verməlidir. Amma mən ona "Monako"nun mövqeyini şəxsən bəyan etdim.
- Avropa Liqası idman baxımdan sizə maraqlıdır? Həmin turnirdə məqsədiniz nədir?
- Maraqlıdır. Gənc heyətimiz üçün yaxşı təcrübə olacaq. Eyni zamanda, növbəti mövsüm Çempionlar Liqasında oynamaq istəyirik. Buna isə həm Fransa çempionatı, həm də Avroliqa vasitəsilə nail olmaq mümkündür. Hər halda, "Tottenhem", "Anderlext" və "Qarabağ" kimi rəqiblərimiz var. İlkin olaraq, məqsədimiz qrupdan çıxmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.