İdman

Velosiped idmanımızın qərib azərbaycanlısı - FOTO

27 Aprel 2015 20:38
0 Şərh     Baxış: 1 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samir Cəbrayılov həmyaşıdlarına "gücünüz bitənə qədər çalışın" deyir

Azərbaycan idmanında legionerlər çoxdur. Onların arasında başqa ölkələrdə yaşamış, ancaq qanı qanımızdan, canı canımızdan olanlar da az deyil. Onlar öz vətənlərinə xidmət etməyi özlərinə şərəf bilmiş şəxslərdir. Aralarında gənc və perspektivlilərin olması isə xüsusilə sevindirici məqamdır. Azərbaycan velosiped idmanının gələcək ulduzlarından biri - Samir Cəbrayılov da onlardandır. Ukraynada anadan olmuş, ancaq karyerasını Azərbaycan bayrağı altında davam etdirən "dəmir at" sürücüsü ilə söhbət edərək onu yaxından tanımaq qərarına gəldik.

- Samir, özün haqqında ilkin məlumatı öz dilindən eşitmək istərdik.

- Samir Cəbrayılov, 7 sentyabr 1994-cü ildə Ukraynanın Çerkassı şəhərində anadan olmuşam. Atam azərbaycanlıdır. Mehriban bir ailədə böyümüşəm. Velosipedi də mənə böyük qardaşım öyrədib. Onun yolu ilə getmişəm.

- O da peşəkar idmançıdır?

- Bəli, uzun müddət velosiped idmanı ilə məşğul olub. Əvvəl Ukraynanı təmsil edib, sonra - 23 yaşında isə italyan klubuna keçib.

- Azərbaycanı ailənə görə seçmişdin, yoxsa federasiyamızdan dəvət gəlmişdi?

- Dəvət vardı. Azərbaycanlı məşqçilərdən biri kömək etmişdi.

- Başqa seçimin vardı?

- Ukraynada perspektivim olmayacaqdı. O vaxt zəif idim, mənə inanmadılar, etibar etmədilər. Azərbaycan isə böyük şans yaratdı. Velosiped İdmanı Federasiyası mənə dəstək oldu, imkan verdi ki, gücümü ortaya qoyum. Buna görə onlara dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar.

- Ukraynada böyümüş biri idin. Özünü daha çox hansı ölkəyə yaxın hiss edirdin?

- Ukrayna coğrafi olaraq mənə yaxın olsa da, azərbaycanlıyam! Bu ölkəni sevirəm.

- Azərbaycan haqda əvvəl və sonrakı fikirlərin necə oldu?

- Əsas onu bilirdim ki, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. Öz gözlərimlə gördüm və buna bir daha əmin oldum. Ən vacibi də budur.

- Neçə yaşında velosiped üstündəsən?

- 12 yaşından.

- İndi 21 yaşın var. Bu müddətdə hansı uğurlara nail olmusan?

- Çox sayda yarışlarda iştirak etmişəm. Hələ gəncəm deyə əksər turnirlərdə finiş xəttini birinci keçməyim çətindir. 2012-ci ildə Azərbaycan Federasiya Kubokunu almış, 2013-cü ildə isə ölkə çempionu olmuşam. Beynəlxalq nəticələrimdən Malayziya yürüşünün mərhələlərindən birini qalibiyəm. Ötən il Çindəki yarışdakı beşinciliyimi də qeyd edə bilərəm.

- Daha çox hansı tərzdə sürürsən: trass yarışçısısan, yoxsa "dağ adamısan"?

- Özümə universal deyə bilərəm. Hər növdə gücümü sınamağa çalışıram.
İnkişafımı bir istiqamətə yönəltmək istəmirəm. Zəif tərəfim hündürlüyə qalxmadır. Belə yollarda o qədər güclü deyiləm. Ancaq çalışmalarımı davam etdirirəm ki, bu çətinliyi aradan qaldırım.

- Federasiya rəhbərliyi və özün öz qarşında hansı hədəfləri qoymusan?

