İdman

"Qrupdan biz çıxsaydıq, finala qədər gedərdik"

22 May 2015 23:42
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin apasport.az-a müsahibəsini təqdim edir.

- "Qarabağ" üçün mövsüm necə keçdi?
- Çətin marafon oldu. İlk yarıda çempionat oyunları ilə yanaşı, Avrokubokda da iştirak etmişdik. Həmin vaxt çox sıx qrafikdə oynadıq. Buna baxmayaraq, mövsüm başa çatmamış çempionluğu təmin etdik. Ardıcıl ikinci mövsümdü ki, çempion oluruq. Hansı liqada oynamağından asılı olmayaraq, bu, çox sevindiricidi. İki ildi çempion oluruqsa, deməli, güclü komandayıq. Təbii ki, bununla kifayətlənməməliyik, davamını gətirməliyik. Mövsümü əla əhval-ruhiyyədə tamamlamaq üçün ölkə kubokunun finalında da "Neftçi"ni məğlub etməliyik. Kubok oyunları fərqli olur. "Sumqayıt"la oyundan öncəki son iki matçda heç-heçə etdiyimiz üçün stress keçirirdik. Artıq rahat olmaq lazımdı. Kubokun finalına qədər yəqin ki, 2-3 gün istirahət edib beynimizi sakitləşdirərik.
 
- Bu mövsüm hər üç cəbhədə uğurlu çıxış etməyiniz nədən qaynaqlandı?
- Əlbəttə ki, bunun bir özəlliyi var. Baş məşqçinin gördüyü iş və komandanın birlik olması. Əsas odu ki, hamımız eyni düşüncədə olmuşuq. Artıq 3 ildən çoxdu burdayam. Xüsusən də, son iki ildə bir ailə kimi olduq. Komanda daxilində hamı bir-birinə hörmət edir, heç kimin digəri ilə sözü çəp gəlmir. Məncə, bu uğurlu çıxışın əsas səbəbi budu. Çünki hüzur olan yerdən müsbət mənada hər şey gözləmək olar. İnşallah, bu cür də davam edər.
 
- "Qarabağ"ın Azərbaycan çempionatı səviyyəsindən güclü olması fikri ilə razısınızmı?
- Son iki ilin çempionuyuq, Avrokubokda güclü komandalarla qarşılaşdıq. Məsələn, bizim Ukraynada məğlub etdiyimiz "Dnepr" hazırda Avropa Liqasının finalındadı. Mən bu cür düşünürəm. Göstərilən nəticələrə, keçilən məşqlərə görə digər komandalardan üstün görünə bilərik. Bir il çempion olub, sonra 4-5 il orta sıralarda getsəydik, hamı deyə bilərdi ki, təsadüfən qızıl medalı qazanmışıq. Amma ardıcıl iki çempionluğu, Avrokubokdakı o uğuru təsadüflə, bəxt amili ilə əlaqələndirmək olmaz. Bütün bunlar güclü komanda olduğumuzu göstərir. Digər tərəfdən Avropa Liqasında uğurlu çıxış edə bilməsəydik, hamı deyəcəkdi ki, "Qarabağ"ın gücü ancaq Azərbaycan komandalarına çatır. Amma biz orda da güclü komandalarla başabaş mübarizə apardıq.
 
- Ardıcıl iki çempionluqdan sonra hamı komandadan bu titulunu qorumağı gözləyəcək. Bu, sizin üçün çətin olmayacaq?
- Bu artıq bizim işimizdi. Yuxarılarda qalmaq çox çətindi. Bunun üçün təkcə rəqiblərlə mübarizə aparmamalısan, eyni zamanda təzyiqlərə tab gətirməlisən. Aşağı sıralarda olan komandalar üçün oynamağa nə var ki. Qələbə qazansa da, uduzsa da, onun üçün çox bir fərqi olmur. Amma biz heç-heçə edəndə belə, narahat oluruq. Bunu artıq vərdiş halına gətirmişik. Komandanın qələbə qazanmağa öyrəşməsi yaxşı haldı. Bunun da davamı üçün məşqlərdə məsuliyyətli olmalısan. Çünki məşqdə necə hazırlıq keçirsənsə, o cür də oynayırsan.
 
