İdman

Qılıncla zirvəyə yol açan bacılar - FOTO

3 İyul 2015 19:16
2 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Minilliklər boyu qadının qılınca əl atması ən son nöqtə kimi qəbul edilib. Ailə başçısı, evi, torpağı, vətəni qoruyan yoxdursa, bu məsuliyyət yükü zərif cinsin çiyinlərinə çökür. Əcnəbi tarix bizə Janna Dark, öz tariximiz isə Tomris kimi qadın qəhrəmanları yazıb, cəsarət, şücaət, mübarizlik ruhuna nümunə göstərib. Ancaq indi dövr, zaman fərqlidir. Sivil insanlar münasibətlərinə döyüş yox, idman meydanlarında aydınlıq gətirir, mübahisələrini orada edirlər. Qadınlar da həmçinin. Müasir dünyada qadın əlinə qılınc alıbsa, o, yüz faiz qılıncoynatma üzrə idmançıdır. Bakıda keçirilən ilk Avropa Oyunlarının gümüş və bürünc medalçıları olan sablyaçı Sevil Sevinc Bünyatova bacıları da məhz belələrindəndirlər. Bu yazımızda bu günə kimi heç kimin tanımadığı, ancaq qələbələrə həsrət olan qılıncoynatma idmanımızı kölgədən çıxmağa imkan yaradan iki qəhrəman qızımızdan bəhs edəcəyik.

Əkiz qılınclar

5 oktyabr 1989-cu ildə Rusiyada anadan olan Sevil və Sevinc Bünyatovalar valideynlərinin istəyi ilə idmana gəliblər. İlk məşqçiləri Fikrət Vəliyevin rəğbətini qazanan bacılar daha ondan ayrılmayıblar. Sevincin sözlərinə görə, qılıncoynatma idman növünü seçmək ideyası da valideynlərindən gəlib. Ata-anası qızlarını yaxşı böyütmək üçün iş dalınca çox getdiklərindən evdə adam olmayıb və tək qalmamaları üçün uşaqlarını idmana yazdırıblar. 8 yaşından qılınclarını "itiləyən" bacılar qısa müddətdə yaxşı nəticələr qazanıblar. Getdikləri yarışlardan uğurla dönmələri valideynlərinin fikrini qətiləşdirib: qızlar idmançı olacaqlar!

Rapira, yoxsa sablya?

Bünyatovalar təxminən 5 il rapira (uc hissəsi dəlici xarakter daşıyan və yalnız həmin nöqtə ilə toxunuş zamanı xal gətirən) ilə məşğul olduqdan sonra, məşqçiləri ilə birlikdə bu növdən sablyaya keçiblər, indiyə qədər də davam edirlər. Qılıncoynatmada sablya daha "kişisayaq" növ sayılır. Səbəb isə çox sadədir: sablyada rapiradan fərqli olaraq dəlici ilə yanaşı kəsici zərbələr də var. Bu, işi iki tərəfdən çətinləşdirir. Birincisi, şpaqa və rapira ilə müqayisədə burada daha çox zədə alma ehtimalı var. İlk növbədə bu, texnika qaydalarında səhvə yol verərkən alınan ağrılı zərbələr üzündən baş verir. Adətən geyim daha böyük kəsiklərdən qoruyur. Ancaq istənilən məşq, hətta həvəskar xarakterli görüş belə bədəndəki çoxsaylı göyərmələr olmadan başa çatmır.
Məsələnin ikinci tərəfi daha böyük çeviklik tələb olunmasıdır. Təxminən 1 metrlik alətin bütün uzunluğunun təhlükə törətməsi, dəlici-kəsici xarakteri səbəbiylə hər toxunuşdan rəqibə xal gətirməsi idmançıların həm fiziki, həm də psixoloji hazırlığını mütləq edir. Sablyada ani diqqət yayınması, ani boşalma rəqibi qalib edə bilər. Daima hazır olmaq, mütəmadi və müxtəlif zərbələr endirmək, yeni variantlar axtarmaq, "dəhliz"də dayanmadan tərpənərək həm hücum, həm də müdafiə imkanlarını ən qısa müddətdə götür-qoy edərək qərar vermək bu növün vacib elementlərindəndir. Bir sözlə, sablyaçı olmaq üçün hərtərəfli hazırlıq mütləqdir. Bu isə çox çətin və yorucu prosesdir.

Bacıların böyük təcrübəsi...

Bacılar arasında zahiri fərqi tapmaq çətin olduğu kimi, nailiyyətləri arasında da fərq azdır. Sevil Bünyatova ilk beynəlxalq yarışına - yeniyetmələr və gənclər arasında Avstriyada keçirilən dünya birinciliyinə 15 yaşında çıxıb. Bundan sonra o, bir dəfə yeniyetmələr, 4 dəfə gənclər və 6 dəfə böyüklər arasında dünya çempionatı, bir dəfə yaşı 23-ə qədər olan idmançılar, 3 dəfə gənclər və 5 dəfə böyüklər arasında Avropa çempionatı, 14 dəfə Qran-Pri, 19 dəfə Dünya Kuboku, 2 dəfə gənclər, 2 dəfə komanda Dünya Kuboku, həmçinin üç peyk tipli yarışların iştirakçısıdır. Bir sözlə, təcrübə baxımından heç bir problem yoxdur. Bu turnirlərdə qazanılan nəticələrdən Rusiyanın Kazan şəhərində keçirilən yaşı 23-ə qədər olan sablyaçıların Avropa çempionatında qazanılan bürünc medalı qeyd etmək olar.
Sevinc isə böyüklər arasında 3 dünya, iki Avropa çempionatı, 20 Dünya Kuboku, iki komandaların dünya kuboku, üç peyk tipli yarış, gənclər arasında iki dünya və iki Avropa çempionatı, iki yaşı 23-ə qədər olan idmançıların Avropa çempionatı, 10 Qran-Pri və gənclər arasında bir Dünya Kubokunun iştirakçısıdır. O da bacısı kimi Kazandakı yaşı 23-ə qədər olan sablyaçıların Avropa çempionatındakı bürünc medalla öyünə bilər. İrili-xırdalı bütün turnirlərdəki (məsələn, Bakıda və İstanbulda keçirilən beynəlxalq turnirlər) çıxışları müqayisə etdikdə Sevil daha yaxşı nəticələrə malikdir. Üstəlik, bacılar arasında yeganə rəsmi qarşılaşmadan da qalib kimi məhz o ayrılıb. Avropa Oyunlarında da bu fərq göründü. Sevil gümüş, Sevinc isə bürünc medal qazandı. Ancaq bu haqda bir qədər sonra...