- Rəhbərlik Avropa çempionatı, "Tur De Azerbaycan", Avropa Oyunları və Dünya çempionatında maksimum nəticə istəyirlər. Özüm isə U-23, yaşı 23-ə qədər olan velosipedçilərin Avropa birinciliyində qalib olmağı hədəf sayıram.

- Görünən odur ki, hədəflər çoxdur və bunun üçün yaxşıca çalışmaq gərəkdir...

- Bəli, razıyam.

- Səncə, bunlara nail olacaq gücdəsən?

- Hamı bu gücdə ola bilər. Əsas istəkdir ki, o da məndə var. Bu varsa, hər şey alınacaq.

- Maraqlıdır, yarışlara necə hazırlaşırsan? Hansısa xüsusi proqramın var, yoxsa ümumi qaydada çalışırsan?

- Hazırda biz Sloveniyadayıq və Miran Kavas kimi yaxşı məşqçi ilə çalışırıq. İnkişafımıza böyük təkan verir və hiss edirəm ki, onunla keçdiyim hazırlıq müsbət təsir edir. Nəticələrimiz artıma doğrudur.

- Bəs köklənmə?

- Mənim üçün yarışın heç bir fərqi yoxdur. Yalnız qələbəyə köklənirəm. Başqa hədəfim, istəyim olmur.

- Xüsusilə bir gənc üçün peşəkar olmaq çətindir. Çox şeydən imtina etmək lazım gəlir...

- Bəli, çətindir. Ancaq öncə nəticə qazanmaq gərəkdir. Qələbədən sonra hər şey olacaq. Heç bir şey asan əldə edilmir. Əziyyətin bəhrəsini görəndə ikiqat sevinc və zövq almaq olur.

- "Qələbədən sonra" dedin. Axı qələbə sayı bitmir. İkiqat, üçqat dünya çempionu olub, yenisi üçün də çalışmaq gərək olur...

- Razıyam ki, nəticənin sonu olmur. Ancaq ikiqat çempion olmaq üçün əvvəlcə bir dəfə çempion olmaq lazımdır. Sonrakı hədəflər isə sonra gələcək.

- Hansı hədəf daha vacibdir: dünyaca məşhur "Tur de Frans"ın qalibi olmaq, ya Olimpiya çempionluğunu qeyd etmək?

- İkisi də. Ancaq Olimpiya çempionluğu daha yaxşıdır. Hər bir idmançı bunu istəyər.

- Necə düşünürsən, Fransa turunda iştirak çox uzaq gələcəkdir?

- Çətin sual oldu. Nə cavab verəcəyimi bilmirəm.

- Velosiped idmanında kumirin varmı?

- Əlbəttə! Bu, belçikalı Filipp Jilbertdir. Çox məşhurdur və mənim üçün nümunədir.

- Onun görüşmək imkanın olub?

- Bəli, 2014-cü ildə İspaniyada keçirilən dünya çempionatından əvvəl. Belə velosipedçini görmək böyük sevinc idi. Çox yaxşı emosiyalar yaşadım. Bu adam çox güclüdür, əsl "motor"dur.

- Velosiped velosipedçi üçün...

- Hər şeydir. Şəxsən mənim üçün velosiped hər şeydir. Ona vurulmuşam, onsuz dura bilmirəm.

- Velosipedə görə yəqin başıma iş gəlməmiş olmaz...

- Hə, bir dəfə İtaliyada idik. Məşq zamanı yüksək sürətlə təpədən enirdim. İti döngədə eyni sürətlə bir maşın qabağıma çıxdı. Cəmi bir metr qalmış velosipedimi döndərə bildim, ancaq dərəyə - ağacların içinə yuvarlandım. Allaha şükürlər olsun ki, heç nə olmadı. Maşının altında da qala bilərdim. Yaxşı ki, hər şey yaxşı qurtardı.

- Çox olub belə şeylər?

- Bir-iki dəfə. Ancaq ən təhlükəlisi bu idi.

- Zədələrin olmamış olmaz...

