İdman

Avropa Oyunlarının məşəli Mingəçevirdədir - FOTOSESSİYA

22 May 2015 21:38
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Mingəçevir şəhərində Bakı-2015 Avropa Oyunlarının məşəli alovlandırılıb.

Trend-in məlumatına görə, əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələrini tutan minlərlə şəhər sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəlini Mingəçevirə gətirən estafet iştirakçılarını qarşılayıb.

"Kür" Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan Bakı-2015 Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul edib. Sonra yürüşə start verilib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər Əliyev meydanına gəliblər.

Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.

Qarşılanma mərasimində çıxış edənlər vurğulayıblar ki, respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də idmana xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa Oyunları Bakı ilə yanaşı, Mingəçevir şəhərində də keçiriləcək. Mingəçevirdə bu yarışların təşkili üçün müasir infrastruktur yaradılıb. Təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan "Kür" Olimpiya Tədris Mərkəzi ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu şəhərdə yarışlar 3 gün keçiriləcək və 350 nəfər idmançı medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə, 12 baydarka (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışları (yalnız kişilər arasında) təşkil olunacaq. Son bir ildə şəhərdə görülən hazırlıq işləri əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.

Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirilib, atəşfəşanlıq olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.