...oyunlarda medal gətirdi

Bakıda körpücük üzərinə çıxmazdan öncə bacıların fikri ortaq idi: "Həyəcanlıyıq. Çox istəyirik qalib gələk, yer tutaq. Çünki birinci dəfədir Azərbaycanda belə böyük yarış təşkil olunub. Qalib gəlsək, bir gündə həyatımız dəyişə bilər. Bu Oyunlar lotereya kimidir". Sözləri həqiqət idi. Xüsusilə Sevilin finalda cəmi bir zərbə ilə məğlub olması, məhz lotereyalardakı bəxt amilinə işarə idi. O, həlledici görüşə qədər rusiyalı Viktoriya Kovalyova (5:4), britaniyalı Aliya İtskovits (5:3), ukraynalı Oqa Jovnir (5:4), belçikalı Aleksandra Geverti (5:3) məğlub etmiş, yalnız rumıniyalı Byanka Paskuya yenilmişdi. Pley-off mərhələsində öncə polşalı Maqdalena Pasternak, sonra rus Mariya Ridel, daha sonra yunan Vuquka Vassiliki, yarımfinalda isə fransız Marqo Rifkis idmançımıza boyun əymişdi. Sevinc isə qrupda rəqiblərinin 5-ni də (türk Sabran İlgin, fransız Marion Ştolts, italyan Rebekka Qarqano, polyak Martina Vatora və ukraynalı Olqa Xarlan) yenərək pley-offa yüksəlmişdi. Burada ilk olaraq italyan Rebekka Qarqano, sonra ukraynalı Alina Komaşuk məğlub edildi. Ancaq yarımfinalda polşalı Angelika Vatoraya yenilgi ona yalnız bürünc medalla kifayətlənmək imkanı verdi. Bununla yanaşı, bacılar ölkəmizi həm də qadınlar arasında şpaqa növü üzrə komanda yarışında da təmsil etdilər. Kollektivimiz 5-ci pillə uğrunda mübarizədə Polşadan üstün oldu.

Portret

Azərbaycan qadını həmişə iki böyük sivilizasiya, iki böyük mədəniyyət, baxış bucağı - Şərqlə Qərbin, Asiya ilə Avropanın vəhdəti olub. Adət-ənənəyə sadiq, ancaq onun müasir dövrə, onun yeni qaydalarına uyğunlaşma bacarığı olan xanımlarımızla fəxr edə bilərik. Odur ki, sözlə də olsa, iki gözəl Azərbaycan qızının portretini çəkmək böyük zövqdür. Gülərüz, səmimi, bir qədər yorğun, ancaq xoşbəxtdirlər bu bacılar. İdmançı kimi Avropanın zirvəsinə yaxın bir yerdədirlər. Vətənləri üçün də əllərindən gələnin maksimumunu etdiklərindən, qürur hissi duya bilirlər. Sevil və Sevinc Bünyatovalar lazım olanda məsuliyyəti üzərlərinə götürə biləcək, bu işin öhdəsindən layiqincə gəlməyi bacaracaq əsl Azərbaycan qızlarının nümunəsidirlər. İki bacı, ikiqat güc, ikiqat Sevinc, ikiqat Sevil...

Maraqlıdır

Uşaqlıqdan maddi sıxıntılarla böyüyən Bünyatova bacıları artıq qazandıqları pulu xərcləməyi də planlaşdırıblar. Sevil Bünyatova qazanacağı mükafatı qızının gələcəyi üçün xərcləmək niyyətindədir: "Qızıma demişdim ki, əgər qalib olsam, pulları onun gələcəyi üçün xərcləyəcəyəm". Sevinc Bünyatova isə hələ fikrini dəqiqləşdirməyib. Onu indi qazandığı mükafatdan çox, toy hazırlıqları daha çox məşğul edir: "Hələ bu barədə fikirləşməmişəm. Amma sentyabrda toyumdur".

Əkizlik işə yarayır

Xarici görünüşcə bir-birinə bənzəyən bacılar oyunlar zamanı maraqlı anlar yaşadıqlarını deyirlər. Sevinc Bünyatovanın sözlərinə görə, onları bacısının üzündə xala görə fərqləndirə bilirlər: "Sevilin xalı var, onu göstəririk, o zaman tanıyırlar. Elə olur ki, bir idmançı gəlib mənə iki dəfə salam verir, iki dəfə öpür. Məktəb vaxtlarımızda da çox dəyişik salıblar bizi. Sevilin dərslərinə o zaman mən gedirdim. Müəllim də xəbərsiz olurdu. Amma idman həyatımızda dəyişiklik etməmişik. Mən qılıncı fərqli açıram, o fərqli".

Kaspi.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.