İdman

Respublika Stadionu da I Avropa Oyunlarına hazırdır - FOTO

21 May 2015 18:58
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31200 tamaşaçı tutumu olan arenada 6 gün ərzində kamandan oxatma yarışları keçiriləcək

Tofiq Bəhrəmov adına Respublika Stadionu ən möhtəşəm idman tədbirlərinin keçirildiyi arenalardan biridir. Bu stadionun rəsmi açılış mərasimi 1951-ci ilin 16 oktyabrında keçirilib. Stadionun tikintisinə hələ 1939-cu ildə start verilsə də, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq, inşaat işləri yarımçıq qalıb. Burada tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra stadion idmançıların, həmçinin azarkeşlərinin ixtiyarına verilib. 

O zaman alman hərbi əsirləri tərəfindən tikilən stadion xüsusi memarlıq üslubu ilə də diqqət çəkib. Belə ki, arenaya yuxarıdan baxanda, kiril əlifbasındakı "S", indiki latın qrafikası ilə ifadə etsək "C" hərfini xatırladıb. Stadionun arxitekturası həmin vaxt xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayının ardından isə bu stadion Leninin adını daşıyıb. Ancaq sovetlər birliyinin dağılması, milli azadlıq hərəkatının geniş vüsət alması bir çox ünvanlarda, idman, mədəniyyət və sair obyektlərdə milli adlara üstünlük verilməsi ilə nəticələnib. Azərbaycanın tanınmış, görkəmli şəxslərinin adları bu ünvanlara verilməklə əbədiləşdirilib. Milli stadion da bu prosesdən kənarda qalmayıb. 1990-cı ildən stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşımağa başlayıb. Bu, həmin Tofiq Bəhramovdur ki, 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə obyektiv qərar verərək, Uembley stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olub və adı dünya futbol tarixinə qızıl hərflərlə yazılıb. Belə bir şəxsin adının əbədiləşdiyi milli stadion bu gün də dünyada hakimin şərəfinə alandırılan yeganə futbol arenasıdır.

Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadion uzun illər istismardan sonra 2012-ci ildə əsaslı təmir olunub, arenanın 85 min 700 kvadratmetr ərazisində ən müasir şəkildə yenidənqurma işləri aparılıb. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılıb, stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğunlaşdırılıb. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılıb. Stadionun ot örtüyü Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə yaradılıb. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulub. 

Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülüb, yeni müasir işıqlandırma sistemi ilə əvəz edilib. Stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılıb və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülüb. Tribunada hər biri 10 nəfərlik 16 "ailə baxış otağı" da inşa edilib. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub. Tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilib. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunub. Əlillərin tribunaya qalxmaları üçün isə burada xüsusi lift quraşdırılıb.

Stadionla tanış olarkən, I Avropa Oyunları zamanı bu idman obyektinin baş meneceri vəzifəsini yerinə yetirəcək Harb Corbet bildirdi ki, təmir-bərpa işləri çərçivəsində stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulub. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılıb. Bununla yanaşı, əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulub, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilib. Stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana da inşa edilib. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər də birləşdirilib. Eyni zamanda stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulub.

Baş menecerin bizə söylədiyinə görə, ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində Tofiq Bəhrəmov adına Respublika Stadionuna yenidən baxış keçirilib, bu idman obyektinin də digərləri kimi yarışlara hazır olub-olmaması yoxlanılıb. Yarışları qəbul etmək üçün bu arenada da hazırlıqlara xeyli müddətdir start verilib. O, bu həftə ərzində stadiondakı əlavə tikinti işlərinin başa çatdırılacağını, ardınca isə əlavə inventarların gətiriləcəyini vurğuladı. Dedi ki, bu stadionda əsasən kamandan oxatma yarışları keçiriləcək. 64 kişi və 64 qadın olmaqla, ümumilikdə 128 idmançı mübarizə aparacaq. Baş menecerin sözlərinə görə, yerli və beynəlxalq səviyyəli idmançılar burada öz güclərini, bacarıqlarını nümayiş etdirməklə, Rio-2016 Yay Olimpiya Oyunları üçün lisenziya qazanacaqlar.

Harb Corbet onu da bildirdi ki, stadionda artıq sınaq yarışları keçirilib. Mayın 17-dən başlayaraq yerli idmançılar burada kamandan oxatma üzrə məharətlərini göstəriblər. I Avropa Oyunları zamanı isə stadionda kamandan oxatma üzrə yarışlar iyun ayının 17-dən 22-ə kimi davam edəcək. Stadionun tamaşaçı tutumunun 31 mindən artıq olmasına rəğmən, həmin yarışlar müddətində kamandan ox atan idmançıları təxminən min nəfər tamaşaçı izləyəcək. Yarışların gedişində ümumilikdə 5 medal təltif etmə mərasimi olacaq.

Kaspi.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.