- Ötən mövsümlərlə müqayisədə cari mövsümün zəif keçdiyini demək olarmı?
- Şəxsən mənim fikrimcə, ötən mövsüm daha güclü keçdi. Bu mövsüm komandalar çox problem yaşadılar. Çox şükür, bizdə belə bir problem olmadı. Bəlkə də, buna görə ardıcıl iki il çempion olduq. Amma çox istəyirəm ki, güclü çempionat olsun, mövsümə neçə komanda ilə başladıqca, o sayla da bitirək. Məsələn, "İnter"lə oyunöncəsi aramızda 3 xallıq fərq olsaydı, bu qarşılaşma final xarakteri daşıyacaqdı. Gərginlik olacaqdı ki, bu da özü ilə ajiotaj gətirəcəkdi. Çempionatın belə keçməsi daha maraqlı olardı.
 
- Avropa Liqasında sizə qarşı edilən haqsızlıq "Dnepr"in qrupdan çıxmasına kömək oldu. Bu komanda yarımfinalda da hakimlərin yanlış qərarları sayəsində finala adladı. Sizcə, bu, təsadüfdü?
- İndi deyə bilmərəm ki, qrupdan biz çıxsaydıq, finala qədər gedərdik. Çünki "Dnepr" pley-offda güclü komandaları mübarizədən kənarlaşdırdı. Amma "Dnepr"in qrupdan bu şəkildə çıxmasına, "Napoli"ni belə qollarla məğlub etməsinə təsadüf deyə bilmərəm. Amma bunu bəxtlə də əlaqələndirmirəm. Bəxtin bir rəqibə qarşı oyunda gətirər. Amma onlar finala qədər, bəlkə də, Avropa Liqasının ən güclü komandalarını məğlub etdilər. "Olimpiakos", "Ayaks", "Brügge", "Napoli"ni keçmək asan iş deyil. Mən "Dnepr"in Avroliqadakı bütün oyunlarını izlədim. Çünki biz onları məğlub etmişdik. Və belə komandanın çıxışı məndə maraq oyadırdı. Səfər oyunlarını yüksək səviyyədə keçirməsələr də, evdə keçilməz idilər. Halbuki biz onları Ukraynada üstələmişdik. "Dnepr"in ən çox "Napoli" ilə cavab oyununu bəyəndim.
 
- Finalda "Dnepr"ə azarkeşlik edəcəksiniz?
- "Sevilya" çox güclü komandadı. "Dnepr" indiyə qədər heç bir ispan klubu ilə də qarşılaşmamışdı. Məncə, "Sevilya" favoritdi. Amma oyunun keçiriləcəyi yer də önəmlidi. Varşava Ukraynaya çox yaxındı və orda ukraynalı azarkeşlərin çoxluq təşkil etməsi istisna deyil. Bütün bunlar "Dnepr"in xeyrinədi. Şəxsən mən "Dnepr"ə azarkeşlik edəcəm. Çünki belədə bizim məğlub etdiyimiz komanda Avropa Liqasını qazanmış olur. Gələn mövsüm Çempionlar Liqasında iştirak edəcəyik. Bu amil bizə əlavə ruh yüksəkliyi verə bilər.
 
- "Qarabağ"ı gələn mövsüm Çempionlar Liqasının qrupunda görə bilərikmi?
- İnşallah. Niyə də olmasın. İndidən proqnoz vermək üçün çox tezdi. Çünki ötən mövsüm güclü rəqiblərlə qarşılaşmışdıq. Arzumuzun reallaşması üçün yaxşı hazırlaşmalıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.