- Bəli. Ciddi zədəm vardı: "Beyker şişi" adlanır. Çox təhlükəli idi. Həkim deyirdi ki, velosiped idmanı ilə vidalaşa bilərsən! Ancaq mən bu diaqnoza əhəmiyyət vermədim. Bakıya gələn kimi bu şiş öz-özünə çəkildi-getdi. Allah mənə kömək oldu.

- Belə bir söz var: böyük idman zədələyir, kiçik idman sağaldır. Yəni peşəkarlar daima əlil qalmaq, böyük zədələr almaq təhlükəsiylə üz-üzədirlər. Həqiqətən belədirmi?

- Böyük idman həqiqətən də çox təhlükəlidir. Ancaq bu, bizim qarşımızı almamalıdır. Sən idmanı olduğu kimi sevməlisən. Sevirsənsə, heç bir təhlükə, heç bir zədə sənə maneə olmamalıdır.

- Məşqlərdə çox çətin olur?

- Dağ yollarında. Belədə isə normaldır hər şey. Məşqçinin planından asılı olaraq müxtəlif çalışmalar edirik. Gündə azı 2-3 saat çəkir. Bəzən isə 5, hətta 6 saat da məşq etdiyimiz günlər olur.

- Bezdirici gəlmir?

- Bəzən çox yoruluram, amma bu, normal haldır. İndiki kimi yaxşı planımız varsa, ağırlıq hiss etməyəcəksən, bezdirici də olmayacaq. Əksinə, daha çox sürmək istəyəcəksən. Bu, ümumiyyətlə velosiped idmanını necə sevməyindən asılı bir şeydir.

- Sevimli "dəmir at"ın varmı?

- Hə, "S-Works specialized". Bir çox peşəkarlar onu sürürlər. Ona görə də ondan xoşum gəlir.

- Oxumaqla aran necədir?

- Məktəbdə orta səviyyədə oxumuşam. Velosipedə çox vaxt ayırdığımdan ikisini də çatdırmırdım. Avtoyol Liseyini bitirmişəm. Təhsilimi mütləq davam etdirəcəyəm. Bu, mənim üçün çox vacibdir. Planımda İdman İnstitutuna daxil olmaq var.

- Boş vaxtlarını necə keçirirsən?

- Daha çox dincəlməyə üstünlük verirəm. Yerimdə uzanıb musiqiyə qulaq asıram bu yolla bərpa olunuram. Kinolara baxıram, təmiz hava almaq üçün küçəyə çıxır, gəzişirəm. Bəzən komanda ilə birlikdə qəhvə içməyə gedir, söhbətlər edirik.

- Azərbaycan dilini öyrənə bilirsən?

- Çalışıram, ancaq çətindir. Uşaqlıqda, üç yaşım olanda Bakıda olmuşam. Nənəm deyir ki, o vaxt sərbəst danışırdım. Bir müddətdən sonra bu boşluğu aradan qaldıracağam.

- Özün kimi gənc nəsilə deyəcək bir sözün varmı?

- Gücünüz bitənə qədər çalışın. Dayanmayın, daima özünüzü inkişaf etdirmək yollarını axtarın. Çünki biz insanıq. İnsanların nəyə qadir olduğunu isə hələ də bilmirik.

***

Portreti

Samir gənc olsa da, peşəkar ruhu indidən mənimsəmiş, özünü sevimli idmanına tam həsr etmiş biridir. Azərbaycan çılğınlığı və Ukrayna soyuqqanlılığının sintezi olan Cəbrayılov, universal yol döyüşçüsüdür. Məqsədyönlü, çalışqan, nə istədiyini bilən və bu istiqamətdə yüksək sürətlə irəliləyən biridir.

***
50 yarış, 19 min kilometr

Samir Cəbrayılov cəmi 4 il peşəkar karyeraya malik olmasına baxmayaraq, 50-dən çox beynəlxalq yarışda iştirak edib. Bu turnirlərdə 19 min kilometrə yaxın velosiped sürən idmançımız hazırda "Synergy Baku Cycling Project" klubunun şərəfini qoruyur. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəyi gözlənilən gənc velosipedçi yaşı 23-ə qədər olan həmkarları arasında perspektivi böyük olanlardan biri hesab edilir.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.