İdman

Baş hakimi itələyən qapıçı şoka düşdü: "Adam öldürməmişəm ki..."

26 May 2015 17:31
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şokdayam, AFFA-nın bu qərarını başa düşə bilmirəm. Axı mən orada nə etmişəm? Bu, mənə çatmır". Bunu apasport.az saytına "Simurq"un qapıçısı Amil Ağacanov deyib.
 
Topaz Premyer Liqasının XXXV turu çərçivəsində AZAL-la görüşün 21-ci dəqiqəsində hakimi təhqir edən və meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd edən Ağacanov AFFA İntizam Komitəsi tərəfindən 9 oyunluq cəzalandırılıb.
 
Qapıçı 17-ci dəqiqədə AZAL-ın vurduğu qolun qaydalar çərçivəsində olmadığını iddia edib: "Bu qərarı verənlərə onu demək istəyirəm ki, yaxşı, məni cəzalandırmısınız, olmayan qolu hesaba alan hakim necə, cəzalanacaqmı? Həmin epizodda topun qapı xəttini keçmədiyini hər kəs gördü. Hətta PFL-in kamerasında da bu, açıq-aydın görünür".
 
Hakimin ünvanına təhqiramiz ifadə işlətmədiyini bildirən Ağacanov bütün günahı yan xətt hakimində görür: "Bütün legionerlər getmişdi. Mən də çoxdan idi ki, qapıda dayanmırdım. Dörd aydı maaş almırıq, düşərgədə ab-hava yaxşı deyil. Bütün bunlar az imiş kimi, hakimin də yanlış qərar verməsi insanı istər-istəməz özündən çıxarar. Qol epizodunda gəlib yan xətt hakimini qucaqlayıb dedim ki, orada qol yox idi. Amma gördüm ki, qolu saydılar, keçdim qapıya. Söyüş söyməmişəm. Sadəcə, qışqırdım ki, nə oldu, hamısı bizim başımıza gəlir. Öz-özümə deyinirdim ki, korsan, bir az diqqətli ol da. Qoldan sonra yenidən mərkəzdən başladıq, qapımız qarşısında təhlükəli anlar da oldu. Mən, sadəcə, əsəbi şəkildə öz-özümə deyinirdim. 5 dəqiqə sonra birdən yan xətt hakimi nəsə dedi, Fariz Yusifov mənə yaxınlaşıb qırmızı vərəqə göstərdi. Gözlərimə inana bilmədim. Qırmızı vərəqədən sonra da hakimi yavaşca itələdim. Başqa heç nə olmayıb. İstəsəydim, elə həmin dəqiqə söyərdim də. Niyə 5 dəqiqə sonra söyüm? AZAL-ın stadionuna heç vaxt azarkeş gəlmir. Meydançada danışılanların hamısı videoda eşidilir. Baxın, görün, söyüş harda olub. Baş hakim Fariz Yusifov özü də dedi ki, Amil, sənin söyüş söydüyünü eşitməmişəm".
 
32 yaşlı qolkiper ona verilən 9 oyunluq cəza ilə barışmaq niyyətində deyil: "Azərbaycanda oynayan əcnəbilər o qədər söyüş söyürlər ki. Hakimlər bəs niyə onlara göz yumur? İndi hamısı mənim başımda partladı. Arxamızda adam yoxdu deyə belə edərlər? Mən adam öldürməmişəm ki, 9 oyunluq cəza verirlər. Apellyasiya Şikayəti edəcəm. "Simurq"la müqaviləm bitir və özümə yeni klub axtarıram. 9 oyunluq cəzası olan futbolçunu hansı komanda götürər?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.