İdman

İlham Zəkiyev: "Belə bir oğulla fəxr edirəm dedi..."

29 İyun 2015 22:14
17 Şərh     Baxış: 3 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paralimpiyaçı, Qarabağ qazisi İlham Zəkiyevin publika.az-a müsahibəsi. 

- Sizi bir daha təbrik edirəm, inşallah, bu uğuru 2016-cı ildə Rio-de-Janeyro Paralimpiya Oyunlarında da təkrarlayarsız.
- Təşəkkür edirəm. İnşallah, Allahın köməyi ilə...
 
- Avropa Oyunlarında qazandığınız qızıl medala ilk toxunduğunuz zaman nə hiss etdiniz?
- Əsas odur ki, mən qızıl medalı qazandım, bunu bacardım. Bu qələbəni bizə bəxş edən Allaha həmd olsun. Cənab prezident İlham Əliyevin qızıl medalı mənim boynuma asmağı mənə xüsusi zövq verdi. Həmçinin 26 iyun Silahlı Qüvvələrimizinin yaranması günü münasibəti ilə ali baş komandanımızı təbrik etdim. Aprelin 26-da Atəşgahda cənab prezident Avropa Oyunlarının məşəlini alovlandıranda onunla söhbətimiz oldu. Prezidentə dedim ki, 26 iyun Silahlı Qüvvələr günü mən güləşəcəm. Orada söz verdim ki, ali baş komandanımıza medal hədiyyə edəcəm. Mən prezidentdən xahiş etdim ki, fəxri kürsüyə mənim yanıma çıxsın. O da sağ olsun, dəvətimi qəbul etdi, xahişimi yerə salmadı. Fəxri kürsüdə olarkən prezidentə dedim ki, "cənab ali baş komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi".
 
- Bir əsgərin verdiyi sözün üstündə dura bildiyini sübut etməsi, bu anı yaşaması necə bir hisdir? Mənim üçün çox maraqlıdır.
- Azərbaycan əsgəri həmişə verilən əmrləri layiqincə yerinə yetirir. Bu da böyük qürurdur.
 
- Səhv etmirəmsə, Azərbaycan idman tarixində ilk dəfədir ki, prezident İlham Əliyev idmançı ilə birlikdə fəxri kürsüyə qalxır...
- Azərbaycan idman tarixində ilk dəfə də olsa, biz çox ilklərə imza atmışıq. Amma qeyd edim ki, cənab prezidentin orada olmasının simvolik mənaları çox dərindir. Bizim prezidentimiz dünyada birincidir.
 
- Cənab prezident sizin final görüşünüzü xüsusi olaraq gözləyirdi...
- Bəli, hətta yarışın proqramında dəyişiklik də olundu. Elə oldu ki, cənab prezident mənim final görüşümə baxmağa gəldi. Sağ olsun, bu da idmana, bizə olan diqqət, qayğıdır. Cənab prezidenti fəxri kürsüyə dəvət edərkən vurğulamaq istəyirdim ki, biz bu yarışları keçirməkdə bir nömrəyik. Həm yarışların səviyyəsi, həm təşkilatçılıq... Bundan sonra bir idmançı kimi inanmıram ki, Avropa Oyunları bu səviyyədə keçə...
 
- Ailə üzvlərinizdən yarışınızı izləməyə gələnlər olmuşdu?
- Hamısı orda idi, qardaşım, anam, bacım, həyat yoldaşım, böyük oğlum, qızım orda idi. Sonbeşiyimiz Həmzə orada yox idi. Onun həmin gün doğum günü idi.
 
- O zaman qəhrəman atanın qızıl medalını onun üçün də hədiyyə hesab etmək olarmı?
- Elədir, onun üçün də qızıl medal böyük hədiyyə oldu. Düzdür, hələ çox balacadır, bəlkə də, bu hədiyyənin əhəmiyyəti onun üçün bir o qədər maraqlı deyil. Amma əminəm ki, illər sonra o, bunu çox yaxşı başa düşəcək.
 
- Maraqlıdır, böyük oğlunuz medalı əlinə götürəndə nə dedi?
- Siz inanırsız ki, mən hələ onlarla görüşə bilməmişəm. Dünən qələbədən sonra da heç onlarla görüşə bilmədim. Media ilə görüş oldu, sonradan dopinq testə getdim. Ailəm heç medalı görə bilmədi.
 
- Ananızla telefonla danışa bilmisizmi?
- Təbii ki, danışmışam. Sadəcə dedi ki, fəxr edirəm. Belə bir oğulla fəxr edirəm dedi. Allah bütün analara ancaq sevinc göz yaşları versin.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.