İdman

“Möhtəşəm bağlanış”

30 İyun 2015 18:33
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 28-də I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimi dünya mətbuatının da diqqət mərkəzində olub. Türkiyənin nüfuzlu "Ajansspor" xəbər portalında bağlanış mərasimi haqqında "Möhtəşəm bağlanış" başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi ilə keçirilən I Avropa Oyunları Milli Olimpiya Stadionunda keçirilən və 68 min tamaşaçının izlədiyi möhtəşəm bağlanış mərasimi ilə sona çatdı: "Bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tamaşaçıları salamlaması ilə başlayıb. Azərbaycanlı 12 müğənnin ifası ilə ölkə himninin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilərək Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldılıb".
Yazıda həmçinin bağlanış mərasimin digər detalları da təsvir olunub: "Tədbirdə "Sarı gəlin" musiqisinin sədaları altında 50 "arzu fənər"i havaya buraxılıb. "Clean Bandit" musiqi qrupu, həmçinin məşhur ifaçı Con Nyumen və DJ Qarez Emerinin çıxışları tamaşaçıları heyran edib. Bağlanış mərasiminin bədii rəhbəri amerikalı Ceyms Hedli idi. Mərasimdə Bolqarıstan prezidenti Rosen Plevneliyev, Rusiya Dövlət Dumasının sədri Serqey Narışkın və müxtəlif ölkələrin rəhbərləri, o cümlədən olimpiya komitələrinin sədrləri fəxri qonaq kimi iştirak ediblər".

Yazar sonda I Avropa Oyunlarının nəticələri haqqında da məlumat verib.

Qardaş ölkənin "Hüriyyət", "Millət", "Haberler" başda olmaqla bir çox nəşrləri də I Avropa Oyunlarının bağlanış mərasimi haqqında geniş reportajlar hazırlayıblar.

Rusiyanın nüfuzlu "Kommersant" qəzetində isə I Avropa Oyunlarının yekunları ilə bağlı "Rusiya və Azərbaycan ev sahibləri kimi çıxış etdilər" başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, I Avropa Oyunları uzun illər ərzində Azərbaycanın qürurla xatırlayacağı bir tədbir olacaq: "Azərbaycan bu Oyunlar zamanı bütün dünyaya öz gücünü nümayiş etdirə bildi. Ölkənin bu yarışlar zamanı əldə etdiyi uğurlar kifayət qədər cəlbedici və əhəmiyyətlidir. Sadəcə olaraq onu qeyd etmək lazımdır ki, bu Oyunların miqyası London Olimpiadası qədərdir. Həmçinin I Avropa Oyunları zamanı London Olimpiadasından fərqli olaraq daha az vəsait xərclənib. Üstəgəl ev yiyəsinə, bu Oyunlara hazırlaşmaq üçün London Olimpiadasından fərqli olaraq daha az, yəni 3 il vaxt verilmişdi".

Yazar qeyd edir ki, Azərbaycanın yarışlar zamanı əldə etdiyi uğurlara, açılış və bağlanış mərasimlərini, Oyunlardan sonra ölkə haqqında qalan təəssüratları, həmçinin Azərbaycan idmançılarının əldə etdiyi medalları da əlavə etmək olar: "Bütün çətin komponentlərə baxmayaraq, açılış mərasimi səhvsiz və problemsiz həyata keçirilib. Hər iki mərasim bir çox insan tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan bu oyunlar zamanı həm də idman sahəsində də parladı. Ölkə bununla Oyunlara görə təkcə infrastrukturun inkişaf etmədiyini sübut etdi".

Məqalənin sonunda vurğulanılır ki, I Avropa Oyunlarının nəticələrini təhlil edərkən biz görürük ki, Azərbaycan 2024-cü ildə Yay Olimpiadasını keçirmək üçün öz namizədliyini irəli sürəcək.

Rusiyanın "Mk.ru" xəbər portalında da I Avropa Oyunları haqqında məqalə dərc olunub.

Bildirilir ki, I Avropa Oyunları keçirilən müddətdə mənasız mövzular da gündəmə gəlib: "Bəziləri Bakının Avropa şəhəri olmadığını iddia edirdi. Daha dəqiq desək, bu fikirləri ilk dəfə almanlar gündəmə gətirdilər. Bəs siz bu yarışı Azərbaycana verərkən niyə bu haqda düşünməmisiniz? Əgər İsrail idman ölkəsi olaraq Avropa hesab olunursa, niyə bu Azərbaycana da aid edilməməlidir. Əgər I Avropa Oyunları Bakıda deyil, İrəvanda və yaxud Tbilisidə keçirilsəydi, təşkilatçı ölkə bu qədər uğurlu əldə edə bilərdimi? Nə ermənilər, nə də ki gürcülər Azərbaycan qədər medal qazana bilməzdi".

Rusiyanın nüfuzlu "Ria Novosti" informasiya agentliyi, həmçinin "Sports.ru" idman portalında da I Avropa Oyunlarının bağlanış mərasimi haqqında məqalələr dərc olunub.

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.