İdman

Azad Rəhimov: "Avropa Oyunlarından sonra bütün dünya Azərbaycanı tanıyacaq"

25 May 2015 17:16
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda keçiriləcək ilk Avropa Oyunlarından sonra bütün dünya Azərbaycanı tanıyacaq". Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov "EurActiv" saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın idman infrastrukturunu yaxşılaşdırmaq və uzun müddət ərzində planlaşdırılan layihələrin reallaşdırılmasını sürətləndirmək üçün yaxşı imkandır: "Qarşıdan gələn ilk Avropa Oyunları azərbaycanlı gənclərin belə irimiqyaslı tədbirlərin keçirilməsi sahəsində təcrübə qazanması üçün yaxşı imkandır. 2 il yarım əvvəl belə tədbirləri təşkil etmək üçün baza anlayışlı 10 gənc tapmaq belə çox çətin idi. Hazırda bizim Avropa Oyunları Əməliyyat Komitəsində çalışan, təcrübə qazanan və dünyanın müxtəlif ölkələrində belə tədbirlərin keçirilməsində yardım edə biləcək minə yaxın gəncimiz var".

A.Rəhimov bildirib ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanı bütün dünyaya Avropa ölkəsi, müsəlman ölkəsi, eyni zamanda, dünyəvi dövlət, Şərqlə Qərb, müsəlman Şərqi ilə xristian Qərbi arasında körpü kimi tanıdacaq.

Bundan başqa, nazir qeyd edib ki, bu idman tədbiri dünyanın Azərbaycanın qədim tarixi, gözəlliyi, musiqisi, incəsənəti, milli mətbəxi, qonaqpərvərliyi ilə tanış olması üçün yaxşı fürsətdir: "Cəmi 23 il əvvəl müstəqillik əldə edən Azərbaycan üçün özünü Avropa ölkəsi kimi tanıtmaq çox vacib məsələdir. Bakının üstünlüyü ondan ibarətdir ki, biz artıq mövcud meydançalar üzərində diqqətimizi cəmləyə bildik. 2012-ci ildə "Eurovision" müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalı kimi çoxfunksiyalı arenaları istifadə edirik. İndi burada Avropa Oyunları çərçivəsində 5 idman növündə yarışlar keçiriləcək".

O bildirib ki, Bakıda yeni arenalar da tikilib. Ancaq son 2 ildə inşa edilən 3 böyük obyektin, məhz Olimpiya Stadionu, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi Avropa Oyunlarının keçirilmə ideyası yaranmamışdan öncə planlaşdırılmışdı: "Avropa Oyunları üçün tikilən obyektlər tədbir başa çatdıqdan sonra da aktiv şəkildə istifadə ediləcək. Bir müddət sonra yuxarıda adıçəkilən idman obyektlərinin inşası ilə əlaqədar bütün xərclər ödəniləcək. İlk Avropa Oyunlarının əməliyyat büdcəsi, yəni infrastruktur və tikinti xərclərini çıxmaq şərtilə, birbaşa tədbirin keçirilməsinə yönələn vəsait 960 milyon manat (820 milyon avro) təşkil edəcək".

A.Rəhimov deyib ki, Azərbaycan bu büdcəni keçməyəcək: "Avropa Oyunlarında iştirakları ilə əlaqədar xarici idmançıların xərclərinin Azərbaycan tərəfindən ödənilməsinə gəldikdə isə bu halda Olimpiya Oyunları modeli tətbiq edilir. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi idmançıların nəqliyyat, yerləşdirmə və qidalanma xərcləri də daxil olmaqla, bütün xərclərini ödəyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.